Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi - ŞƏRH

Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi - ŞƏRH Keçirilən görüşlər beynəlxalq münaqişələrin həllində Rusiyanın düyün nöqtəsi olduğunu bir daha təsdiqlədi
Analitika
4 May , 2017 15:06
Vladimir Putinin 3 görüşü: müzakirə olunmayan Dağlıq Qarabağ münaqişəsi - ŞƏRH

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycanın şimal qonşusu Rusiyanın Prezidenti Vladimir Putinin son üç gündə keçirdiyi görüşlər, apardığı danışıqlar bölgə və dünyanın təhlükəsizliyi baxımından vacib sayıla bilər.

Bunlardan birincisi ABŞ Prezidenti Donald Trampla telefon danışığıdır. Rusiya tərəfi bir aya yaxındır bunu intizarla gözləyirdi. Ölkə mediasında Trampla Putinin təmasına dair müxtəlif səpkili xəbərlər yayılırdı.

Nəhayət, prezidentlərin telefon danışığı baş tutdu. Tərəflər Suriyada terrorçuluqla mübarizədə Rusiya və ABŞ-ın fəaliyyətinin əlaqələndirilməsinin perspektivlərini, Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər. Dövlət başçıları telefon əlaqəsini saxlamağı davam etdirmək barədə razılığa gəliblər. Onlar “Böyük-20”liyin (“G20”) bu il iyulun 7-8-də Hamburqda keçiriləcək sammiti çərçivəsində görüşmək fikrində olduqlarını ifadə ediblər.

Trampla telefon danışığından bir gün sonra Rusiya prezidenti Vladimir Putin Soçidə Almaniya kansleri Angel Merkeli qəbul edib. Tərəflər ikitərəfli münasibətlər, Ukraynanın şərqindəki vəziyyət, “G20”nin sammiti, Suriyadakı böhran, habelə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. 

Görüş almaniyalı siyasətçi üçün şəxsi mənada az əhəmiyyət kəsb etmirdi. Bu il sentyabrın 24-də Almaniyada parlament seçkiləri keçiriləcək. Heç şübhəsiz Angela Merkel yenidən kansler olmqa istəyir. Son zamanlar Rusiyanın ABŞ-da keçirilən seçkilərə təsiri ilə bağlı ehtimalları nəzərə alsaq, Merkelin Putinlə söhbət zamanı eyhamla parlament seçkisinə toxunduğu da istsna olunmur. 

Qeyd edək ki, Merkel hökumət başçısı olduğu müddətdə 16 dəfə Rusiyada səfərdə olub. O, sonuncu dəfə 2015-ci il mayın 10-da Rusiyaya səfər edib. Kansler mayın 9-da Moskvada qələbənin 70 illiyi ilə bağlı keçirilən tədbirlərdə iştirakdan imtina edib.

Azərbaycan üçün daha çox maraq kəsb edən isə Vladimir Putinin Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul etməsidir. Prezidentlər arasındakı görüşdə ikitərəfli əlaqələrin inkişafı, genişləndirilməsi, Suriya böhranı, regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Tərəflər iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq istəyirlər. Ərdoğan görüşdən əvvəl bildirib ki, Rusiya ilə münasibətlərin tam normallaşması üçün qarşı tərəfin Türkiyəyə qarşı bütün ticarət sanksiyalarını ləğv etməsi zəruridir: “100 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq istəyiriksə, bütün bu məhdudiyyətləri dərhal və tamamilə aradan qaldırmaq lazımdır”.

Putin görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, əvvəllər tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb: “İstənilən məhdudiyyət iqtisadiyyatı dağıdır. Nəticədə istehsalımız ziyan çəkir”.

Hələlik Rusiya tərəfi Türkiyədən tədarük edilən dondurulmuş ətə, quş məhsullarına, hind toyuğu ətinə, tomat, xiyar, təzə üzüm, alma, armud və çiyələyə tətbiq edilən məhdudiyyət aradan qaldırmayıb.

Beləliklə, bu görüşlərin ortaq mövzuları Suriyadakı vəziyyət və beynəlxalq təhlükəsizliyi olub. ABŞ və Almaniya Rusiyaya qarşı müharibə aparmaq niyyətindən çox uzaq olduqlarından Kremllə məsələləri danışıqlar yolu ilə həll etməyin daha düzgün yol olduğunu düşünürlər. Düzdür, Rusiya keçmiş SSRİ gücündə və nüfuzunda deyil. Çünki o vaxtlar sovetlər dünyada təsir dairələrini genişləndirmək imkanına malik idi. Qərb isə onun nüfuz dairəsini genişləndirməyin qarşısını almağa çalışırdı. İndi isə Rusiya özü Qərbin təsiri altına düşməmək uğrunda mübarizə aparır, bu istiqamətdə öz təhlükəsizliyini və ərazi bütövlüyünü qorumağa çalışır. Rusiyadan kənarda baş verən hadisələrdə iştirakı da daha çox bu məqsədə xidmət edir. ABŞ və Almaniya liderlərinin Moskva ilə danışıqlar aparmasında məqsəd həm də onu beynəlxalq münaqişələrin həllində tərəfdaş edərək neytrallaşdırmaqdır.

Avropa İttifaqının aparıcı üzvü olduğundan Almaniya Rusiya ilə əməkdaşlığı da önə çəkir. Böyük Britaniya ittifaqdan çıxdıqdan sonra Rusiya ilə əməkdaşlığı genişləndirmə xəttini tuta bilər. Heç şübhəsiz, Almaniya ehtimal olunan belə bir oyunda ingilislərə uduzmaq istəmir.

Son zamanlar Türkiyənin Avropa İttifaqı və ABŞ-ın müəyyən dairələri ilə münasibətlərində soyuqluq yaranıb. Rəsmi Ankara ilə Moskvanın mövqelərində üst-üstə düşən məqam az deyil. Bununla belə, Türkiyə və Rusiya Qərbdən gələn təhlükəni önləmək üçün geniş sahədə, hətta hərbi-texniki planda əməkdaşlığı genişləndirmək istəyirlər.

Bu görüşlərdən Azərbaycan tərəfinin də gözləntiləri vardı. ABŞ və Rusiya Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həllində beynəlxalq vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir (üçüncüsü Fransadır). Almaniyanın ən yaxın müttəfiqi Avstriya ATƏT-in fəaliyyətdə olan sədridir.

Bundan başqa, Almaniya həm də Avropa İttifaqının aparıcı üzvüdür. Türkiyə isə hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə edir. 

Odur ki, bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərin söyləniləcəyi az da olsa ehtimal edilirdi. Ancaq təəssüf ki, beynəlxalq vasitəçi rolunda çıxış edən dövlətlər bu məsələyə heç eyham da vurmadılar.

Keçirilən görüşlər beynəlxalq münaqişələrin həllində Rusiyanın düyün nöqtəsi olduğunu bir daha təsdiqlədi. Ancaq bu, hələ digər qüvvələrin Dağlıq Qarabağ münaqişəsinin həllinə ürək yandırdıqları da demək deyil. 

Son xəbərlər

Orphus sistemi