Vasitəçilərin əməyini zay edən İrəvan - bölgədə açılan atəş, “humanitar qaçaqmalçılıq” - ŞƏRH

Vasitəçilərin əməyini zay edən İrəvan - bölgədə açılan atəş, “humanitar qaçaqmalçılıq” - ŞƏRH Bütün müharibə və münaqişələrə ara verildikdə danışıqlar davam edir. Odur ki, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması prosesinin danışıqlardan keçdiyi aksiomdur. Son illər, xüsusən 44 günlük müharibədən sonra iki ölkə arasındakı danışıq
Analitika
13 İyul , 2023 16:21
Vasitəçilərin əməyini zay edən İrəvan - bölgədə açılan atəş, “humanitar qaçaqmalçılıq” - ŞƏRH

Bütün müharibə və münaqişələrə ara verildikdə danışıqlar davam edir. Odur ki, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması prosesinin danışıqlardan keçdiyi aksiomdur. Son illər, xüsusən, 44 günlük müharibədən sonra iki ölkə arasındakı danışıqlar intesviləşməklə yanaşı, daha da konkretləşib. Ən əsas amillərdən biri rəsmi Bakı və İrəvan arasında ikitərəfli görüşlərin keçirilməsidir.

Azərbaycan regionda təhlükəsizlik və əməkdaşlıq üçün başlıca şərtlərdən biri kimi iki ölkə arasında sülh müqaviləsinin bağlanmasını görür və görüşlərdə bunu dəfələrlə vurğulayır. Azərbaycan tərəfi bu istiqamətdə qarşı tərəfə və beynəlxalq ictimaiyyətə 5 maddəlik təkliflər paketi təqdim edib.

Bu gün Prezident İlham Əliyevlə ABŞ-nin dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Dövlət başçısı Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb.

İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev A.Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edərək yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan da bu barədə açıqlama verərək, görüşdə iştirak edəcəyini təsdiqləyib.

Prezident telefon danışığı zamanı Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilən silahlı təxribat və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini ABŞ dövlət katibinin diqqətinə çatdırıb.

A.Blinken rəsmi Vaşinqtonun Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib.

Yeri gəlmişkən, bu il mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olub. Həmçinin, 2023-cü il iyunun 27-29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.

Heç şübhəsiz, normallaşma və sülh müqaviləsinin imzalanması sərhədlərin delimitasiya və demarkasiyasından, müəyyənləşməsindən sonra mümkündür.

İyulun 12-də Azərbaycan və Ermənistan arasında sərhədyanı bölgədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və ermənistanlı Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın dördüncü görüşü olub.

Tərəflər Azərbaycan və Ermənistan liderləri səviyyəsində müxtəlif formatlarda əldə edilmiş razılaşmaları nəzərə alaraq delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

Bütün bu danışıqlar, görüşlər müsbət qarşılanır. Ermənistan tərəfi də xoşməramlı açıqlamalar verir. Ancaq sərhədyanı bölgədə və Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan Ordusunun mövqelərinə atəş açması davam edir. Yaxud Azərbaycan ərazisindəki bu qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordunun mövqeləri qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstərirlər.

İyulun 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

Şahin Mustafayevlə Mher Qriqoryan arasında görüş olan gündə belə Ermənistan tərəfdən atəş açılıb.

Bu, Ermənistan hakimiyyətinin normallaşma və sülh prosesinə qarşı təxribatı da sayıla bilər. Rəsmi İrəvan sözdə bu prosesi alqışlasa da, əməldə bunun əksini edir. Ermənistan ərazisində yerləşən Avropa İttifaqı mülki müşahidə missiyası da erməni silahlılarının sərhədyanı bölgədə törətdiyi pozuntulara göz yumur.

Bununla belə, rəsmi Bakı, beynəlxalq vasitəçi statusunda çıxış edənlər İrəvanla görüşlərdən imtina etmir. Qırmızı Xaçın yardımı ilə qaçaqmalçılıq, sülhməramlıların müşayiəti ilə Qarabağda olan erməni terrorçularına hərbi texnikanın daşınması, sərhədyanı bölgədə atəşin açılması, bölgədə Ermənistan hərbçilərinin qalması və qanunsuz silahlı dəstələrin fəaliyyəti, rəsmi İrəvanın fəaliyyətində ikiüzlülük, revanşist qüvvələrin və müxalifətin fəaliyyəti sərhədlərin müəyyənləşməsinə, normallaşma prosesinə və sülh müqaviləsinin imzalanmasına maneədir. Yaranmış vəziyyət isə beynəlxalq vasitəçi rolunda çıxış edənlərin bu istiqamətdə səylərinə zərbə vurur.

Son xəbərlər

Orphus sistemi