“Vaqner” qiyamı: Ukrayna müharibəsinin taleyi Rostovda həll oluna bilər - ŞƏRH

“Vaqner” qiyamı: Ukrayna müharibəsinin taleyi Rostovda həll oluna bilər - ŞƏRH Rusiyada ehtimal olunan hadisə baş verdi. Bir çox təhlilçilər gec-tez bu ölkədə generalların üsyan, qiyam edəcəyini deyirdilər. Çünki Ukraynadakı müharibədən daha çox əziyyət çəkən məhz hərbçilərdir.
Analitika
24 İyun , 2023 16:51
“Vaqner” qiyamı: Ukrayna müharibəsinin taleyi Rostovda həll oluna bilər - ŞƏRH

Rusiyada ehtimal olunan hadisə baş verdi. Bir çox təhlilçilər gec-tez bu ölkədə generalların üsyan, qiyam edəcəyini deyirdilər. Çünki Ukraynadakı müharibədən daha çox əziyyət çəkən məhz hərbçilərdir.

“Vaqner” Xüsusi Hərbi Şirkəti döyüş qabiliyyəti və üzləşdiyi problemlərlə Rusiya hərbçilərinin güzgüsünə çevrilib. Son zamanlar bu muzdlu qruplaşma ilə Rusiyanın rəsmi hərbi qurumları və rəhbərliyi arasında narazılıq artırdı.

Şirkətin rəhbəri Yevgeni Priqojinin çıxışları da bunu təsdiqləyir. O, hələ ötən həftə “Vaqner”çilərin Ukraynadakı mövqelərini Rusiya hərbçilərinin bombalayacağını və nəticədə onların “fərari” adlandırılacağını bildirmişdi.

Y.Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyini onları silah-sursat və hərbi texnika ilə təchiz etməməkdə günahlandırırdı. O, bu açıqlamasından bir neçə gün sonra bildirmişdi ki, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Baş Qərargahın rəisi, ordu generalı Valeri Gerasimov ölkə Prezidenti Vladimir Putinə Ukraynadakı döyüşlərlə bağlı yalan informasiya verir.

Rusiya Müdafiə Nazirliyi bu yaxınlarda Ukraynada döyüşlərə cəlb olunan könüllü birləşmələrlə müqavilə imzalamaq barədə qərar qəbul edib. Sənədə əsasən, Rusiyanın bütün könüllü dəstələri iyulun 1-dək nazirliklə müqavilə imzalamalıdır. Y.Priqojin bunun ardınca “Vaqner”çilərin Ukraynada döyüşməsinə, vətənpərvərlik nümayiş etdirməsinə heç kimin mane ola bilməyəcəyini, onun əməkdaşlarının müqaviləni imzalamayacaqlarını açıqlamışdı.

Şirkət rəhbərinin əvvəllər də hərbi rəhbərliyə qarşı ittihamlarla dolu çoxsaylı çıxışları da olub.

Ötən gün Y.Priqojin Rusiya qoşunlarının “Vaqner”in düşərgələrinə raket zərbələri endirdiyini bildirərək hadisədə Müdafiə Nazirliyinin rəhbərliyini ittiham edib. O, bu hücum nəticəsində çoxlu sayda döyüşçülərinin öldüyü barədə açıqlama yayıb.

Bütün bunların fonunda Y.Priqojin və döyüşçüləri Ukraynanı tərk edərək iyunun 19-dan 20-nə keçən gecə Rostov-Don şəhərini mühasirəyə alaraq inzibati binaların çoxuna nəzarəti ələ keçirib.

Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində hadisəni “xəyanət” adlandıraraq, hakimiyyətin parçalanmasına imkan verməyəcəklərini vurğulayıb. O, “Vaqner”çiləri kriminal fəaliyyətlərini dayandırmağa çağırıb, silahlı qiyama sürüklənənlərə ölümcül səhvə yol verməmək barədə xəbərdarlıq edib.

Rusiya Baş Prokurorluğu bəyan edib ki, Y.Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları “yalan məlumat” adlandırıb.

Nazirlik “Vaqner” döyüşçülərini silahı yerə qoymağa və təslim olmağa çağırıb.

“Priqojin qiyam”ı sıradan bir hadisə deyil. Ukraynada döyüşə görə 240000 rubl, yaxud 2900 dollara yaxın aylıq əmək haqqı alan “Vaqner”çilər bu hərəkətləri ilə müharibənin gedişinə, hətta nəticəsinə belə ciddi təsir göstərə bilərlər.

Y.Priqojin bu ilin aprelində müharibəni dayandırmağı təklif etmişdi. “Vaqner”in qurucusu bildirmişdi ki, ideal seçim xüsusi hərbi əməliyyatın bitdiyini elan etməkdir. O, V.Putinin əhatəsində hərbi əməliyyatları dayandırmağı təklif edən ilk şəxsdir: “Hakimiyyət və bütövlükdə cəmiyyət üçün bu gün xüsusi hərbi əməliyyata yağlı nöqtə qoymaq lazımdır. İdeal seçim xüsusi hərbi əməliyyatın başa çatdığını elan etmək, hər kəsə Rusiyanın planlaşdırdığı nəticələri əldə etdiyini və müəyyən mənada, onlara həqiqətən nail olduğumuzu bildirməkdir”.

Kremlin sözçüsü Dmitri Peskov müntəzəm olaraq bildirir ki, Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı əməliyyat Rusiya öz məqsədlərinə çatana qədər davam edəcək. “Priqojin qiyamı” Ukrayna ilə bağlı bir çox hadisələrə də təkan verə bilər. Bu, Rusiyada müharibəyə qarşı olan vətəndaş cəmiyyətinə dəstəyi gücləndirər. Bu, Rusiyada vətəndaş müharibəsi, itaətsizliyə, kütləvi etiraz aksiyasına, hakimiyyət dəyişikliyinə, yeni konstitusiyanın və bir neçə hadisənin yaranmasına qədər davam edə bilər.

Hadisənin qarşısı qısa müddətə alınmazsa, bunun Rusiya hakimiyyətinin gələcəyini şübhə altına salması da mümkündür.

Son xəbərlər

Orphus sistemi