Patriarx Kirillin Quba məzarlığını ziyarəti - mart qətliamının tanınması - ŞƏRH

Patriarx Kirillin Quba məzarlığını ziyarəti - mart qətliamının tanınması - ŞƏRH Onun Quba Soyqırımı Memorial Kompleksini ziyarət etməsi bunu deməyə əsas verir
Analitika
11 Fevral , 2019 13:47
Patriarx Kirillin Quba məzarlığını ziyarəti - mart qətliamının tanınması - ŞƏRH
0 : 00
0 : 00

Bakı. 11 fevral. REPORT.AZ/ Bu günlərdə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycanda səfərdə olub. Bu, onun ilk səfəri deyildi. Ancaq bu səfər bir məqamla da yadda qalıb. Patriarx Kirill fevralın 9-da 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında törətdikləri kütləvi qırğınlar nəticəsində həlak olmuş on minlərlə azərbaycanlının xatirəsinə ucaldılan Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Oradakı “Xatirə kitabına” ürək sözlərini yazıb: “Qətliam edilmiş günahsızların əbədi xatirəsinə. Qohumlarına, yaxınlarına və öz xalqının faciəsini yadda saxlayan yeni nəslə dərin hüznlə başsağlığı veririəm.

+Patriarx Kiril 9.02.2019”.

Xatırladaq ki, 1918-ci il martın 30-u ilə aprelin 3-ü tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və başqa ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin 1998-ci il martın 26-sı tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 5-də Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşdə deyib: “Bizi tarixi baxımdan bağlayan səbəblər çoxdur və bu gün - biz bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxladığımız bir vaxtda bu əməkdaşlıq, əlbəttə, bizim regionda, Qafqazda sülhün möhkəmlənməsi işində xüsusi əhəmiyyət kəsb edir. Buna görə də biz dövlətlərarası münasibətlərin bütün palitrasına nəzər salanda, əlbəttə, müsbət dinamika görürük. Bu baxımdan, Sizin bugünkü səfəriniz xüsusi rol oynayır”. Patriarxı Kirill isə görüşdə bildirib: “Sizi əmin etmək istəyirəm ki, Rus Pravoslav Kilsəsi tərəfindən mənim şəxsimdə, Rus Pravoslav Kilsəsinin iyerarxiyasının, o cümlədən Azərbaycandakı ruhanilərin şəxsində Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da inkişafına səmimi qəlbdən çalışan etibarlı tərəfdaşlarınız var". O vurğulayıb ki, Rusiyada dinlərarası gərginliyin olmaması həm də Azərbaycandan olan müsəlmanların mövqeyi ilə bağlıdır.

Tarixən Azərbaycanda Rusiya Pravoslav Kilsəsinə hörmətlə yanaşılıb. Moskvadakı Xilaskar İsa Kafedral Kilsə Məbədinin tikintisinə azərbaycanlı xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevin böyük məbləğdə ianə verməsi tarixi faktdır. Bu kilsə yenidənqurma və bərpa işləri aparıldıqdan sonra 2018-ci ilin fevralında dindarların ixtiyarına verilib. Başqa bir nümunə də Bakı Müqəddəs Mürdaşıyan Zənənlər Kilsəsinin 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilməsidir. Kilsənin açılışına o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov da qatılıbmış. İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində olub, onların mənəvi ehtiyaclarını ödəyib. Hazırda kilsədə pravoslav məzhəbinə etiqad edən dindarların ehtiyaclarının ödənilməsindən ötrü dörd keşiş və üç dyakon fəaliyyət göstərir. Kilsənin baş keşişi protoierey Leonid Miltıxdır. 

Əslində, Rusiyada din dövlətdən ayrı olsa da, ancaq dövlətin maraqlarının təmin olunmasında kilsə həmişə sözünü deyir. Bunu Rusiya-Ukrayna münasibətləri ilə bağlı məsələlərdə daha aydın görmək olar. Odur ki, Patriarx Kirillin Bakıya və Qubaya səfəri Rusiyanın maraqları baxımından dəyərləndirilə bilər. Çünki bu kilsə özünü dağılmış Bizans imperiyasının varisi sayır. Rusiya dövlətinin qurulmasında, onun imperiyayadək böyüməsində Ümumrusiya Pravoslav Kilsəsinin danılmaz rolu olub. Keçmiş SSRİ ateizm adı altında bütün dinlərə qarşı çıxış etmiş, yaxud dinləri hakimiyyətin nəzarəti altında saxlamışdı. Təbii ki, Rusiya Pravoslav Kilsəsi də bu repressiyadan ziyan gördü. Rusiya müstəqil dövlət olandan sonra kilsə də dirçəlməyə başladı. Moskvanın və bütün Rusiyanın Patriarxı beynəlxalq aləmdə baş verənlərə həmişə münasibət bildirib. Bu baxımdan, onun Qubadakı soyqırım kompleksini ziyarət etməsi, hadisəni qətliam adlandırması, dolayı da olsa, Rusiyanın Azərbaycana yönəlik xarici siyasətinin tərkib hissəsidir. Yeri gəlmişkən, Kirill 2010-cu ildə Yerevanda səfərdə olub. Həmin vaxtdan 9 il ötüb. Ermənistanda Moskvanın qatı tərəfdarları hakimiyyətdən salınıb. Yeni siyasi qüvvə isə Rusiyaya münasibətdə birmənalı davranmır. Rusiya onların davranışı və fəaliyyətindən narahatdır. Kremlin Ermənistanda hakimiyyətə gələn yeni qüvvələrə bir sıra sahələrdə təzyiqlər etdiyi açıq-aydın görünür. Patriarx Kirillin simasında mart soyqırımı abidəsini ziyarəti də bu qəbildən saymaq olar. Bundan başqa, Ukrayna Pravoslav Kilsəsinin Rusiyadan ayrılmasından da Moskva nəticə çıxarmamış deyil. Məzhəblərarası bəzi ayrılığa baxmayaraq, Ermənistandakı Eçmiadzin kilsəsi illər uzunudur Rusiya Pravoslav Kilsəsi ilə daim əməkdaşlıq edib. 

Nəhayət, Ermənistanın Baş naziri Nikol Paşinyanla bu kilsə arasında əvvəllər bir sıra narazılıq yaranmışdı. Son zamanlar onların münasibətində yaxınlaşma hiss edilir. Odur ki, perspektivdə Eçmiadzinin də Ukrayna Pravoslav Kilsəsi kimi Moskvadan uzaqlaşmaması üçün Rusiyadakı kilsə indidən təsir imkanlarını artırır. Başqa sözlə Azərbaycana səfər etməklə Ermənistana mesajlar verilir. Düzdür, Rusiya Dövlət Duması 1995-ci il aprelin 14-də ermənilərin 1915-ci il aprelin 24-ü ilə bağlı iddiasını “24 aprel soyqırım qurbanları günü” olaraq elan edib. Ancaq həmin tarixdən 24 ilə yaxın bir müddət keçib. Aradan sular axıb. Belə ehtimal etmək olar ki, Rusiya Patriarxı Kirillin 31 mart soyqırımı qurbanlarının abidəsini ziyarətlə “tanıdığı aprelin 24”ü arasında tarazlıq yaratmaq istəyir. Fikrimizcə, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri kimi Rusiya Patriarx Kirillin məzarlığı ziyarəti ilə daha çox etimad qazanmağa çalışır. Bütün hallarda bəhs etdiyimiz hadisə Ümumrusiya Pravoslav Kilsəsinin 31 mart qətliamını tanımasıdır. 

Son xəbərlər

Orphus sistemi