Türkiyədə seçkilər - hakimiyyət və müxalifət yeniləndi - ŞƏRH

Türkiyədə seçkilər - hakimiyyət və müxalifət yeniləndi - ŞƏRH Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyədə konstitusiyaya edilən əlavə və dəyişikliklərdən sonra ilk dəfə olaraq parlament və prezident seçkiləri keçirilib. Yeni konstitusiyaya əsasən, ölkə parlamentli respublikadan prezident idarə üsuluna keçib.
Analitika
25 İyun , 2018 17:22
Türkiyədə seçkilər - hakimiyyət və müxalifət yeniləndi - ŞƏRH
Burhan Ozbilici / AP Photo
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyədə konstitusiyaya edilən əlavə və dəyişikliklərdən sonra ilk dəfə olaraq parlament və prezident seçkiləri keçirilib. Yeni konstitusiyaya əsasən, ölkə parlamentli respublikadan prezident idarə üsuluna keçib.

Yeri gəlmişkən, 1980-ci ilin sentyabrın 12-dəki çevrilişdən başlayan, 2016-cı il iyulun 15-dəki cəhdə qədər olan dövrdə idarəetmədəki ziddiyyətlərin yeni konstitusiya islahatını zəruri etdiyi bildirilirdi. 2014-cü ildə dövlət başçısını Türkiyədə ilk dəfə xalqın seçməsi ilə sistemdəki böhran dərinləşmişdi, səlahiyyət və məsuliyyət məsələsində ziddiyyətlər ortaya çıxmışdı.

Odur ki, Türkiyə Konstitusiyasının 18 maddəsinə əlavə və dəyişikliklər edildi. Əsas yenilik isə bundan sonra icra səlahiyyətlərinin yalnız prezidentə aid olmasıdır. Ölkədə baş nazir vəzifəsi ləğv olunub, prezidentin bir çox səlahiyyəti artırılıb, ona partiya üzvü olmaq hüququ verilib. Eyni zamanda prezident həm dövlət, həm də hökumət başçısı olacaq.

Seçkilərdən sonra Türkiyədə hökumət üzvlərinin sayının 21-dən 14-dək ixtisar ediləcəyi gözlənilir. Bəzi nazirliklər birləşdiriləcək, bəzilər isə ləğv ediləcək. Baş nazirin 5 müavini avtomatik olaraq, ixtisara düşəcək. Vitse-prezidentlərin sayı 2 və daha çox ola bilər.

Bütün bunlar bir müddət sonra tam dəqiqləşəcək.

Türkiyədə növbəti prezident və parlament seçkiləri 2019-cu ilin noyabrında keçirilməli idi. Ancaq hakimiyyət və müxalifət iyunun 24-də növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini razılaşdırdı. 

Sonuncu parlamentin 550 üzvü var idi. Parlament üzvlərinin səlahiyyət müddəti 4 ildir. Yeni konstitusiyaya görə, parlamentdə deputatların sayı 600-dür. Millət vəkili seçilmək üçün yaş həddi 25-dən 18-ə endirilib.

Bundan sonra Türkiyədə parlament və prezident seçkiləri 5 ildən bir eyni gündə keçiriləcək. Parlamentin səlahiyyətləri, əsasən, qanunvericilik işi ilə məhdudlaşır. Dövlət başçısının parlamenti buraxmaq, parlamentin isə prezidenti istefaya göndərmək səlahiyyəti var. Konstitusiya dəyişikliyi məhkəmə sistemində bəzi yenilikləri də nəzərdə tutur. Hərbi məhkəmələrin ləğvi də bu sıradadır.

Qanunvericilik və icra anlayışları bir-birindən ayrılıb. Prezidentin hüquqi toxunulmazlığı sona çatıb. Yalnız vətənə xəyanət deyil, hər cür qeyri-qanuni hərəkəti cinayət və siyasi məsuliyyət sayılır. Qanunvericilik və icra nəzərəçarpan şəkildə bir-birindən ayrıldığından Türkiyə vətəndaşları iki fərqli seçkidə bir səs verərək icraçını birbaşa seçə biləcək. Hökumətin siyasi partiyası ilə böyük səs üstünlüyünə malik digər siyasi partiyanın bərabərhüquqlu olma zərurəti aradan qalxıb. Prezidentin öz siyasi partiyası ilə əlaqəsinin kəsilməsi hökmü də aradan qaldırılıb. Prezident sərəncamları qanun hökmü daşımayacaq. Fərmanlar qanunla təşkil edilən mövzulara aid ola bilməyəcək. TBMM eyni mövzuda qanun və qərar çıxararsa, əvvəlkilər etibarsız sayılacaq. Eyni zamanda sərəncamlar Konstitusiya Məhkəməsinin yoxlamasına təqdim ediləcək. Prezident seçkilərin yenidən keçirilməsini istəyərsə, onun səlahiyyətləri sona çatmış sayılacaq. Məhkəmənin müstəqil və tərəfsiz qalması da konstitusiya maddələrində əks olunur.

Bununla da Türkiyə bütün əsaslarla prezidentli idarəetmə formasına keçib.

İyunun 24-də keçirilən seçkilərin nəticələri isə belə olub.

Rəcəb Tayyib Ərdoğan 52,55 faiz, Məhərrəm İncə (Cümhuriyyət Xalq Partiyası –CHP) 30, 67 faiz, Meral Akşener (İYİ Partiyası) 7,33 faiz, Selahettin Demirtaş (Xalqların Demokratik Partiyası - HDP) 8,36 faiz, Temel Karamollaoğlu (Səadət Partiyası) 0,89 faiz səs toplayıb.

2014-cü il avqustun 10-da keçirilmiş ilk ümumxalq səsverməsində isə Rəcəb Tayyib Ərdoğan 51,79 faiz toplayaraq 12-ci prezident olmuşdu. Onun rəqibləri Ekmeleddin İhsanoğlu (CHP və Milliyyətçi Hərəkat Partiyasının namizədi) 38,44 faiz, terrorçu PKK qruplaşmasını dəstəkləyib Türkiyə dövləti əleyhinə fəaliyyət göstərdiyi üçün hazırda həbsdə olan Xalqların Demokratik Partiyasının keçmiş sədri Selahattin Demirtaş isə 9,76 faiz səs toplamışdı.

Ötən 4 ildə Türkiyədə çox ciddi proseslər baş verib. Ölkə daxilində 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd, Rusiya ilə münasibətlərin pozulması və bərpası, Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində sərhədboyu zolaqda terrorçu PKK/YPG-PYD qruplaşmasına və İŞDİ-ə qarşı antiterror əməliyyatında iştirakı, Menbiçdən terrorçu PKK qruplaşmasının çıxmağa başlaması, TANAP-ın istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi, Türkiyənin cənub-şərq bölgələrində terrorçu PKK silahlılarının xəndəklərinin doldurulması, Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizənin aparılması və onların dövlət orqanları, təhsil və ordu sistemlərindən təmizlənməsi və bir çox ciddi hadisələr baş verib.

Bu hadisələr zamanı ölkə ictimaiyyəti Rəcəb Tayyib Ərdoğana heç də birmənalı münasibət göstərmirdi. Rəqibləri onu diktatura yaratmaqdan tutmuş antidemokratik fəaliyyət göstərməyədək müxtəlif məsələlərdə ittiham ediblər və indi də edirlər. Ancaq bütün baş verənlərə, müxtəlif rəylərə baxmayaraq, Rəcəb Tayyib Ərdoğan bu dəfə əvvəlki seçkidən daha çox səs toplayıb. 

Düzdür, burada Milliyyətçi Hərəkat Partiyası (MHP ) ilə qurulan “Cümhur İttifaqı”da az rol oynamayıb. Parlament seçkilərində MHP-nin aldığı səs də bunu təsdiqləyir. Bu baxımdan, Ərdoğanın koalisiya ortağı olan MHP-nin sədri Devlət Bahçeliyə vitse-prezident postu verəcəyini istisna etmək olmaz.

Parlament seçkilərində isə Ərdoğanın sədri olduğu AKP 42,51 faiz (295 millət vəkili), MHP 11,43 faiz (49 millət vəkili) səs toplayıb. Bununla da “Cümhur İttifaqı” koalisiyası səslərin 53,64 faizinin toplamaqla parlamentdə 344 deputatla təmsil olunacaq. Bu həm də koalisiya hökumətinin yaranacağı deməkdir. AKP 2002-ci ildən hakimiyyətdədir. Ötən 16 ildə bu siyasi təşkilat hökuməti təkbaşına qurub. Bu dəfə isə Nazirlər Kabinetinin MHP ilə birlikdə quracağı gözlənilir.

2015-ci il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə keçirilən 26-cı çağırış seçkilərində AKP səslərin 49,6 faizini (317 yer), Cümhuriyyət Xalq Partiyası (CHP) 25,22 faizini (134 yer), Milliyyətçi Hərəkat Partiyası (MHP) 11,7 faizini (40 yer), Xalqların Demokratik Partiyası (HDP) 10,86 faizini (müstəqil deputatlarla birlikdə 59 yer) qazanmışdı.

İyunun 24-də keçirilən səsvermədə isə CHP 22,68 faiz (146 millət vəkili), İyi Partiya 10,01 faiz (43 millət vəkili) səs toplayıb. Bu iki siyasi təşkilatın parlament seçkilərində təsis etdiyi “Millet İttifaqı” birlikdə parlamentdə 190 deputatla təmsil olunacaq.

HDP 11,63 faiz səs toplamaqla səslərini bir faizdən çox artıraraq parlamentdə 67 deputatla təmsil olunacaqlar. Ancaq Selaheetin Demirtaşa verilən səslərin ötən ilki prezident seçkisi ilə azaldığını nəzərə alsaq, HDP-nin seçki kampaniyasının o qədər də uğurlu keçmədiyini söyləmək olar.

Bu seçki kampaniyası Türkiyəyə yeni nə verdi?

Hakimiyyətin koalisiyanın yardımı ilə formalaşması təkhakimiyyətliliyə müəyyən mənada son qoydu. Bu həm də perspektivdə yeni qüvvələrin hakimiyyətə gələcəyini ehtimal etməyə əsas verir. Başqa sözlə, AKP bu dəfə hakimiyyəti MHP ilə yenilədi.

CHP Türkiyə siyasətinə Məhərrəm İncəni təqdim etməklə öz gücünü göstərdi. Partiyanın sədri Kamal Kılıcdaroğlu 2014-cü ilin prezident seçkisində olduğu kimi bu dəfə də ölkənin birinci şəxsi vəzifəsinə namizəd olmadı. Bu, perspektivdə CHP-də dəyişikliklərin baş verməsinin siqnalı ola bilər.

Türkiyə siyasi səhnəsinə Meral Akşenerin timsalında yeni siyasi lider gəldi. MHP AKP ilə “Cümhur İttifaqı” yaratmaqla hakimiyyətə yeni nəfəs gətirdiyi kimi, İyi Partiyada CHP ilə “Mlillet İttifakı” yaradaraq müxalifəti gücləndirəcək. Bununla da Türkiyədə həm hakimiyyət, həm də müxalifətin yenilənəcəyi gözlənilir. Ona görə belə ehtimal etmək olar ki, Türkiyənin siyasi səhnəsində hakimiyyət uğurunda mübarizə aparan partiyaların sayı da məhdudlaşacaq.

Beləliklə, Türkiyə daha bir seçki kampaniyasını uğurla başa vurdu. Bu həm də demokratik inkişaf yoluna davam etmək deməkdir. 

Son xəbərlər

Orphus sistemi