Türkiyə-Yunanıstan münasibətlərində növbəti gərginlik: "gizli əllər" işə düşür - ŞƏRH

Türkiyə-Yunanıstan münasibətlərində növbəti gərginlik: "gizli əllər" işə düşür - ŞƏRH Türkiyə ilə Yunanıstan arasında münasibətlər son zamanlar yenidən gərginləşməkdədir. Yunanıstanın müdafiə naziri Nikos Dendiasın bu yaxınlarda “Bir gecə qəfil F- 35 qırıcı təyyarələri ilə Ankaraya gedə bilərik” bəyanatından sonra tərəflər arasında yeni “s
Analitika
25 İyul , 2024 12:55
Türkiyə-Yunanıstan münasibətlərində növbəti gərginlik: gizli əllər işə düşür - ŞƏRH

Türkiyə ilə Yunanıstan arasında münasibətlər yenidən gərginləşib. Yunanıstanın müdafiə naziri Nikos Dendiasın bu yaxınlarda “bir gecə qəfil F-35 qırıcı təyyarələri ilə Ankaraya gedə bilərik” bəyanatından sonra tərəflər arasında yeni “soyuq küləklər” əsməyə başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 24-də Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib ki, Ankara Afinanın addımlarını diqqətlə izləyir.

O bildirib ki, Türkiyə lazım gələndə müdaxilələr də edir.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə bütün ölkələrlə dostluğu möhkəmləndirməyə, dostlarının sayını artırmağa çalışır: “Uzadılan heç bir əli havada saxlamırıq”.

Prezidentin ardınca, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də bu mövzuya toxunub: “Gəlsinlər, turist kimi gözləyirik. Hər il Türkiyəyə 60 milyon turist gəlir”.

Bu açıqlamaların ardınca Türkiyə KİV-ində dövlətlər arasında gərginliyin azaldılması üçün diplomatik kanallar vasitəsilə müzakirələrin başlandığı barədə məlumat yayıldı. Bu gün isə Türkiyə KİV-ində məlumat yayılıb ki, gərginlik diplomatik yolla azaldılıb.

Qeyd edək ki, iki ölkə arasında tarixi problemlərin əsas səbəbi ərazi məsələləri - adaların taleyidir. Belə ki, Egey dənizinin cənub-şərqində "12 ada" kimi tanınan, əslində sayı 12-dən çox olan bu adalar XX əsrin əvvəllərinə qədər Osmanlı imperiyasına məxsus olub.

1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan Lozanna müqaviləsinə əsasən, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış "Montrö sazişi” ilə geri ala bildi.

Egey adalarında Türkiyə ilə Yunanıstan arasında ada qalmaqalı bu gün davam edir. Gərginliyin digər səbəbi Yunanıstanın Şərqi Egey adalarında hərbi texnika yerləşdirməsidir ki, bu da Türkiyənin sərt reaksiyasına gətirib çıxarıb. Bundan başqa, rəsmi Afina Şimali Kiprin müstəqilliyini tanımaq istəmir. Türkiyə isə əksinə, Şimali Kipri müstəqil oyunçu kimi qəbul edir.

Bununla belə, 2023-cü ildən etibarən tərəflər arasında normallaşma prosesi başlayıb. Belə ki, ötən ilin ilk yarısında keçirilən seçkilərdə yenidən qalib gələn Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Kriakos Miçotakis iki ölkə arasındakı münasibətləri indiki səviyyədən daha da irəli aparmağa qərarlı görünürlər.

Təsadüfi deyil ki, Türkiyə Prezidenti ötən il dekabrın 7-də ilk dəfə olaraq Yunanıstana rəsmi səfər etdi. O, R.T.Ərdoğanla görüşdü, eyni zamanda səfər çərçivəsində Afina ilə Ankara arasında bir sıra sahələrdə əməkdaşlıq sazişləri imzalandı.

Vurğuladığımız kimi, son zamanlara qədər tərəflər arasında münasibətlər müsbət dinamika ilə inkişaf edirdi. Həm Ankara, həm də Afina münasibətlərin normallaşmasında maraqlı görünürdü.

İstisna deyil ki, bu, bəzi qüvvələri narahat etdi. Yunan nazirin Türkiyəni hədələməsinin arxasında da müəyyən “dirijorların” dayanması mümkündür.

Nəzərə almaq lazımdır ki, bu “pryom” beynəlxalq münasibətlər sistemində tez-tez təkrarlanır: iki münaqişəli dövlətlər arasında münasibətlər normallaşmağa başlananda bunu istəməyən, konfliktdə maraqlı olan “gizli əllər” işə düşür. İstisna deyil ki, bu dəfə də belə oldu.

Düşünmək olar ki, Türkiyə və Yunanıstan arasında mövcud gərginlik yaxın vaxtda həllini tapacaq. Hazırda diplomatik səviyyədə davam edən gərginliyin hərbi müstəviyə keçməsi tərəflərdən heç birinə sərf etmir.

Əgər Balkanlarda Türkiyə və Yunanıstanın iştirakı ilə müharibə başlayarsa, bu, nə Şərqi Avropaya, nə də Yaxın Şərqə bənzəyəcək. Bu müharibə daha dəhşətli olacaq və ağır nəticələrlə yadda qalacaq.

Məlum olduğu kimi, həm rəsmi Ankara, həm də Afina NATO üzvüdür. Deməli, tərəflər arasında ehtimal olunan hərbi toqquşma perspektivdə Alyans daxilində parçalanmaya səbəb ola bilər. İndiki məqamda həm Türkiyə, həm də Yunanıstan bunda çəkinməli, soyuqqanlı davranmalı, “suları bulandırmaq” istəyən “gizli əllərə” qarşı birgə mübarizə aparmağa çalışmalıdır.

Son xəbərlər

Orphus sistemi