Türkiyə və Yunanıstan arasında "buzlar əriyir" - ŞƏRH

Türkiyə və Yunanıstan arasında "buzlar əriyir" - ŞƏRH Türkiyə ilə Yunanıstan arasında münasibətlər son illər yeni mərhələyə daxil olub. Bu, hər iki tərəfin ritorikasında aydın hiss olunur. Görünən odur ki, həm rəsmi Ankara, həm də Afina münasibətlərin normallaşmasında və tarixi problemlərin həllində maraqlıd
Analitika
14 May , 2024 17:42
Türkiyə və Yunanıstan arasında buzlar əriyir - ŞƏRH

Türkiyə ilə Yunanıstan arasında münasibətlər son illər yeni mərhələyə daxil olub. Bu, hər iki tərəfin ritorikasında aydın hiss olunur. Görünən odur ki, həm rəsmi Ankara, həm də Afina əlaqələrin normallaşmasında və tarixi problemlərin həllində maraqlıdır.

İki ölkə arasında tarixi problemlərin əsas səbəbi ərazi məsələləri - adaların taleyidir. Belə ki, Egey dənizinin cənub-şərqində "12 ada" kimi tanınan, əslində sayı 12-dən çox olan bu adalar 20-ci əsrin əvvəllərinə qədər Osmanlı imperiyasına məxsus olub.

1923-cü il iyulun 24-də Türkiyə ilə Qərb dövlətləri arasında imzalanan Lozanna müqaviləsinə əsasən, yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi. Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış "Montrö" sazişi ilə geri ala bildi.

Egey adalarında Türkiyə ilə Yunanıstan arasında ada qalmaqalı bu gün davam edir. Gərginliyin digər səbəbi Yunanıstanın Şərqi Egey adalarında hərbi texnika yerləşdirməsidir ki, bu da Türkiyənin sərt reaksiyasına gətirib çıxarıb. Bundan başqa, rəsmi Afina Şimali Kiprin müstəqilliyini tanımaq istəmir. Türkiyə isə əksinə, Şimali Kipri müstəqil oyunçu kimi qəbul edir.

Bununla belə, 2023-cü ildən etibarən tərəflər arasında normallaşma prosesi başlayıb. Belə ki, ötən ilin ilk yarısında keçirilən seçkilərdə yenidən qalib gələn Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Kriakos Miçotakis iki ölkə arasındakı münasibətləri indiki səviyyədən daha da irəli aparmağa qərarlı görünürlər.

Təsadüfi deyil ki, Türkiyə Prezidenti ötən il dekabrın 7-də ilk dəfə olaraq Yunanıstana rəsmi səfər etdi. buna cavab olaraq isə dünən Baş nazir K.Miçotakis dünən Türkiyədə səfərə gəldi. O, R.T.Ərdoğanla görüşdü, eyni zamanda səfər çərçivəsində Afina ilə Ankara arasında bir sıra sahələrdə əməkdaşlıq sazişləri imzalandı.

Sözsüz ki, bu sənədlər iki ölkə arasında əlaqələrin daha da irəli getməsində mühüm rol oynayacaq.

Türkiyə və Yunanıstan liderlərinin keçirdikləri birgə mətbuat konfransında diqqətçəkən əsas məsələlərdən biri də Kiprlə bağlı deyilənlər idi. Belə ki, Ərdoğan bildirdi ki, Kipr probleminin adadakı faktlar əsasında ədalətli və qalıcı həllinin tapılması vacibdir. "Belə bir addım regionumuzun sabitliyini və sülhünü gücləndirəcək. Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur, mübahisəli məsələlər açıq dialoq yolu ilə həll ediləcək", - Ərdoğan vurğuladı.

K.Miçotakis isə öz növbəsində söylədi ki, ikitərəfli anlaşma mühiti daha müsbət istiqamətdə inkişaf edir: "Biz göstərdik ki, müsbət dialoqu davam etdirmək əzmindəyik".

Görünən odur ki, həm Afina, həm də Ankara Kipr probleminin ədalətli yolla həllində maraqlıdır. Bu isə o deməkdir ki, tərəflər mövcud problemləri həll etmək, münasibətləri normallaşdırmaq istəyirlər.

Türkiyə və Yunanıstan qonşu olmaqla yanaşı, həm də NATO üzvləridir. Tərəflər arasındakı ziddiyyət Alyans daxilində həmrəyliyə də zərbə vururdu. Bu baxımdan, mövcud problemlərin həlli NATO daxilində mümkün parçalanmanın qarşısını almaqla yanaşı, həm də kənar güclərin Balkanlara müdaxiləsinin qarşısını ala bilər. Yəni Afina və Ankaranın münasibətlərin normallaşması istiqamətində atdığı addımlar tamamilə məntiqlidir.

R.T.Ərdoğan və K.Miçotakisin dediklərindən belə məlum olur ki, dünənki görüş kifayət qədər konstruktiv mühitdə keçib. Ehtimal etmək olar ki, müsbət motivli addımlar bundan sonra da atılacaq. Bu isə təkcə Yunanıstan və Türkiyənin özü üçün yox, həm də bütövlükdə bölgənin və NATO-nun xeyrinə olacaq.

Son xəbərlər

Orphus sistemi