Son zamanlar Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması prosesinə hazırlıq gedir. Hər iki tərəf bu istiqamətdə müsbət açıqlamalar verirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 2-də Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının yekunlarına dair xalqa videomüraciətində bildirib ki, ölkəsi Suriya ilə münasibətləri normallaşdırmaq üçün dialoqa hazırdır.
Prezidentin sözlərinə görə, Türkiyənin xarici ərazilərə iddiası yoxdur, onun prioriteti Suriyanın ərazi bütövlüyü və milli birliyini qorumaqdır. Türkiyə lideri bundan əvvəl bildirmişdi ki, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına mane olan heç bir amil yoxdur.
Həmçinin, iki ölkə nümayəndələrinin Bağdadda görüşərək münasibətlərin normallaşmasını müzakirə edəcəkləri haqqında da məlumat yayılmışdı.
Məlum olduğu kimi, iki ölkə arasında diplomatik münasibətlər 2012-ci ildən bəri dayanıb. Suriyada vətəndaş müharibəsinin başlamasından sonra Türkiyə Suriyadakı səfirini geri çağırıb, ölkədəki diplomatik fəaliyyətlərini təxirə salıb. Eyni zamanda, həmin il mayın 30-da Türkiyə hökuməti suriyalı diplomatları ölkədən çıxarıb. 2012-ci ilin iyun ayında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 döyüş təyyarəsinin Suriya tərəfindən vurulmasından sonra Türkiyə hökuməti NATO-nun təcili toplanması ilə bağlı çağırış etdi. Həmin ilin oktyabrında Suriyadan Türkiyə ərazisinə top mərmisi atılmasından sonra tərəflər arasında münasibətlər daha da gərginləşdi.
Bütün bunlar gələcək illərdə regionda maraqlı güclərin, xüsusilə ABŞ-nin Suriyaya müdaxiləsinə, orada təsir imkanlarını artırmağa şərait yaratdı.
Son illərdə isə Türkiyə bir çox ölkələr, o cümlədən Ermənistan, Misir və Yunanıstan kimi, Suriya ilə də münasibətləri normallaşdırmaq xəttini tutur.
Maraqlıdır ki, normallaşma prosesi ilə bağlı hər iki tərəfdən müsbət mesajların gəldiyi bir vaxtda yeni böhranlar meydana çıxdı. Belə ki, bir neçə gün əvvəl suriyalı şəxsin Kayseridə 7 yaşlı uşağa qarşı nalayiq hərəkətlərinin ardınca Suriyanın müxtəlif bölgələrində Türkiyəyə aid nəqliyyat vasitələrinə hücumlar oldu. Ümumiyyətlə, son günlər Suriyada Türkiyə Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdə ciddi gərginlik müşahidə olunur. Belə ki, müxaliflərin nəzarətində olan Şimali Suriya ərazisində Türk bayraqları endirilir, cırılır, yandırılır, Türkiyə nömrələri daşıyan avtomobillərə, dövlət idarələrində çalışan əməkdaşlara hücumlar edilir, Türk ordusu mənsublarına qarşı təxribat xarakterli addımlar atılır.
Baş verənləri təsadüfi hesab etmək olmaz. Belə ki, hadisələrin miqyası, motivləri, həmçinin zamanlama onu deməyə əsas verir ki, proseslər əvvəlcədən planlaşdırılıb.
Ehtimal etmək olar ki, bu proseslərin arxasında Suriya ilə Türkiyə arasında “buzların əriməsində” maraqlı olmayan qüvvələr var. Onlar süni yolla gərginlik yaradaraq münasibətlərin normallaşmasına mane olmaq istəyirlər. Bu aktorlardan birinin ABŞ olması istisna deyil. Çünki tərəflər arasında münasibətlərin normallaşması ən çox Vaşinqtonun mənafeyinə ziddir. Bu, ABŞ-nin regiondakı təsir "rıçak"larının zəifləməsi ilə əlaqədardır.
Hazırda baş verən hadisələr Suriya ilə Türkiyə arasında “suların durulmasına” ciddi əngəl yarada bilər. Əgər tərəflər arasındakı böhran yaxın vaxtda həllini tapmasa, proses daha da genişlənəcək. Odur ki, həm Ankara, həm də Dəməşq böhranın genişlənməsinin qarşısını almağa çalışmalıdır.
ABŞ və digər aktorlar mümkün qədər çalışacaqlar ki, Suriya və Türkiyədə bir-birinin əleyhinə fikirlər yaratsınlar. Bunun üçün növbəti təxribatlara əl atılması, o cümlədən informasiya müharibəsinin elementlərindən istifadə olunması mümkündür.
Onu da deyək ki, regionda digər güc olan Rusiya Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasına qarşı deyil. Əksinə, Moskva bu prosesi dəstəkləyir. Bu, həm də Rusiya və ABŞ arasında təsir imkanları uğrunda rəqabətin təzahürüdür. Belə bir şəraitdə Kreml Suriya ilə Türkiyə arasında “körpülərin yandırılmasının” və üçüncü tərəflərin ssenarisinin baş tutmasının qarşısını almaq üçün çalışa bilər.