Bakı. 2 mart. REPORT.AZ/ Ermənistan verdiyi vədə yenə əməl etmədi. Rəsmi Yerevan öhdəliklərini yerinə yetirmək əvəzinə, başqalarını günahlandırmaq siyasətinə sadiqlik göstərir. Bəlkə də dünya tarixində bu keyfiyyətdə dövlət nə mövcud olub, nə də indi var.
Martın 1-də Ermənistan prezidenti Serj Sarqsyan Türkiyə ilə ölkəsi arasında 2009-cu il oktyabrın 10-da imzalanan “Diplomatik münasibətin qurulması haqqında protokol”un və “Türkiyə ilə Ermənistan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında protokol”un ləğv olunması haqqında fərman imzalayıb. Əslində bu gözlənilən idi. Çünki o, 2010-cu il aprelin 22-də protokolların ratifikasiyası prosesinin dayandırılması barədə fərman imzalamışdı. Nəticədə sənədlərin təsdiqlənməsi dondurulmuşdu. 2015-ci il fevralın 16-da isə S.Sarqsyan bu sənədin ratifikasiyadan geri götürülməsi ilə bağlı qərar qəbul etmişdi.
Ermənistan Milli Təhlükəsizlik Şurasının martın 1-də keçirilən toplantısının gündəliyində bu protokollara dair məsələ də olub. S.Sarqsyan əvvəllər olduğu kimi yenə də sənədin həyata keçirilməməsinə görə rəsmi Ankaranı təqsirləndirib. İşğalçı ölkənin rəhbəri ABŞ, Rusiya, Fransa, Britaniya və İsveçrə hökumətlərinə təşəkkürünü bildirib.
Ankara ilə Yerevan arasında İsveçrənin Sürix şəhərində imzalanmış protokollar artıq qüvvədən düşüb. Maraqlı burasındadır ki, beynəlxalq hüquq normalarını davamlı şəkildə pozan Ermənistan Türkiyəni təsdiqləmədiyi bu protokollara görə şərləyib: “Türkiyə beynəlxalq praktikada qəbul edilən normaları pozub”.
Türkiyədə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra qonşu dövlətlərlə əlaqələri yenidən qurmaq və mövcud problemləri həll etmək siyasəti həyata keçirilməyə başladı. Əhməd Davudoğlu xarici işlər naziri olduqdan sonra isə xarici siyasətdə “sıfır problem” strategiyasını irəli sürdü. Bu isə qonşularla münasibətlərin yenidən qurulacağı demək idi. Bu prinsip əsasında rəsmi Ankara İranı Türkiyənin təhlükəsizliyini təhdid edən dövlətlər siyahısından çıxartdı. İslam Respublikası ilə iqtisadi, siyasi və ictimai əlaqələri inkişaf etdirməyə başladı. Rəsmi Ankara oxşar xoşməramlı addımı Ermənistanla da atmaq istədiyini gizlətmədi. Abdullah Gül 2008-ci il sentyabrın 4-də Yerevana səfər edən Türkiyənin ilk prezidenti oldu.
Xatırladaq ki, bundan əvvəl Türkiyə rəhbərlərindən yalnız baş nazir İsmət İnönü Ermənistana 5-6 saatlıq “səhər yeməyi” üçün qeyri-rəsmi səfər edib. Bu isə 1935-ci ildə baş verib.
A.Gülün Yerevana səfəri S.Sarqsyanın dəvəti ilə həyata keçirilmişdi. Onlar Yerevanda iki ölkənin futbol yığmaları arasında dünya çempionatının seçmə oyunlarını birlikdə izləmişdilər. O zaman Türkiyə prezidentinin səfəri nə Ermənistan, nə də Azərbaycanda birmənalı qarşılanmamışdı. Azərbaycan cəmiyyəti rəsmi Ankaranın bu addımını pisləyirdi. Ermənistanda bunu bəyənənlər və səfərə qarşı olanlar da vardı. Daşnaklar A.Gülün Yerevana gəlişinə etiraz olaraq aksiya keçirmişdi. Türkiyə prezidenti heç stadionda da xoş qarşılanmamışdı. Bütün bunlara baxmayaraq, Türkiyə Ermənistanla əlaqələr qurmaqda maraqlı olduğunu ortaya qoyurdu. A.Gül görüş zamanı dəvətə görə Serj Sarqsyana təşəkkürünü bildirərək demişdi ki, bu görüş ikitərəfli münasibətlərin yaxşılaşmasının başlanğıcı ola bilər. Ermənistan prezidenti isə ona cavab olaraq bildirmişdi: “Yeni nəsilə miras olaraq qalmaması üçün iki ölkə arasındakı problemləri həll etmək lazımdır”. A.Gül Serj Sarkisyanı Türkiyədə keçiriləcək təkrar matçi birlikdə izləməyə dəvət etmişdi. O, Ankaranın “Qafqaz evi” adı altında tanınan təşəbbüsünə müsbət münasibət bildirdiyi üçün Ermənistan rəhbərliyinə təşəkkürünü bildirmişdi. A.Gül həmin il aprelin 16-da iki ölkə arasında sərhədin açılacağı barədə xarici mətbuatın yaydığı məlumatların yalan olduğunu bəyan etmişdi. O, ölkəsinin qonşuları ilə münasibətlərini daha da yaxşılaşdırmaq niyyətində olduğunu ifadə etmişdi: “Türkiyə regionda sülh və sabitliyin bərqərar olması üçün səy göstərir. Qonşularımızın da bu istiqamətdə arzuları var, Türkiyənin uzatdığı ələ xoşniyyətli əllər uzanmaqdadır. Bu, bir mərhələdir. Bununla bağlı səylər, görüşlər əlaqədar şəxslərimiz tərəfindən həyata keçirilir”. A.Gül Türkiyənin Qafqazda sabitliyə böyük önəm verdiyini vurğulayaraq demişdi: “Biz Qafqazdakı bütün problemlərin həllinə böyük əhəmiyyət veririk. Bütün çalışmalar da bu çərçivədə həyata keçirilir”.
Türkiyə prezidenti sonralar Ermənistanla imzalanan protokollara və “futbol diplomatiyası”na belə münasibət bildirmişdi: “Bir bölgədə barış, təhlükəsizlik və sabitliyin hakim olması həmin bölgədəki iqtisadi inkişafı da arxasından gətirir. Problemləri müharibə ilə deyil, diplomatiya və siyasətlə həll etməyə daha çox inanmışam və bunun üçün çalışmışam. Şübhəsiz ki, Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması bizim əsla qəbul edə biləcəyimiz bir şey deyil. Mən problemin həlli baxımından bu addımı atırdım. Təəssüf ki, nəticə olmadı”.
Ötən 9 il ərzində rəsmi Yerevan beynəlxalq ictimaiyyətə "protokollar"ın icrası ilə bağlı təzyiq göstərirdi. Ermənistanın himayədarları da həmin sənədlərdən Türkiyəyə qarşı mənfi planlarını həyata keçirmək üçün yararlanırdılar. Bir neçə ay əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bildirmişdi: “Ötən müddət ərzində normallaşma istiqamətində heç bir müsbət addım atılmayıb. Bu səbəbdən 2018-ci ilin yazını bu protokolsuz qarşılayacağıq”. Türkiyə XİN rəsmisi Tanju Bilgiç isə ona cavab olaraq demişdi: “Türkiyə ilə Ermənistan arasında iki protokol imzalanıb. Bu protokollar yalnız iki ölkə arasında münasibətlərin normallaşması kimi qiymətləndirilməməlidir. Bunu bölgə baxımından Qafqazda əhatəli bir sülhün yaranmasına, təhlükəsizliyin təmin edilməsinə və münasibətlərin normallaşmasına xidmət kimi anlamaq olardı. Ermənistanın atdığı bu addımı düzgün hesab etmirik. Bu, yanlış və uğursuz bir addımdır. Odur ki, Ermənistanın protokollarla bağlı mövqeyi əsassız və səmimiyyətdən uzaqdır. Ona görə də bunu Ermənistanın Türkiyəni suçlaması üçün istifadə edəcəyi yeni bir hərəkət kimi də dəyərləndirmək olar”.
Ötən illər ərzində Ermənistan protokollarda nəzərdə tutulan müddəalara əməl etmədi. Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb, bu ölkəyə qarşı təxribatçılıq fəaliyyəti ilə məşğul olub. S.Sarqsyan protokollar imzalanandan iki il sonra Ermənistanda gənclərlə görüşündə bildirmişdi ki, işğal etdikləri Azərbaycan torpaqlarını boşaltmaq niyyətində deyillər. O, Türkiyə ərazisindəki Ağrı dağı bölgəsini ələ keçirməyi gələcək nəsillər qarşısında vəzifə kimi qoymuşdu. Ancaq “Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin qurulmasına dair protokol”da vurğulanıb: "Hər iki dövlət “İkitərəfli və beynəlxalq münasibətlərdə bərabərlik, suverenlik, digər ölkələrin daxili işlərinə müdaxilə etməmə, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşacaqları yönündə öhdəliklərini anlayaraq; iki ölkə arasında etibar və etimad mühitinin yaradılmasının və bunun qorunmasının bütün bölgədə sülhün, etibarın və sabitliyin güclənməsinə töhfəsini verəcəyini, güc tətbiq etməkdən və ya hədələrdən imtina etmə, problemlərin sülh yolu ilə həlli, insan haqlarının və təməl azadlıqların qorunmasının əhəmiyyətini dərk edərək” diplomatik təmsilçiliyin açılması yönündə anlaşdıqlarını bildiriblər. Ermənistanprotokollar imzalanandan sonra bölgədə, Cənub Qafqazda pozuculuq fəaliyyətini davam etdirib, Azərbaycan torpaqlarının işğalından əl çəkməyib. Bu protokollarda bütövlükdə bölgədə “sülhün, etibarın və sabitliyin güclənməsinə töhfəsini verəcəyini, güc tətbiq etməkdən və ya hədələrdən imtina etmə, problemlərin sülh yolu ilə həlli” nəzərdə tutulurdu. Yerevan 9 ildə bunların hansını yerinə yetirib? Əlbəttə, heç birinə. Elə protokol imzalanandan sonra da Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, regionda sülhün, sabitliyin təmin edilməsi Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasından keçir. Deməli, Ermənistan, protokolların imzalanmasında və ondan sonra Türkiyəyə təzyiq edənlər bölgədə sülhün və sabitliyin yaranmasını, habelə problemlərin sülh yolu ilə həllini istəmirlər. Bu protokol Türkiyə ilə Azərbaycanı bir-birinə qarşı qoymaqla yanaşı, həm də Türkiyəni Ermənistanla yaxınlaşdırmağa xidmət edirdi. Həmin tarixdə “protokol ideyası"nın müəllifləri buna qismən nail olmuşdular. O vaxt Türkiyə və Azərbaycan cəmiyyətində də müəyyən anlaşılmazlıq yaranmışdı. Ancaq sonradan hər iki ölkənin rəsmiləri münasibətlərdə yaradılması nəzərdə tutulan böhranın qarşısını ala bildi.
Beləliklə, bu sənədin heç bir hüquqi əsası yox idi. Çünki nə Türkiyə Böyük Millət Məclisi, nə də Ermənistan parlamenti onu ratifikasiya etməmişdi. Bu baxımdan, S.Sarqsyan müddəalarını yerinə yetirməyəcəkləri protokolları ləğv etməklə Ermənistanın Cənub Qafqazda pozuculuq fəaliyyətini davam etdirəcəyini təsdiqləyib.