Türk əsri - TDT-nin qlobal xarakterli yeni hədəfləri - ŞƏRH

Türk əsri - TDT-nin qlobal xarakterli yeni hədəfləri - ŞƏRH Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşü Azərbaycanın Zəfər Günü ərəfəsində keçirildi. Noyabrın 8-i üçüncü dəfə ölkəmizdə bayram kimi qeyd ediləcək. Zəfər Günü həm də türk dövlətlərinin, özəlliklə Azərbaycanla Türkiyənin sıx əməkdaşlı
Analitika
3 Noyabr , 2023 14:07
Türk əsri - TDT-nin qlobal xarakterli yeni hədəfləri - ŞƏRH

Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşü Azərbaycanın Zəfər Günü ərəfəsində keçirildi. Noyabrın 8-i üçüncü dəfə ölkəmizdə bayram kimi qeyd ediləcək. Zəfər Günü həm də türk dövlətlərinin, özəlliklə Azərbaycanla Türkiyənin sıx əməkdaşlığının göstəricisidir.

Hazırda qlobal miqyasda qarışıqlıq hökm sürür. Dünyanın dinc bucağı, demək olar ki, qalmayıb. Özlərini dinc, əmin-amanlıqda bilənlər üçün də problemlərin yaradılması ehtimalı günü-gündən artır. Bu baxımdan, bütün dövlətlərin təhlükəsizliyi pozula bilər. 2022-ci ilin yanvarında Qazaxıstanda, həmin ilin iyulunda Özbəkistanda baş verən hadisələr, Qırğızıstan-Tacikistan sərhədində davamlı münaqişələr, Əfqanıstanda “Taliban”ın yenidən hakimiyyətə gətirilməsi və başqa məsələlər türklərin yerləşdiyi regionun da daim təhdid altında olduğunu deməyə əsas verir. İki ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi, oktyabrın 7-də başlayan HƏMAS-İsrail müharibəsi beynəlxalq ictimaiyyəti ikiyə bölüb. Hər iki bölgə ilə Türk dünyasının yaxın, uzaq əlaqəsi var. Belə hadisələrə münasibətdə orta xəttin tapılması daha faydalı olur. Türk dövlətləri birgə mövqe və səylə "qızıl nöqtə"ni tapa bilər. Bu məsələdə beynəlxalq hüquq və münasibətlər vəziyyətin doğru, faydalı dəyərləndirilməsinə yardım edər.

Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə münasibətlərin möhkəmləndirilməsi vacib sayılıb. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında da bu məsələ vurğulanıb: “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir”. Dövlət başçısı qeyd edib ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlıq təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib: “Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”. Azərbaycan liderinin Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verilən dəstəyə görə minnətdarlığı da təşkilatdaxili əməkdaşlığın göstəricilərindəndir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının beynəlxalq enerji təhlükəsizliyinin təminatında və təchizatında oynadığı rola da diqqət çəkib. O bildirib ki, Şərq-Qərb dəhlizi inkişaf etdirilməlidir: “Xəzər dənizinin təbii qazının Avropaya çatdırılması bu qitənin enerji təhlükəsizliyinə töhfə verəcək”. Türkiyə lideri TDT dövlətləri arasında əməkdaşlığın da inkişaf etdirilməsinin vacibliyini qeyd edib: “Bütün türk dünyasının təhlükəsizliyi və rifahı uğrunda addımlar atmağa davam edəcəyik. Qarşımızdakı dövrü türk dövrü etmək üçün çalışacağıq”.

Təşkilata üzv dövlətlərin digər liderləri də əməkdaşlıq, təhlükəsizlik, iqtisadi maraqlar, elm, etimad, islahatlar, enerji daşıyıcıları məsələlərinin vacibliyini vurğulayıblar.

TDT-yə üzv dövlətlərin ümumi sahəsi 4 milyon 242 min 362 kv km, əhalisinin sayı 149 milyon 817 min 367 nəfərdir. Ümumi Daxili Məhsulun həcmi 1 trilyon 42 milyard 561 milyon dollardır. Müşahidəçi ölkələrin (Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası) ərazisi 581 min 129 kv km, əhalisinin sayı 15 milyon 802 min nəfər, ümumi daxili məhsulun həcmi 208 milyard 771 milyon dollardır. Bu o deməkdir ki, TDT 200 milyon nəfərin siyasi, iqtisadi, mədəni sahələrdə, təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərməsi günün tələbidir. Tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, habelə daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa üstünlük verməsi də qlobal miqyasda yaranan vəziyyətin şərtlərindən sayıla bilər. TDT-nin başlıca vəzifələrindən biri də bir-birinin təəssübünün çəkilməsidir. Başqa sözlə, türk dövlətlərin xarici siyasət məsələsində, ortaq mövqedən çıxış etməsidir. Bu, təşkilatın beynəlxalq arenada çəkisinin artmasına müsbət təsir göstərər. Bu, TDT-nin iqtisadi, mədəni və təhlükəsizliyin təmin edilməsi baxımından güc mərkəzi olaraq çıxış etməsi imkanlarını artırar.

Türk etnosunun dövləti olmayan nümayəndələri var. Onlar yaşadıqları ölkələrin siyasi rejimləri tərəfindən assimilyasiyaya uğradılırlar. Bu türklərin dili, mədəniyyəti, milli varlıqları inkar olunur, milli -mədəni hüquqların belə təmin olunması istiqamətində fəaliyyət göstərənlər isə təqib, təzyiq və başqa məhrumiyyətlərə məruz qalır. Odur ki, TDT üzvlərinin ümumtürk mədəniyyətinin inkişafına da diqqət yetirməsi bu kimi problemlərin aradan qalxmasına yardım edər. Yaxud dünyanın müxtəlif ölkələrində türk etnosu nümayəndələrinin diasporları arasında əlaqələrin yaranması, əməkdaşlığı onların yerli mədəniyyət tərəfindən assimilyasiya olunmasının qarşısını alar, türk dövlətlərinin problemlərinin beynəlxalq səviyyədə təbliğatına yardım edər.

Beləliklə, TDT-nin güclü, sayılıb-seçilən, beynəlxalq təhlükəsizlik məsələlərində aparıcı rola malik olması üçün qəbul etdiyi qərarları icra etməsi vacib şərtlərdəndir. Bu kimi tələblər ödəniləcəyi, tarixi hadisələrdən ibrət alınacağı halda XXI əsr gerçəkdən Türk əsri ola bilər. Yol bəllidir...

Son xəbərlər

Orphus sistemi