Bakı. 7 dekabr. REPORT.AZ/ Yer kürəsinin dayaq nöqtəsi bilinməsə də, dünyada maraqların toqquşduğu, ziddiyyətlərin baş qaldırdığı, mədəniyyətlərin çarpazlaşdığı yerin adı məlumdur və ora Qüdsdür. Bu, ən azı, 1096-cı ilin oktyabrından, I səlib yürüşü başlayandan indiyə qədər belədir və 981 ildir davam edir. Deməli, 1096-1270-ci illər ərzində 8 belə yürüş olub və orada almanlar, hollandlar, ingilislər, fransızlar və başqaları iştirak ediblər. Ancaq bu gün Qüds uğrunda aşkar mübarizə aparan qüvvələrin sayı, demək olar ki, azalıb. Düz 70 ildir üç səmavi dinin mərkəzi Fələstin ərəbləri ilə İsrail yəhudilərinin arasında mübahisəli şəhərə, siyasi münaqişə predmetinə çevrilib.
Ötən gün ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdıqlarını elan etməsi təkcə bu iki tərəf arasında deyil, Yaxın Şərqdə onsuz da normallaşması dalana dirənən vəziyyəti daha da ağırlaşdırıb. Yeri gəlmişkən, ABŞ Konqresi 1995-ci ildə Qüdsü İsrailin paytaxtı olaraq tanısa da, ancaq indiyədək heç bir prezident bu qərarı təsdiqləməmişdi. Beləliklə, Donald Tramp Qüdsü yəhudi dövlətinin paytaxtı elan edərək bildirib: “ABŞ-ın Təl-Əvivdəki səfirliyinin İsrailin paytaxtına köçürülməsinə hazırlıq görülür. Qüds üç ən böyük dinin ürəyi olmaqdan əlavə, dünyanın ən uğurlu demokratiyasının da beşiyidir. Son 70 il ərzində İsrail xalqı yəhudi, müsəlman və xristianların dini azadlığını təmin edən bir ölkə qurub”.
O, ABŞ-ın İsrail və Fələstin xalqları arasında sülh razılığı əldə etmək öhdəliklərinə sadiq qaldığını deyərək buna nail olmaq üçün hər şeyi edəcəyinə söz verib.
Halbuki, ərəb və müsəlman ölkələri D.Trampın bu mübahisəli qərarının regionda gərginlikləri daha da artırmaqla yanaşı, ABŞ-ın İsraillə Fələstin arasında sülh razılığının əldə olunması şanslarını tamamilə darmadağın etdiyini bildirir. Fələstinlilər ABŞ prezidentinin qərarına etiraz olaraq üç gün ərzində "Qəzəb günləri" keçirilməsinə çağırıblar. Fələstin dövlətinin başçısı və FƏTH Partiyasının lideri Mahmud Abbas isə D.Trampın qərarına belə münasibət bildirib: “ABŞ Trampın bəyanatından sonra sülh danışıqlarında vasitəçi ola bilməz".
Qeyd edək ki, 2014-cü ildə Fələstin dövlətinin başçısı Mahmud Abbas Qüdsün iki dövlətin paytaxtı olmasını təklif etmişdi.
Hər halda sovet dövründə çəkilən “Qızmar günəş altında” filmindəki “Şərq çox incə məsələdir” fikri indiki şəraitdə daha çox Qüdsə aid edilə bilər. Çünki Qüdsün statusu 70 ildir qızğın müzakirə mövzusudur, İsrail və Fələstin bu şəhəri öz paytaxtı sayır. Halbuki fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdurlar. İsrailin Şərqi Qüds üzərində suverenliyi isə BMT və dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb. Yəhudi dövləti 1949-cu ildən Qüdsü paytaxt elan edib. İsrail 1967-ci il iyunun 5-də Şərqi Qüdsü də işğal edib, 1980-ci ildə isə şəhərin şərq və qərb hissələrini də birləşdirməklə Qüdsü bütövlükdə yəhudi dövlətinin paytaxtı elan ediblər. Ancaq BMT Təhlükəsizlik Şurası 1980-ci ildə qəbul etdiyi 478 saylı qətnaməsi ilə İsrailin qərarını qəbuledilməz sayıb. Beləliklə, Qüdsün şərq hissəsi üzərində İsrailin suverenliyi, eləcə də şəhərin bütövlükdə yəhudi dövlətinin paytaxtı kimi statusu dünya ictimaiyyətinin əhəmiyyətli hissəsi tərəfindən tanınmayıb.
Bu arada 2017-ci il dekabrın 6-dək ABŞ da Şərqi Qüdsün İsrailin işğalı altında olduğunu qəbul edirdi. Ancaq Donald Trampın qərarı ilə ABŞ Qüdsü İsrailin paytaxtı olaraq tanıyan ilk dövlət oldu. Qüds həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs sayılır. Köhnə Şəhərdə qala divarları ilə dövrələnmiş ərazidə üç səmavi dinin – İslam, xristianlıq və iudaizm dinlərinin müqəddəs məbədləri yerləşir. Qüdsdəki Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir və bu şəhər müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhərdir. Qüds xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə gizli görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçünsə İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının (məbəd) olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir.
Ona görə də bu və başqa səbəblərdən Donald Trampın qərarına münasibətlər bildirilib.
Almaniya kansleri Angela Merkel ABŞ prezidentinin mövqeyini Almaniyanın dəstəkləmədiyini vurğulayıb: “Qüdsün statusu iki dövlətin qərarı ilə müzakirə edilməlidir”.
Fransa prezidenti Emmanuel Makron da Donald Trampın qərarını tənqid edib: “Belə bir qərarın qəbul edilməsindən təəssüflənirik. Bu, beynəlxalq normaları, eləcə də BMT Təhlükəsizlik Şurasının bütün qətnamələri ilə ziddiyyət təşkil edir”.
Böyük Britaniyanın baş naziri Tereza Mey də ABŞ prezidentinin qərarı ilə razılaşmadığını, bunun bölgədə münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinə xeyir gətirməyəcəyini bildirib.
Çin Xarici İşlər Nazriliyi də ABŞ prezidentinin qərarına etiraz edib.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini isə bu qərarın ağır nəticələr verəcəyindən narahat olduğunu bildirib.
Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçev deyib ki, ABŞ prezidentinin qərarı iki dövlət prinsipinin kobud şəkildə pozulması deməkdir.
Azərbaycan Xarici İşlər Nazirliyindən də məsələyə münasibət bildirilib: “Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Şərqi Qüdsü Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır. Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq”.
Yeri gəlmişkən, son illər beynəlxalq vasitəçilər İsrail-Fələstin münaqişəsinin tənzimlənməsinin “iki dövlət, iki millət” prinsipi ilə həll etməyin daha uyğun olduğunu dəstəkləyirlər. Dekabrın 7-də BMT Təhlükəsizlik Şurasının, dekabrın 13-də isə İslam Əməkdaşlıq Təşkilatının ABŞ-ın qərarını müzakirə etmək üçün toplantıları keçiriləcək.
Hətta Qüds ABŞ-la Avropa İttifaqı arasında da gərginliyə səbəb ola bilər. Çünki indiyədək İttifaq bir sıra məsələlərə münasibətdə ABŞ-ın kölgəsində qalır, onu dəstəkləyir. Trampın məlum qərarına münasibətdə isə Avropa İttifaqı bu mövqedə qalmaq istəmədiyini nümayiş etdirmək niyyətindədir. Yaxud Ağ evin indiki yiyəsi qərarını, deyəsən, müttəfiqləri, o cümlədən Avropa İttifaqı ilə razılaşdırmayıb. Belə bir vəziyyət ABŞ-ın Yaxın Şərq siyasətinin perspektivdə dəstəklənməsinə zərbə vura bilər. Ancaq rəsmi Vaşinqtonun belə bir riskə getməsi elə də ciddi görünmür. Ona görə də ABŞ və İttifaq arasında məsələyə münasibətdə razılaşmanın mövcudluğunu ehtimal etmək olar. Belə qənaətə gəlmək olar ki, avropalıların çıxış və münasibətləri tərəflər arasında razılaşdırılmış rol bölgüsüdür.
Eyni zamanda Qüds məsələsi Azərbaycan üçün də özünəməxsus mesaj sayıla bilər. Çünki ölkənin Dağlıq Qarabağ və ətraf bölgələri 25 ildən artıqdır Ermənistan tərəfindən işğal altında saxlanılır. Təəssüf ki, bu işğalı beynəlxalq vasitəçilər hələ də münaqişə adlandırırlar. Münaqişəni tənzimləmək istəyən beynəlxalq vasitəçilərdən biri ABŞ-dır. Münaqişələrin həllinə də vasitəçiliyi tərəflərin inanıb etibar etdiyi dövlət və qüvvələr edir. Bu missiyanı üzərinə götürənlərin hər iki tərəfi qane edəcək qərar qəbul etməsi nəticəsində məsələ ədalətli həllini tapır. Ancaq Qüds məsələsində ABŞ-ın beynəlxalq vasitəçiliyinə kölgə düşdü. Başqa sözlə, onun Dağlıq Qarabağla bağlı münaqişənin həllində beynəlxalq sənədləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüquqdakı ərazi bütövlüyünü nəzərə alacağı şübhəlidir. İndiyədək ABŞ rəsmiləri Ermənistanın işğalçı olduğunu bildirməsələr də, Dağlıq Qarabağ və ətraf rayonlar daxil omaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını vurğulayıblar. Bu münaqişənin həlli ilə bağlı əsas prinsip ərazi bütövlüyüdür. Ancaq beynəlxalq vasitəçilər 25 ildir bu prinsipi həyata keçirə bilmirlər.
Bu gün ABŞ dolları ilə dünyada hakimlik edir. Onun bütün qüdrəti bundan qaynaqlanır. Bu dövlətin demokratik olduğu düşünüldüyündən daha ədalətli qərarlar qəbul edəcəyinə inam da var. Belə hesab edilir ki, ABŞ-ın bütün dünya siyasətində aparıcı olması onun ənənəvi “güclüsənsə, deməli, doğrusan” deyiminə uyğun gəlmir. Bu ölkənin düzgünlüyünün hərbi qüdrətindən və sairdən asılı olmadığını sübut etməyə çalışır, ABŞ-ın gücünün demokratikliyindən doğduğunu iddia edirlər. ABŞ-ın öz vətəndaşları üçün demokratikliyinə şübhə yoxdur. Ancaq Qüdslə bağlı qərarı münaqişələrin həllində onun ədalətli mövqe tutacağına şübhələri təsdiqlədi. Hər halda inanmaq istəməsək də, ancaq bu hadisə 981 il bundan əvvəl başlamış prosesin davam etdiyini göstərir.