Bakı. 30 noyabr. REPORT.AZ/ Düşmən də şeytan kimidir, onu müxtəlif qiyafələrdə, gözlənilməz yerlərdə görmək mümkündür, yaxud çeşildi formada üzə çıxa bilir. Azərbaycanın düşmənləri də belədir və onlara dünyanın hər yerində rast gəlmək olur. O, nüfuzlu beynəlxalq təşkilatlarda, küçə və meydanlarda, konsert zallarında, hətta stadionlarda ortaya çıxıb şeytan kimi ara qarışdırır. Bu baxımdan, “düşmənimiz kimdir” sualına cavab verməyə ehtiyac olmasa da, müəyyən mənada aydınlıq gətirməyə çalışaq.
Azərbaycanın torpaqlarını işğal edən, bir milyondan çox vətəndaşımızın məcburi köçkün vəziyyətinə düşməsinə bais olan, 300 mindən çox azərbaycanlının Qərbi Azərbaycandan köçkün düşməsinin səbəbkarı,
Deməli, bu yaxınlarda Tehranda “Azadlıq” (“Azadi”) stadionunda düşmən yenə öz məkrli niyyətini ortaya qoyub. Belə ki, noyabrın 25-də Təbrizin “Traktor” futbol klubu ilə qarşılaşmada Tehranın “Persepolis” komandasının tərəfdarları Ermənistanın işğalçılıq siyasətinə və əməlinə dəstək nümayiş etdirərək “Artsaxe erməni” ifadəsi yazılmış pankart açıblar. Bu da təbii olaraq etirazlar doğurub. Qərbi Azərbaycan əyaləti Urmiya şəhərinin deputatı Hadi Bahaduri, Təbriz şəhərindən deputat Zəhra Sai bu pankartın qaldırılmasını pisləyib. Zəhra Sai belə halların ölkənin təhlükəsizliyini təhdid etdiyini bildirib: “Belə hallar milli birliyə qarşı yönəlib. Bu, bir fitnədir və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan əhalisi belə təhqirlərə düzgün cavab verməlidir. Gənclər və idman nazirindən bu məsələni izah etməsini istəyəcəyəm. Əgər cavab məni qane etməsə, məsələni parlamentdə qaldıracağam”. Azərbaycanın Mərənd və Cənubi Culfa şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məhəmməd Həsənnejat isə bu bannerin nümayiş etdirilməsinin irqçilikdən irəli gəldiyini deyib. Hadi Bahaduri “Traktor” - “Perspolis” qarşılaşması zamanı baş verən hadisəyə münasibət bildirərkən deyib: “Oyundan qabaq elan olunmuşdu ki, stadionda təhqirə yol verilərsə, qarşılaşma dayandırılacaq. “Perspolis” tərəfdarları təhqirə başladı, ancaq oyun dayandırılmadı. Stadionun ümumi aurası və hakimin yanaşması “Traktor” komandasına qarşı yönəlmişdi. Bu vəziyyətdə belə “Traktor” yenə də bir xal qazandı. Böyük Azərbaycan millətinin təhqir olunması qəbuledilməzdir. Təhqir edənlər isə qarşılığını almalıdır. Ölkənin Baş Prokurorluğu böyük Azərbaycan milləti tərəfindən “Perspolis”ə qarşı vəsatət qaldıraraq təhqirə yol verənləri cəzalandırmaqla belə hərəkətlərin təkrar olunmasının qarşısını birdəfələlik almalıdırlar”. “Perspolis”in farsdilli azarkeşləri də Azərbaycan türklərinin ünvanına təhqiramiz şüarlar səsləndiriblər: “Türklərə ölüm!”, “Eşşək türk!” və s. Onların bu addımı Güney Azərbaycanda təbii etirazlara səbəb olub. “Traktor”un tərəfdarları stadionda “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Ya Qarabağ, ya ölüm!”, “Öl desən, ölərəm mən!” şüralarını səsləndiriblər.
Təbriz şəhərindən deputat Zəhra Sai
Əslində, 81 milyonluq İran əhalisinin, az qala, 90 faizi müsəlmandır. Bu ölkə özünü müsəlmanların təəssübünü çəkməyə iddialı sayır. Bu isə o deməkdir ki, Fələstin müsəlmanlarının haqq işini müdafiə etdiyi kimi, Azərbaycanın Qarabağ bölgəsinin işğaldan azad edilməsinə də ictimai-siyasi və mənəvi dəstək verməlidir. Fələstinin başqa şəkildə adlanmasına İran hakimiyyəti heç vaxt yol verməz. Onu İslam Respublikası ərazisində yazanları, yayanları tapar və cəzalandırar. Çünki Fələstin məsələsi İranın siyasi-ideoloji siyasətinin təməl prinsiplərindəndir. Elə müsəlman təəssübkeşliyi də bu qismə aiddir. O zaman Azərbaycanla İran arasında münasibətlərə, qarşılıqlı etimada ziyan vuranlar da cəzalandırılmalıdır. Əks halda, nə qardaşlıq, nə etibar?!
Beləliklə, Tehran dünyada İstanbuldan sonra türkcə danışan ikinci böyük şəhərdir. Bu baxımdan, düşmən düz gözümüzün qabağında ortalığa çıxır. O namərddir. Dostu düşməndən ayıranlar bu namərdə hər yerdə cavab verməyə gərək hazır ola.