Tehran dilemma qarşısında: ya ABŞ ilə danışıq, ya da “qisas tələsi” - TƏHLİL

Tehran dilemma qarşısında: ya ABŞ ilə danışıq, ya da “qisas tələsi” - TƏHLİL İranla ABŞ arasında diplomatik, ticarət və başqa sahələr üzrə münasibət yoxdur. Ancaq ara-sıra tərəflərin rəsmiləri müxtəlif məsələlər üzrə görüşlər keçirir, məsləhətləşmələr aparırlar.
Analitika
5 Avqust , 2024 15:19
Tehran dilemma qarşısında: ya ABŞ ilə danışıq, ya da “qisas tələsi” - TƏHLİL

İranla ABŞ arasında diplomatik, ticarət və başqa sahələr üzrə münasibət yoxdur. Ancaq tərəflərin rəsmiləri ara-sıra müxtəlif məsələlər üzrə görüşlər keçirir, məsləhətləşmələr aparırlar.

2015-ci ilin yayında İran və ABŞ başda olmaqla, “altılıq” ölkələri arasında Əhatəli Razılaşma Planı üzrə Müqavilə imzalanmışdı. Sonradan ABŞ-nin bu müqavilədən çıxması Tehran hakimiyyətini çıxılmaz vəziyyətdə qoymuşdu. Düşdüyü vəziyyətdən çıxmaq üçün sonradan İran Qərblə İsveçrədə nüvə proqramı ilə bağlı danışıqları davam etdirməyə başlamışdı. Ancaq İbrahim Rəisinin prezident olması ilə bu proses dayanmışdı. Sonrakı mərhələdə rəsmi Tehranın bu istiqamətdə cəhdləri uğursuzluqla nəticələnmişdi.

Qırmızı dənizdə və Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün bu il yanvarın 10-da iki ölkənin diplomatları Omanın paytaxtı Maskatda görüşüblər. Bu danışıqlarda Vaşinqton Tehrandan Yəməndəki husilərin Qırmızı dənizdə gəmilərə, Ştatların hərbi bazalarına hücumunun qarşısını almaq üçün nüfuzundan istifadə etməsini istəyib. İran tərəfi isə ABŞ Prezidenti Cozef Bayden administrasiyasından İsrailin Qəzza zolağında atəşkəsə nail olmasını xahiş edib. İsrailin ABŞ, husilərin İranla münasibətlərini nəzərə alsaq, bu görüşün açması belə ola bilər; ABŞ İrandan Qırmızı dənizdə hücumu dayandırmasını, Tehran isə Vaşinqtondan Qəzza zolağında atəşkəs elan edilməsini istəyib.

Bu danışıqlar bir nəticə vermədi. ABŞ rəsmiləri İranla mövcud məsələ ilə bağlı danışığa açıq olduqlarını bildirdilər. Ştatlar qeyd etdi ki, diplomatiya nəticə verməzsə, güc tətbiq etməyə hazırdır.

Onda görüşdə Ağ evi Yaxın Şərq və Şimali Afrika üzrə milli təhlükəsizlik şurasının koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi səlahiyyətlərini icra edən Abram Peyli, Tehranı isə xarici işlər nazirinin ovaxtkı müavini Əli Baqeri Kani təmsil edib. Bu, son 10 ayda tərəflər arasında ilk görüş sayılırdı. Yanvarda keçirilmiş bu görüşün fevralda da davam etdiriləcəyi planlaşdırılsa da, sonradan elan edilməyən səbəblərə görə təxirə salındı.

ABŞ Dövlət Departamentinin nümayəndəsi isə bildirmişdi: “İrana ismarışlar göndərmək üçün bizim çoxlu kanallarımız var”.

Tehran-Vaşintqon görüşü ötən ilin mayında da keçirilib. Onda İran hərbçiləri Ştatların İordaniyadakı hərbi bazasına hücum etmiş, nəticədə ABŞ-nin üç hərbçisi ölmüşdü. İran hadisənin məsuliyyətini üzərinə götürməmişdi.

Bu ilin eyni ayında nəzərdə tutulan görüş mayın 19-da İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Əmirhüseyn Abdullahianın helikopter qəzasında həlak olması nəticəsində baş tutmayıb. Bu danışıqların yeni prezident seçiləndən sonra davam etdiriləcəyinə dair razılaşma olduğu iddia edilir.

İranın yeni Prezidenti Məsud Pezeşkianın Qərblə danışıqlara hazır olduğuna dair verdiyi çoxsaylı açıqlamalar da cavabsız qalmamışdı. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirmişdi ki, Ağ ev İranın nüvə probleminə dair məsələnin həllində diplomatiyaya üstünlük verir: “İranın nüvə probleminin həllində diplomatiya hələ də bizim prioritetimizdir. Ancaq atdığı addımları nəzərə alsaq, ilk növbədə, İran nüvə sahəsində fəaliyyətini artırmağı dayandırmalı və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa başlamalıdır”.

HƏMAS Siyasi Bürosunun Baş katibi İsmayıl Haniyənin iyulun 31-də Tehranda iqamətgahında öldürülməsi mövcud gərginliyi bir az da artırıb. Bu, həm də tərəflər arasında danışıqları aktuallaşdırıb. Çünki ABŞ-İran danışıqlarını istəməyən, yaxud buna mane ola biləcək qüvvələrin varlığı da istisna edilmir.

Xüsusilə, İran rəsmilərinin İsrailə qarşı zərbə endirilməsinə dair ritorik açıqlamaları bu şəraiti daha da ağırlaşdırır. İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin “İranın borcu Haniyənin qisasını almaqdır”, Prezident Pezeşkianın “Haniyənin qanı yerdə qalmayacaq”, müdafiə naziri Məhəmməd Reza Aştianinin “Biz İsraillə müharibədən qorxmuruq” kimi açıqlamaları danışıqların çətinliyini göstərir.

İran Milli Təhlükəsizlik Şurasının yüksək rütbəli vəzifəlisi Küveytdə çıxan “Al-jarida” qəzetinə müsahibəsində bildirib ki, Omanın vasitəçiliyi ilə ABŞ-nin təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti İranda olub. Tehran yaxınlığındakı Kərəc şəhərində keçirilmiş bu görüşdə onlar İran rəhbərliyinə “sakitləşmək və xəbərdarlıq” ismarışlarını çatdırıblar. Ştatların nümayəndə heyəti Tehran rəsmilərini irimiqyaslı müharibədən çəkinməyə çağırıblar. Onlar İran rəhbərliyinə Haniyənin ölümü ilə bağlı atılacaq hərbi addımı “qisas tələsi” adlandırıblar.

Məlumata görə, ABŞ-nin məsul şəxsləri İranın xarici işlər naziri səlahiyyətlərini icra edən Əli Baqeri Kəniyə bunları da çatdırıb: “İsrailin Baş naziri Benyamin Netenyahu böyük bir regional müharibə istəyir. İranı məhv etmək niyyətindədir. Netenyahunun tələsinə düşməyin”.

Ştatların rəsmiləri İsmayıl Haniyəyə sui-qəsddən xəbərsiz olduqlarını da Tehran nümayəndələrinə çatdırıblar. Onlar Netenyahunun nəzarətdən (ABŞ-nin nəzarətindən-red.) çıxdığını da bildiriblər.

İsrailin müdafiə naziri Yoaf Qallant İranın istənilən hücumuna daha güclü cavab verəcəklərini bildirib : “Biz qurudan və havadan cavab verib, hücuma keçməyə hazırıq”.

Benyamin Netenyahu da istənilən ssenariyə hazır olduqlarını vurğulayıb: “Biz hücum və ya müdafiə xarakterli istənilən ssenariyə hazırıq”.

ABŞ Prezidenti Cozef Baydenin jurnalistlərin “İran geri çəkiləcək?” sualına cavabı çox qısa olub: “Ümid edirəm. Bilmirəm”.

Bu ilin aprelində də İranla İsrail arasında oxşar vəziyyət yaranmışdı. Tehran yəhudi dövlətinə hücum edəcəyi ilə bağlı Türkiyə vasitəsi ilə ABŞ-ni xəbərdar etdiyini iddia etsə də, sonradan Vaşinqton bunu təkzib etmişdi. Belə çıxır ki, İran onda beynəlxalq ictimaiyyətin xəbəri olmadan İsrail istiqamətində atəş açıb.

İndi isə vəziyyət fərqlidir. Hadisə aprel ayından fərqli olaraq başqa ölkə ərazisində deyil, Tehranda prezidentin andiçmə mərasimində reallaşıb. Bu sui-qəsdi törədənlər həm də İran hakimiyyətinə meydan oxumuş sayılır. Ona görə İran rəsmiləri bəlağətli çıxışlar edir. Daxili və xarici auditoriyanı bununla sakitləşdirməyə çalışırlar. Ötən gün ABŞ-nin dövlət katibi Antoni Blinken “G-7”-nin XİN başçılarının görüşündə yaxın 24 saat ərzində İran və Livan “Hizbullah”ının İsraili vura biləcəyini iddia edib.

Bu faktlardan da göründüyü kimi, İranla ABŞ arasında daim dialoq olub. Bu isə regionda və dünyada gərginliyin azalmasına, habelə ştatların maraqlarının qorunmasına xidmət edir. Düzdür, danışıqlar Tehran hakimiyyətinin də mənafeyinə zidd deyil. Ehtimal etmək olar ki, İran belə görüşlərin tərəflər arasında müəyyən isti münasibətlərin yaranmasına təkan verər. Bu isə ştatlarla gələcək əlaqələrin qurulması üçün zəmin yaradar. Xamənei tərəfindən Məsud Pezeşkian prezident "təyin olunduqdan" sonra Tehran özünü onun arxasında xoşməramlı göstərə bilər. Başqa sözlə, İbrahim Rəisinin hökumətə başçılıq etdiyi dönəmdə zəif olan ikitərəfli görüşlər yenidən başlayar.

2015-ci ildə Həsən Ruhaninin prezidentliyi dönəmində ABŞ başda olmaqla Qərblə əldə edilən razılaşmada əməyi olan Məhəmmədtağı Zərifin Pezeşkianın strateji məsələlər üzrə vitse-prezident təyin olunması məlum istiqamətdə də dialoqun bərpasını ehtimal etməyə əsas verir. İran prezidentinin Qərblə danışıqlara hazır olmaq barədə açıqlamalarını Zərif reallaşdıra bilər. Buna onun ABŞ ilə bağlı həyatı və fəaliyyəti yardım edər. Hələlik isə İranın qarşısında Haniyənin öldürülməsi ilə bağlı məsələni daha az itki ilə həll etmək durur. Baş katibin öldürülməsi Tehran hakimiyyətini çox çətin vəziyyətə salıb. O, ABŞ başda olmaqla Qərblə ya danışığa gedəcək, ya da onu hörümçək toru kimi əhatə edən bu kimi problemləri həll edəcək:

- onu dəstəkləyən güclər Çin və Rusiya ilə münasibətləri saxlamaq;

- hakimiyyətdaxili qüvvələri (islahatçı mühafizəkar qarşıdurması) razı salmaq;

- Pekin qətnaməsinə əsasən, Fələstinin, o cümlədən HƏMAS-ın İsraillə sülhə razılıq verib, onu tanımaq istəyən qüvvələrin mövqeyinə neytral yanaşmaq;

- daxildəki narazı cəmiyyət tələblərini qarşılamaq;

- ölkəni ağırlaşan maliyyə-iqtisadi vəziyyətdən çıxarmaq;

- ətrafında saxladığı proksi qüvvələri razı salmaq və s.

Odur ki, ABŞ ilə danışıqlara hazır olmaq İranın mövqelərini itirmək və məhrum olmaqla nəticələnə bilər. Hələ ki, Tehran yürütdüyü siyasətlə “qisas tələsinə” doğru yürüyür.

Son xəbərlər

Orphus sistemi