Neokolonializmə qarşı aparılan beynəlxalq hərəkat, təşəbbüs öz bəhrəsini verməkdədir. Getdikcə daha çox ölkə Azərbaycanın başlatdığı hərəkata qoşulur, bu istiqamətdə keçirilən tədbirlərə iştirak etmək istəyini ortaya qoyur.
Bakıda Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda öz işinə başlayan qurultayı bu baxımdan tarixi adlandırmaq olar.
Ən önəmlisi də odur ki, qurultayın keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur. Niderlandın müstəmləkəsi olan Bonayre və Sen-Martin adalarından üç təşkilat qurultayda fəxri qonaq qismində iştirak edir.
Əvvəla, iştirakçılar tərəfindən qurultayın məkanı kimi məhz Bakının seçilməsi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə lokomotiv rolunu üzərində götürərək kolonializm və neokolonializmə qarşı mübarizəyə qətiyyətli dəstək verməsidir. Həmçinin, müstəmləkə altında yaşayan xalqlar Fransa tərəfindən hazırda blokada şəraitində yaşadığına, habelə müstəmləkəçiliyin fəsadlarının dünya ictimaiyyətinə çatdırılması üçün imkanlardan məhrum olduqlarına görə qlobal mövzularda dünyada nüfuz qazanmış və onların ədalətli mübarizəsinə dəstək verən Azərbaycana üz tuturlar.
Xatırlatmaq istərdik ki, cari ilin may ayında Azərbaycan Respublikası BMT-nin Dekolonizasiya üzrə Xüsusi komitəsinin (C-24) ildə bir dəfə təşkil edilən regional tədbirində ilk dəfə iştirak edib. Həmin tədbirdə iştirak vasitəsilə Azərbaycan tərəfi dekolonizasiya prosesinə sadiqliyini bir daha dünya ictimaiyyətinə göstərib. Bu prosesdə addımların davamlı xarakter daşımasının göstəricisi kimi Azərbaycanın C-24-ün növbəti regional tədbirinə ev sahibliyi etmək niyyətini qeyd etmək olar.
Şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin kolonializm və neokolonializmin iyrənc fəsadlarını pisləyən, müstəmləkəçiliyi kəskin qınayan iki çıxışı BMT-nin rəsmi sənədi kimi yayılaraq, Fransa əsarəti altında yaşayan xalqlarda ümid yaradıb. Qoşulmama Hərəkatı çərçivəsində yaradılan Bakı Təşəbbüs Qrupu ölkəmizin dekolonizasiya prosesinə verdiyi növbəti böyük töhfə kimi yadda qaldı.
Bu gün Bakı Təşəbbüs Qrupu müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların əlaqələndirici mərkəzi rolunu oynayır. Təsadüfi deyil ki, yarandığı bir il ərzində BTQ dünyanın müxtəlif ölkələrində Fransanın əsarəti altında yaşayan ərazilərin təmsilçilərinin iştirakı ilə 15-ə yaxın beynəlxalq konfrans təşkil edib. Fransa müstəmləklərində xalqın oyanışı istiqamətində mühüm irəliləyişlərin olması Niderlandın müstəmləkə altında saxladığı xalqlarda da özünə inam yaratmış, onlar da dekolonizasiya sahəsində dəstək üçün Bakı Təşəbbüs Qrupuna müraciət etmişlər. Nəticədə təşkilatın cari ilin iyun ayında BMT-in Baş qərargahında keçirtdiyi beynəlxalq konfransda və hazırda işini davam etdirən qurultayda Niderland müstəmləklərini təmsil edən 3 siyasi hərəkatın rəhbərləri təmsil olunur.
Yeri gəlmişkən, Bakıda keçirilən tədbirdə iştirak edən iştirakçılar neokolonializmin fəsadları və ona qarşı mübarizədn bəhs ediblər. Məsələn, Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest tədbirdə bəyan edib ki, bütün xalqlarının öz hüquqlarından istifadə etmələrinin həlli yollarını tapılmalıdır. O qeyd edib ki, Fransa bu gün öz ölkəsində baş verənlərə görə çətinlik çəkir: "Bu heç kimə sirr deyil. Yoxsulluq, miqrant məsələləri var. Fransa xalqı düşmən xalq deyil. Elə şərait yaradılmalıdır ki, biz öz hüquqlarımızdan istifadə edək". O vurğulayıb ki, qurultay gələcək platformalar üzərində çalışmaq üçün önəmlidir: "Biz fikir mübadiləsi apararaq yeni dünya düzəni quracağıq və öz yerimizi tapacağıq”.
Fransanın müstəmləkəyə çevirdiyi ərazilərin müstəqilliyi uğrunda mübarizə aparan hərəkatların bu gün Bakıda keçirilən birinci qurultayı diqqəti neokolonializm ilə bağlı problemlərə cəlb etmək və onlara son qoymaq məqsədi daşıyır. Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin nümayəndəsi Jan Jakob Bisep bildirib ki, bu qədər siyasi partiyaların, müstəqillik hərəkatlarının iştirakı ilə birinci qurultayın keçirilməsi əməkdaşlığımıza yüksək diqqətin göstəricisidir. 2021-ci ildən Azərbaycan müstəmləkəçiliklə mübarizə məqsədilə təkcə Bakıda deyil, Nyu-York, Cenevrə və digər şəhərlərdə də çoxsaylı tədbirlər təşkil edib. O, həmçinin tədbirin təşkilinə və müstəmləkəçilik siyasətinə qarşı mübarizə üçün beynəlxalq platformanın yaradılmasına görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Yeni Kaledoniya Partiyasının üzvləri Bakıda keçirilən qurultayda ölkələrində yaşanan çətinliklərdən danışıblar.
Qurultayda səslənən fikirlər də dəhşət doğurur. Məsələn, Yeni Kaledoniya Partiyasının üzvü İzabella Kaloi bildirib ki, bu günədək 1500-ə yaxın şəxs həbs edilib: "Bir çox valideynlər hələ də övladlarını axtarır. Yeni Kaledoniya ilə bağlı narahatlıqlar var. Ölkəmizdə diktatorluq rejimi yaradılıb. Məktəblərimiz iflic vəziyyətdədir. 60 min şagirdimiz təhsil ala bilmir. Tibb mərkəzlərimiz də darmadağın edilib. Biz terrorçu deyilik, haqlarımızı tələb edirik".
Vurğulanıb ki, Fransa dövlətinin hərəkətləri qəbuledilməzdir: "Yeni Kaledoniyada vəziyyət dəhşətlidir. Makron Fransası demokratiyaya üz çevirib. Vətəndaş müharibəsi deyil, müstəqillik uğrunda mübarizə aparırıq".
Qurultayda ən diqqətçəkən fikirlərdən biri də o oldu ki, BTQ Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı həbs olunanların və siyasi məhbusların ailələrinə kömək edəcək.
Qeyd edək ki, Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs edilib. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif formalı işgəncələrə məruz qalıblar. Hətta aralarında azyaşlı uşaqları olan qadınlar da var. BTQ də həmin siyasi məhbuslardan bəzilərinin ailələrinə kömək etməyə hazır olduğunu bəyan edib.
Beləliklə, birmənalı şəkildə deyə bilərik ki, neokolonializmə qarşı Bakıdan başlanan təşəbbüs öz bəhrəsini verir. Bu səbəbdən də baş tutan qurultayı, iştirakçıların da qeyd etdiyi kimi, tarixi adlandırmaq olar.