Azərbaycan və Ermənistan bir-birinə güllə atmadan, addım-addım sülh prosesinə yaxınlaşmaqdadır. Bu gün yayılan xəbər də iki ölkə arasında münasibətlərdə tarixi sülh prosesin başlanğıcı kimi qiymətləndirilə bilər. Artıq Azərbaycan sərhədçiləri Qazaxın azad edilmiş dörd kəndini nəzarətə götürüblər.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə bu il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb. Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.
Azərbaycan və Ermənistan arasında sərhəddə mayın 15-də Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib. Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
Onu da bildirək ki, Azərbaycan delimitasiya prosesi çərçivəsində bir qarış torpağını da Ermənistana verməyib. Azərbaycan regionda yaratdığı yeni reallıqlar fonunda diktə edən tərəf kimi öz sözünü bir daha dedi. Delimitasiya prosesi çərçivəsində Azərbaycanın bir qarış torpağının belə Ermənistana verilməməsi 44 günlük müharibə və antiterror əməliyyatı zamanı qələbəmizin davamıdır.
Bütün bunların, eləcə də Azərbaycanın son illər qazandığı nailiyyətlərin miqyasının dünyada analoqu yoxdur. Postsovet məkanında indiyə qədər torpağını itirmiş heç bir dövlət onu geri qaytarmağa müvəffəq olmayıb. Bu, o deməkdir ki, Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya tarixində görünməmiş səhifələr açır. Dövlət başçısı Azərbaycanı nəinki güclü dövlətə çevirir, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edib, torpaqlarımızı kənd-kənd, şəhər-şəhər geri qaytarıb.
Bu fonda xüsusi bir məqama da toxunmaq istərdik. Suverenliyimizin bərpası ilə paralel digər bir vacib nüans da həyata keçirilib. Rusiya sülhməramlıları Azərbaycandan çıxarılır, ölkəmizin ərazisində heç bir xarici qüvvə qalmır.
Ən vacib məqamlardan biri də İlham Əliyevin iradəsi sayəsində Azərbaycanın taleyi ilə bağlı qurulan bütün kənar mənfi ssenarilərin alt-üst olmasıdır. Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradan İlham Əliyevin praqmatik xarici siyasəti, uzaqgörən və məqsədyönlü strateji kursu postmüharibə mərhələsində Azərbaycan dövlətinin bütün hədəflərinin gerçəkləşməsini mümkün edir.
Proseslərin gedişi və qazanılan nailiyyətlər bir daha sübut edir ki, İlham Əliyevi dövlət başçısı seçməklə xalqımız tarixi addım atıb. O, dövlətimizin və xalqımızın həyatında taleyüklü məsələləri vaxtında və dəqiq, möhtəşəm qələbələrlə həll etməklə bütün ümidləri layiqincə doğrultdu, arzularımızı reallaşdırdı. Hadisələrin gedişi göstərir ki, Azərbaycan Prezidenti bütün prosesi zərgər dəqiqliyi, məntiqi ardıcıllıq, yüksək siyasi iradə və qətiyyətli addımları ilə davam etdirir. Prezident özü də bəyan etmişdi ki, anklav olmayan dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır: “O kəndlər ki anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalı və müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalı və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir”.
Bu razılaşma ilə bir daha təsdiq olundu ki, bəzi Qərb dövlətləri və neoimperialist dairələr regionda davam edən proseslərdən nə qədər uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq bir o qədər tez təmin ediləcək.
Qeyd edək ki, bu kəndlər 90-cı illərin əvvəllərində ermənilərin işğal etdiyi ilk yaşayış məntəqələri olub. Ermənilər həmin ərazilərdə ciddi vandallıqlar törədiblər. Bu mənada, sərhədlərin müəyyənləşməsi prosesinin məhz həmin yerlərdən başlanması xüsusi əhəmiyyətə malikdir.
Beləliklə, Qazaxın kəndlərinin diplomatik yolla azad olunması ilə həm də Qərb güclərinin təbliğat və təxribat cəhdləri bir daha ifşa olundu. Azərbaycan onların Qazaxın kəndləri ilə bağlı məsələyə qarışmasına imkan vermədi. Bakı və İrəvan qarşılıqlı anlaşma şəraitində məsələni öz aralarında həll etdilər.