TANAP - Azərbaycanın dünyada təhlükəsizlik və əməkdaşlığa daha bir töhfəsi - ŞƏRH

TANAP - Azərbaycanın dünyada təhlükəsizlik və əməkdaşlığa daha bir töhfəsi - ŞƏRH Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanın həmmüəlifi olduğu daha bir böyük layihənin iyunun 12-də açılışı oldu. Türkiyənin Əskişəhərində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak ediblər.
Analitika
13 İyun , 2018 12:27
TANAP - Azərbaycanın dünyada təhlükəsizlik və əməkdaşlığa daha bir töhfəsi - ŞƏRH

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanın həmmüəlifi olduğu daha bir böyük layihənin iyunun 12-də açılışı oldu. Türkiyənin Əskişəhərində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində layihənin reallaşması ideyasından, onun texniki göstəricilərindən və əhəmiyyətindən danışarkən, vurğulayıb ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir: "Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır – enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaq. Cənub Qaz Dəhlizi həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir".

Azərbaycan Prezidenti İlham Əliyev

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan layihənin əhəmiyyətinin çox yüksək olduğunu söyləyərək deyib ki, "Enerji İpək Yolu" kimi tanınan layihənin açılışını edirik: “TANAP ortaq baxışımızın ən son nəticəsidir. Enerji bazarında dəyişikliklərə və ehtiyaclara cavab verən bu layihə eyni zamanda gələcəkdə həyata keçirəcəyimiz yeni layihələr üçün müjdədir".

Bu layihənin təməli 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub.

TANAP-ın açılış mərasimindən əvvəl bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olub. Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz Mərhələ-2” çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək, Xəzər dənizindən Avropaya ötürüləcək.

Təsadüfi deyil ki, Cənub Qaz Dəhlizi dünyada neft-qaz sənayesində indiyədək mövcud olan ən mühüm və ən iddialı layihələrdən biri sayılır. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqlabütün regionun enerji xəritəsini dəyişəcək.

Layihə 2020-ci ildə tam işə düşməlidir. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

TANAP layihəsi ilə bağlı bəzi faktlara nəzər salaq.

TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisindədir.Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir.

Boru kəmərinin “Faza-0” adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Türkiyəyə qaz ilk olaraq bu çıxış nöqtəsindən veriləcək.

Avropaya qaz veriləcək “Faza-1” adlandırılan hissənin (Əskişəhərdən Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir. “Faza-1” 2019-cu ilin sonuna Avropa üçün qazı qəbul etməyə hazır olacaq.

TANAP Türkiyənin Ərdahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozgat, Kırşehir, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə daxil olmaqla 20 şəhərindən və 67 rayonundan keçərək, Yunanıstan sərhədində Ədirnənin İpsala rayonunda başa çatır. Bu xətt Türkiyədə indiyə qədər inşa edilən ən böyük həcmli və uzunluğa malik boru kəməridir.

Trans-Anadolu Qaz Boru Kəməri layihəsinin dəyəri 8 mlrd. dollardır. 

Azərbaycan bu layihənin reallaşması ilə dünyada təhlükəsizliyin, əməkdaşlığın, qarşılıqlı iqtisadi maraqların təmin olunması tərəfdarı olaraq, özünü bir daha sübut edir. TANAP energetika bazarında hegemonluğa və ya inhisarçılığa qarşı atılan addımdır. Qərb uzun illərdir karbohidrogen daşıyıcılarının nəqlinin şaxələnməsi istiqamətində fəaliyyətə başlayıb. Həmin ideyanın reallaşmasına Azərbaycan Bakı-Tbilis-Ceyhan kimi TANAP-ın açılışı ilə də öz töhfəsini verir.

Azərbaycan bu kimi irihəcmli beynəlxalq layihələrdə aparıcı olmaqla, həm də bölgədəki tranzit dövlətlərin əhəmiyyətini artırır. Həmin dövlətləri xaricdən gələn siyasi, iqtisadi təzyiqlərdən qoruyur.

Layihə Ukrayna kimi “mavi yanacaq” tələbatının ödənilməsi üçün alternativ axtarışında olan dövlət üçün müstəsna əhəmiyyət daşıyır.

Ukrayna Prezidenti Petro Poroşenko

Bunu Ukrayna Prezidenti Petro Poroşenkonun açılşı mərasimindəki çıxışı da təsdiqlədi: "TANAP layihəsinin işə düşməsi Azərbaycan, Türkiyə, Avropa İttifaqı ölkələri və Ukrayna üçün vacib bir məqamdır. Bu, Ukraynanın enerji daşıyıcılarının şaxələndirilməsi üçün də önəmlidir. Ukrayna bu layihəyə tam dəstək verir. Ölkəmiz bu layihədən yararlanmaq üçün addımlar atacaq".

Odur ki, Azərbaycan bu istiqamətdə mövcud fəaliyyəti ilə Avropanın yalnız energetika sarıdan ehtiyacının ödənilməsinə yardım etmir, qitənin təhlükəsizliyinin təmin olunmasında aparıcı rollardan birini oynayır, onun siyasi və iqtisadi tərəfdən hədələnməsinə mane olur.

TANAP kimi layihələrə həmmüəlliflik etməklə Azərbaycan dünyaya, bölgə dövlətlərinə əməkdaşlığın işğalçılıqdan, təcavüzkarlıqdan, qonşu ölkələrin torpaqlarına iddia etməkdən daha xeyirli olduğunu sübut edir.

Azərbaycanın iştirak etidiyi təhlükəsizlik baxımından təminatlı, daha çox iqtisadi maraqların təmin olunmasına xidmət edən layihələrə perspektivdə zəngin karbohidrogen ehtiyatlarına malik Orta Asiya dövlətlərinin də qoşulması ehtimalı var. Bu həm də Avrasiya materikinin təhlükəsizliyi, iqtisadi cəhətdən inkişafı deməkdir.

Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və təbii qaz boru xətləri, Bakı-Tbilis-Qars dəmiryol xətti yuxarıda qeyd etdiyimiz mətləbi təsdiqləyir.

TANAP Azərbaycan, Gürcüstan və Türkiyə müttəfiqliyinin əhəmiyyətini də dünyaya nümayiş etdirir. Belə birlik bir daha təsdiqləyir ki, regional əməkdaşlıq geniş miqyasda təhlükəsizliyə, iqtisadi əməkdaşlığa daha çox fayda verər. Regional müttəfiqlik bölgədəki məsələlərin danışıqlar yolu ilə həllinə də müsbət təsir göstərə bilər.

Bundan başqa, Azərbaycan həmmüəlifi olduğu layihələrlə ABŞ başda olmaqla Qərbin müttəfiqlərinin də təhlükəsizliyinə dəstək verir. ABŞ dövlət katibi köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk Ankarada jurnalistlərə layihənin əhəmiyyətli olduğunu bildirib: “ABŞ-ın birbaşa sərmayəsi və ticarət üstünlüyü olmasa da, mənbələrin şaxələndirilməsi və enerji təhlükəsizliyinə töhfə verdiyinə görə TANAP-ı dəstəkləyirik. Bu, müttəfiq və tərəfdaşlarımızın enerji təhlükəsizliyi bizim üçün önəmlidir”.

Heç şübhəsiz, rəsmi Bakının bu istiqamətdə atdığı xoşməramlı addımlar bəzilərini qıcıqlandırır. Həmin qüvvələr özlərini Azərbaycana dost göstərməyə çalışırlar. Arxa plan da isə onun həyata keçirdiyi regional layihələrinin icrasını əngəlləməyə çalşırlar. Bundan başqa, Dağlıq Qarabağ bölgəsinin işğaldan azad edilməsi istiqamətində əməli addım atmırlar. Əksinə,  işğalın uzanmasına yardım göstərirlər. Bu vəziyyəti uzatmaqla həmin qüvvələr Azərbaycanı irimiqyaslı layihələrdən çəkindirməyə cəhd edirlər.

Bu layihənin istismara verilməsi Azərbaycanla Türkiyənin bir mövqedən çıxış etməsindən narahat olanlara da özünə məxsus bir mesaj verdi. Bakı və Ankara region dövlətlərinə, bölgədə marağı olan güclərə bir daha sübut etdi ki, bu iki dövlətin yaxınlaşmasından ehtiyatlanmaqdansa, onlarla əməkdalıq edib, qarşlıqlı şəkildə faydalanmaq daha məntiqlidir.

Beləliklə, Azərbaycan dünyada, o cümlədən Avropada təhlükəsizlik və əməkdaşlıq üçün həyata keçirilən daha bir böyük layihənin uğurla həyata keçirilməsinə həmmüəlliflik və rəhbərlik etdi. 

Son xəbərlər

Orphus sistemi