Ermənistanın uzun illərdir apardığı xarici siyasət ölkəni regiondakı bir sıra nəqliyyat layihələrindən kənar qoyub. Bu səbəbdən də baş nazir Nikol Paşinyan 26 oktyabr tarixində Tbilisidə keçirilən “İpək Yolu” forumunda çıxışı zamanı “Sülh kəsişməsi” layihəsini ortaya atıb.
Əslində, bu layihə uzun müddətdir heç kəsin üzünə belə baxmadığı “erməni qovşağı”nın adı dəyişdirilmiş formasıdır. Paşinyan komandası layihənin reallaşa bilmə analizini aparmaqdansa, onun reklamı ilə məşğul olmağı üstün tutub. Amma bu, sadəcə daxili auditoriya üçün hesablanmış şoudan başqa bir şey deyil. Təsadüfi deyil ki, uzun müddət qoltuğunda xəritə ilə Avropanı gəzən hökumət üzvləri heç bir müsbət rəy və təklif almayıblar.
Qərbdən istədiyi dəstəyi ala bilməyən erməni siyasi elitası üzünü Hindistan və İrana tərəf çevirib. “Yeni regional reallıqlar və “Sülh kəsişməsi” konfransında iştirak edən və çıxış edən qonaqlara nəzər yetirmək də bunu sübut edir. Konfransda çıxış edən Ermənistan XİN başçısının müavini Mnatsakan Safaryan bildirib ki, təmsil etdiyi dövlət “Şimal-Cənub” və “Fars körfəzi-Qara dəniz” kimi regional və qlobal təşəbbüslərdə əməkdaşlığa böyük əhəmiyyət verir.
Söz “Şimal-Cənub” dəhlizindən düşmüşkən, qeyd etmək yerinə düşər ki, erməni hökuməti bu layihəni nəqliyyat blokadasından çıxmaq üçün böyük şans hesab edir. Uzun müddətdir İran və Hindistanla bu dəhliz barədə müzakirələr, görüşlər keçirilsə də, real olaraq nəticə yoxdur. Səbəb isə sadədir, tərəflərin heç biri yol infrastrukturunun hazırlanmasına külli vəsait ayırmaq niyyətində deyil. Bir neçə dəfə keçirilən görüşlərdə həm Tehran, həm də Delhi tərəfi işarə edib ki, İrəvan bu işə pul buraxmalı, nəqliyyat infrastrukturunu beynəlxalq nəqliyyat dəhlizi tələblərinə uyğun təmin etmək üçün prosesi sürətləndirməlidir.
Söhbət təbii ki, Şimal-Cənub magistralının tikintisindən gedir. Bu layihə isə Ermənistanın dövlət büdcəsi hesabına reallaşdırıla bilməz. Sosial problemlər məngənəsində günü-gündən daha çox sıxılan və xarici dövlət borcu hər il artan hökumət bu yükün altından qalxa bilməz. İkinci variant isə xarici investisiyaların cəlb edilməsi olsa da, artıq rəsmi İrəvan xarici əlaqələrdə etibarsız dövlət kimi tanınır, müttəfiq və tərəfdaş ölkələrlə qeyri-sabit əlaqələrə sahibdir. Belə olduğu halda, heç bir xarici investor bu işə qol qoymaz.
Əslində bu layihəyə Çin və Hindistan böyük maraq göstərə bilər. Çünki layihə Avrasiya-Hindistan ticarəti üçün daşınmaların xərclərini xeyli azalda bilər. Çin isə regionda bu tip layihələrə maraq göstərən ölkədir.
Eyni zamanda İranda da yükdaşımaların cəmi 2-3 faizi dəmiryolu vasitəsilə reallaşdırılır. Bu dəhlizin işə düşməsi İranın da faydalanacağı qol ola bilər. Amma yuxarıda sadalanan səbəblər layihəyə sözügedən dövlətlər tərəfindən marağı kəskin azaldır.
Bu sıraya Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu yaxınlarda səsləndirdiyi “İrəvanın yekun mövqeyinin olmaması səbəbindən Ermənistanın Sünik (Zəngəzur) vilayəti Şimal-Cənub dəhlizinin bir hissəsi kimi nəzərdən keçirilmir” bəyanatı da Kremlin qəzəbinə tuş gələn Paşinyan hökumətinin bu layihədən kənarlaşdırılması anlamına gəlir. Rusiya bu dəhliz vasitəsilə Qərbin sanksiyalarından yan keçərək beynəlxalq bazarlara çıxa bilər. Eyni zamanda son dövrlər Aİİ və İran arasında əməkdaşlıq da inkişaf edir. Rəsmi İrəvanın isə yekun mövqeyinin olmaması Rusiyanı qəzəbləndirib.
“Sülh kəsişməsi” və ya əsl adı ilə “erməni qovşağı” layihəsinə gəldikdə isə çeynənmiş fikirlər, kopyalanmış ideyalar və oğurluq prinsiplərlə zəngindir. Birincisi, təklif edilən layihə Azərbaycan, Gürcüstan, Türkiyə və İran arasında uzun müddətdir ki, reallaşıb. Artıq istifadə olunan fikri yenidən qonşulara təklif etmək hansı məntiqə sığar? Onsuz da Azərbaycan, Gürcüstan, Türkiyə və İran Ermənistanın iştirakı olmadan yeni meqa layihələri müzakirə edir, dəniz yolu və dəmir yolu, digər nəqliyyat infrastrukturlarını ehtiva edən məsələlər barədə razılığa gəliblər və gəlirlər. Sözügedən dövlətlər Ermənistan olmadan belə kommunikasiya şəbəkələrinin sahibidirlər və bir sıra ciddi proqramları həyata keçirirlər.
Ermənistan hökuməti bütün real ideyaları Qərb dairələrinin maraqlarına qurban verib. Əgər Qərb, İran, Hindistan, Çin, Mərkəzi Asiya, Rusiya və digər dövlətlər regionda meqa layihələrin və beynəlxalq nəqliyyat dəhlizlərinin işə düşməsi, reallaşması üçün kilid ölkənin Azərbaycan olduğunu anlayıb və buna uyğun addımlarını seçirsə, erməni siyasi elitasının son hərəkətlərini anlamaq, məntiqi olduğunu düşünmək artıq qeyri-mümkün olub.
Bütün sərsəm və avantüra dolu ambisiyalarından əl çəkərək sülh müqaviləsini imzalamaq, Türkiyə və Azərbaycanla sərhədləri açmaq, regionun kommunikasiya infrastrukturunu blokdan çıxarmaq əvəzinə, şou göstərmək, rəsmi İrəvana nə verə bilər? Siyasi kursunu Qərbə tərəf istiqamətləndirən, göstəriş və direktivləri canla-başla yerinə yetirən Paşinyan hökumətinin ucuz “Sülh kəsişməsi” şousu başına bəla açıb. Baş nazirin arqumentlərinə və kollektiv Qərbə “sədaqət andı”na baxmayaraq, artıq Avropanın siyasi kulislərində “Sülh kəsişməsi” layihəsi ilə bağlı ciddi şübhələr ortaya çıxıb.
Məlum olub ki, layihə Rusiyaya qarşı deyil, əksinə, Kremlin Cənubi Qafqazda daha da fəallaşmasına imkan verəcək. Qeyd edilir ki, artıq rəsmi İrəvan ciddi təşvişə düşüb və sədaqətlərini təsdiqləmək, şübhələri aradan qaldırmaq üçün müvafiq mərkəzlərə elçilər göndərir. Ötən həftə Vaşinqtona və Avropanın bir neçə paytaxtına hakimiyyətə xidmət edən şəxslər elçi kimi göndərilib və münasibətləri normallaşdırmağa çalışırlar.
Rusiyanı regiondan sıxışdırmaq üçün erməni kartından istifadə edən Qərb üçün məsələ sürpriz sayılır. Ehtimal edilir ki, yaxın vaxtlarda Paşinyana yüngül “qulaqburma” da veriləcək.
Kamil Məmmədov