Son 80 ildə yalnız Azərbaycanın yazdığı tarix - heç kim tərəfindən qazanılmayan tam qələbə - ŞƏRH

Son 80 ildə yalnız Azərbaycanın yazdığı tarix - heç kim tərəfindən qazanılmayan tam qələbə - ŞƏRH Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə hər səfəri tarixi hadisəyə çevrilir.
Analitika
19 mart 2025 17:39
 Son 80 ildə yalnız Azərbaycanın yazdığı tarix - heç kim tərəfindən qazanılmayan tam qələbə -  ŞƏRH

Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə hər səfəri tarixi hadisəyə çevrilir. Ermənistanın işğalı nəticəsində evlərindən didərgin salınan insanların geridönüşü, bərpa-quruculuq işləri, yeni infrastruktur obyektlərinin yaradılmasının şahidi oluruq. Bu səfərlər həm də sakinlərlə keçirilən səmimi görüşlərlə yadda qalır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu dəfə də ənənəyə sadiq qalaraq martın 18-də Novruz bayramı ərəfəsində, Ağdərənin Suqovuşan kəndinə səfər ediblər. Orada onilliklər boyu evlərindən didərgin düşən insanlara sevinc bəxş olunub, onlara yeni evlərinin açarları təqdim edilib.

Dövlət başçısı sakinlərlə görüş zamanı dünyada baş verən hadisələrə, qanlı toqquşmalara toxunub.

“Dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb”, - İlham Əliyev qeyd edib.

Prezidentin söylədiyi fikirləri qonşu dövlətlərdə baş verən proseslər də təsdiq edir. Ukrayna və Gürcüstan nümunəsi ortadadır. Bu ölkələrdə minlərlə insan ev-eşiyindən didərgin düşüb, ərazilər işğal olunub, ən əsası, yüzminlərlə insan öldürülüb. Ən acınacaqlısı isə odur ki, qanlı proseslər hələ də davam edir. Bütün bunların fonunda dünyaya Azərbaycan nümunəsi ortadadır.

Bəli, Azərbaycan xalqı əsrlər boyu bir çox tarixi günlərə şahidlik edib. Xalqımız ağrılı-acılı dönəmlərlə yanaşı, qürurverici və sevincli anlarla dolu məqamlar da yaşayıb. Şübhəsiz ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir.

Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin əsas prioriteti olub. Bu istiqamətdə atılan addımlar, aparılan danışıqlar bunu deməyə əsas verir. İlham Əliyev hər zaman rəsmi olaraq bəyan edib ki, öz ərazisini heç bir dövlətə güzəştə getməyəcək, aparılan danışıqlarda ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz.

Azərbaycan Ordusu 44 günlük müharibə dövründə elə bir məharət göstərdi ki, dünyanın ən böyük dövlətlərinin, ən güclü ordularının nümayəndələri belə bu məharətdən irəli gələn təcrübənin öyrənilməsini gələcək müharibələrin aparılması üçün zəruri sayırlar.

Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, böyük qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı.

44 günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təminatı üçün müsbət tendensiyadır.

Məhz həmin günlərdə Azərbaycanla Ermənistanın fərqi üzə çıxdı. İşğalçı dövlətdən fərqli olaraq Azərbaycanda cəbhə bölgəsində, mərmi yağışı altında kimsə erməni vəhşiliyinə boyun əyib ev-eşiyini tərk etmədi, yersiz təşvişə və həyəcanlara yer vermədi. Əksinə, xalq öz təpəri ilə mübarizə meydanında, əsgərlərin yanında, dövlətin ətrafında olduğunu göstərdi. Erməni vəhşiliyinin qurbanı olan günahsız insanların faciəsi isə bütün xalqın faciəsinə çevrildi. Nəticədə tariximizin şanlı səhifəsi hesab olunan, əsl qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz qalib gəldi. Bu qələbə haqqın, ədalətin qələbəsi kimi tariximizdə hər zaman qürurla və sevinclə xatırlanacaq.

Dövlət başçısı çıxışlarında dəfələrlə qeyd etmişdi: "Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik".

Xalq olaraq buna inanırdıq və bu inam 2016-cı il Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında, 2020-ci ilin Tovuz, həmçinin avqust təxribatlarında təcavüzkara layiqli cavab verildikdə daha da gücləndi. Həmin gün - 27 sentyabrda əks-hücumun ilk həmləsindən rəşadətli ordumuz tərəfindən kəndlərimizin azad olunması bu inamı bir əminliyə çevirdi. Xalqımız "Dəmir yumruq" ətrafında, sözün həqiqi mənasında, yumruq kimi birləşdi. Müzəffər Ali Baş Komandan xalqa müraciətində dediyi "Bizim işimiz haqq işidir, biz qalib gələcəyik" kəlamı hər bir vətəndaşımızda qürur, fərəh hissi doğurmaqla ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.

Tarixi torpaqlarımızı işğaldan azad etmək uğrunda apardığımız bu müharibə tarixə İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi kimi həkk olundu. Şanlı ordumuz 3 oktyabrda Suqovuşanı, 4 oktyabrda Cəbrayılı, 9 oktyabrda Hadrutu, 17 oktyabrda Füzulini, 20 oktyabrda Zəngilanı, 25 oktyabrda Qubadlını və nəhayət, 8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi. Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.

2020-ci ilin 10 noyabr bəyanatına əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın bir güllə atılmadan Azərbaycana qaytarıldı.

Şuşanın azad olunması Vətən müharibəsinin ən uğurlu, inanılmaz əməliyyatıdır. Bu döyüş İkinci Qarabağ müharibəsində həlledici məqam oldu. Hərbi cəhətdən Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi. Şuşa şəhərinin azad edilməsi üçün göstərilən məharət və döyüşkənlik isə xalqımızın hərb tarixində hər zaman böyük bir qürurla xatırlanacaq bir qeyrət və rəşadətdir.

Düşmənin 30 il ərzində yaratdığı mühəndis-istehkam qurğuları, çoxmərtəbəli müdafiə səddi, Şuşa şəhərinin təbii şəraiti erməni işğalçı qüvvələri üçün böyük döyüş imkanları yaratsa da, Azərbaycanın ordu bölmələrinin sürətli, gözlənilməz, fədakar hücumu onların bu üstünlüyünü heçə endirdi və bu bölmələr yalnız düşməni deyil, ən təcrübəli mütəxəssisləri belə heyrətə salacaq döyüş nümunələri göstərdilər.

Hazırda Prezidentin rəhbərliyi altında müasir və müstəqil Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Dövlət başçısının da dediyi kimi, biz bu torpaqları danışıqlar yolu ilə yox, şəhidlərimizin canı, qanı bahasına geri aldıq. Milli ordumuz yeni nəsil hərbi texnikanın istifadəsinin xüsusi rol oynadığı müasir bir taktika nümayiş etdirdi. Azərbaycan təcrübəsində dünyada ilk dəfə pilotsuz uçan zərbə aparatlarının uzunmüddətli, geniş və uğurlu istifadəsi baş verdi. Bu isə dünya hərb taktikasına yeni bir istiqamət verdi və bütün dünyaya göstərdi ki, müasir döyüş taktikasının yeni istiqaməti nədir.

Prezidentin səsləndirdiyi daha bir tarixi fikirlərə diqqət çəkək: "...Vaxtilə bizi hədələyənlər, “biz Bakıya tanklarla gəlib Bakıda çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər. Mən isə demişəm tanklar da Bakıdadır, Qənimətlər Parkında, çayı da içirlər lazım olan yerdə və xalq qarşısında, qanun qarşısında cavab verəcəklər".

Bu fikirlər Azərbaycanı müharibə ilə hədələyənlər, revanşist qüvvələrə və dövlətlərə verilən ən tutarlı cavabdır. Həqiqətən də bizim qələbəmiz tam idi, mütləq idi, birmənalı idi. Prezidentin də vurğuladığı kimi, vaxtilə “Qarabağ Ermənistandır” deyən adam bu gün deyir: “Qarabağ Azərbaycandır!”.

Son xəbərlər

Orphus sistemi