BMT-nin əsas funksiyası beynəlxalq münasibətlərin nizamlanmasına yardım etməkdir. Ancaq hadisələr onun bu vəzifəsinin öhdəsindən gələ bilmədiyini təsdiqləyir. Yarıtmaz fəaliyyət onun Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-ya da aiddir.
Bu qurumun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir.
Ancaq təşkilat nizamnaməsində nəzərdə tutulan bu kimi humanitar funksiyalarından daha çox Fransa hakimiyyətinin siyasətini həyata keçirən orqana çevrilib. Hər kəsə məlum bir həqiqət var – yuxarıda adları çəkilən humanitar sahələr sərhəd tanımır, onlar bəşəridirlər. Ancaq UNESCO bu bəşəri vəzifəni həyata keçirmir.
Bu günlərdə Qətər əmiri şeyx Hamad ben Xəlifə əl-Taninin keçmiş həyat yoldaşı Moza bint Nasser bu təşkilatın xoşməramlı səfiri missiyasından imtina edib.
Nüfuzlu və dünya şöhrətli xanım Qəzza zolağından, münaqişə bölgəsindən uşaqların təxliyəsinə, onlara yardım etməkdə acizlik göstərdiyinə görə UNESCO-nu qınayıb. Onun təşkilatı tərk etməsinə əsas səbəb də bu göstərilib. Qeyd edək ki, o, qərarını İstanbulda keçirilən “Fələstin üçün bir ürək” sammitində açıqlayıb.
Bu təşkilatı aciz və siyasi maraqları təmin edən quruma çevirən onun direktoru Odri Azuledir. O, Fransa hökumətində müxtəlif vəzifələri tutub, mədəniyyət naziri olub. Yelisey sarayında aldığı siyasi tərbiyəni o, apolitik təşkilat olan UNESCO-ya da daşıyıb.
Odri Azule birinci dəfə sədr seçiləndə Azərbaycan torpaqları işğal altında idi. O zamandan bu qurum erməni işğalı altında olan ərazilərə səfər edib işğalçıların dağıtdığı mədəni, tarixi abidələrə baxış keçirmək cəhdi belə göstərməyib. Eləcə də ərazilər işğaldan azad edildikdən sonra da qurum və onun başçısı bölgədəki humanitar vəziyyətlə bağlı müşahidə aparmayıb. Bununla yanaşı Odri Azule torpaqlar azad edildikdən sonra Azərbaycana qarşı əsassız çağırışlar da etməyi yaddan çıxarmadı.
Odri UNESCO tarixində ən qalmaqallı sədr sayılır. Onun rəhbərliyi altında Baş direktorun müavini Firmin Matokonun dəyişdirilməsi faktını nümunə kimi göstərmək olar. Belə ki, kadr dəyişikliyi zaman Baş direktor başqa səfirlərin rəyini nəzərə almadan müavini işdən azad edib. Odri Azule Apelyasiya Şurasının katibi vəzifəsi ilə bağlı təyinatda da ikiüzlülük edib. Baş direktor Serbiya nümayəndəsinə bu vəzifə ilə bağlı söz verib. Ancaq son nəticədə Fransadan olan təmsilçini təyin edib.
Bununla da Azule qurum daxilində yerlibazlıqla məşğul olub. UNESCO baş direktoru ilə birlikdə daha çox intriqa yuvasına çevrilib.
Demək olar ki, təşkilat beynəlxalq aləmdə siyasi alət kimi istifadə edilir. Baş direktoru onu humanitar məsələlərlə bağlı fəaliyyətsiz qurum halına salıb. Odur ki, BMT-nin, qurumlarının, o cümlədən bəhs etdiyimiz təşkilatın yenidən qurulmasına ehtiyac yaranıb. Çünki bu təşkilat yarananda beynəlxalq şərait fərqli idi. İndi isə dünyanın bütün bölgələrində yeni humanitar şərait yaranıb. Mövcud nizamnaməsi isə UNESCO-ya mandatına uyğun fəaliyyət göstərməyə imkan vermir. Odri Azule kimi Baş direktorun siyasi və şəxsi ambisiyaları isə onun fəaliyyətini iflic vəziyyətinə gətirir.