2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Rəsmi Bakının müəllifi olduğu bu reallıq bölgədə sülh və sabitliyin təmin olunmasını zərurətə çevirir.
Yeni reallıqlar Azərbaycan qədər Ermənistanın da xarici siyasət kursunda müəyyən redaktələrlə nəticələnib. Bu baxımdan, Ermənistan parlamentinin spikeri Alen Simonyanın oktyabrın 19-da “Azatutyun” radiosuna müsahibəsində səsləndirdiyi fikirlər səciyyəvidir. Onun müsahibəsində diqqətçəkən bir neçə məqam var. Həmin detalları ayrı- ayrılıqda təhlil etməyə çalışaq.
Birincisi, A.Simonyan söyləyib ki, erməni tərəfi İkinci Qarabağ müharibəsi zamanı dünya ictimaiyyətindən istədiyi reaksiyanı almayıb. O, bunu Ermənistan tərəfindən legitimliyin olmaması ilə əlaqələndirib. Hətta siyasətçi açıq- aydın bildirib ki, Azərbaycan Qarabağda keçirdiyi əməliyyatlarla BMT qətnamələrini yerinə yetirib. Əslində düz deyib. BMT-nin 822 (1993), 853 (1993) və 874 (1993) və 884 saylı qətnamələri birbaşa olaraq Qarabağ probleminin həllini nəzərdə tutur. Həmin sənədlər münaqişənin beynəlxalq hüququn norma və prinsiplər əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edir.
Burada beynəlxalq hüququn bir sıra prinsipləri qeyd olunur. Belə ki, Azərbaycanın suverenlik hüquqlarını və ərazi bütövlüyünü təhdid edən Dağlıq Qarabağ münaqişəsi çərçivəsində problemin sülh yolu ilə həllinə çağırışdan başqa, Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq edilir; həmçinin, sərhədlərin toxunulmazlığı prinsipi ilə yanaşı, ərazi əldə etmək məqsədilə "güc tətbiqinin yolverilməzliyi" prinsipi də bir daha xatırladılır.
Ancaq maraqlısı və həm də təəssüfləndiricisi bundan ibarətdir ki, BMT və digər beynəlxalq təşkilatlar 30 il ərzində bu qətnamələrin icrasına dair heç bir əməli addım atmadılar. Beləliklə, Azərbaycan BMT-nin görməli işi özü gördü. Rəsmi Bakı həm beynəlxalq hüquqa, həm də BMT sənədlərinə istinad edərək addım atdı. Buna baxmayaraq, beynəlxalq ictimaiyyətin reaksiyası heç A.Simonyanın iddia etdiyi kimi də olmadı. Əksinə, Ermənistanı silahlandıran Qərb dövlətləri Azərbaycana qarşı əsassız iddialarla çıxış etdilər. Fərqli Qərb dövlətləri və beynəlxalq institutlar Azərbaycanda muzdlu döyüşçülərin olduğunu dedilər, rəsmi Bakını etnik təmizləmədə suçladılar. Halbuki dediyimiz kimi, bunlar tamamilə əsassız idi.
Sonrakı proseslər də göstərdi ki, Azərbaycanı günahlandırmaq, nüfuzdan salmaq istəyən oyunçuların əlində heç bir fakt yoxdur.
Parlament sədri səsləndirdiyi fikirlərlə, yəqin ki, Ermənistanın məğlubiyyətinə əsas verməyə çalışıb. Yəni A.Simonyanın dediklərindən belə çıxır ki, Ermənistanın müharibədə uduzması birbaşa olaraq beynəlxalq ictimaiyyətin fəaliyyətindən asılı oldu. Bu isə o deməkdir ki, rəsmi İrəvan beynəlxalq dəstəkdən asılı olduğunu etiraf edir.
İkincisi, A.Simonyan qeyd edib ki, Ermənistana və Azərbaycana düşmən münasibət bəsləyən ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər: “Biz sülh prosesinin dalana dirənməsinə imkan verməməliyik. Məhz Ermənistana, bəlkə də, Azərbaycana düşmən münasibət bəsləyən ölkələr bunu istəyirlər”.
Sual yaranır, parlament sədri “düşmən münasibət bəsləyən ölkələr” deyəndə kimi nəzərdə tutur? Rusiyanı, yoxsa Qərbi? Əgər birincidirsə, deməliyik ki, rəsmi Bakının Moskva ilə münasibətləri kifayət qədər yaxşıdır. İkitərəfli münasibətlər getdikcə inkişaf edir. Yəni Rusiya Azərbaycanın düşməni deyil. Əgər ikincisidirsə, necə olur ki, Ermənistan onu hər vəchlə dəstəkləyən, silahlandıran ölkələrə “düşmən” deyir. Bu, Ermənistanın ikiüzlülüyünün bariz nümunəsidir.
Digər bir məsələ: İrəvan rəsmi Moskvanı özünə düşmən bilirsə, niyə uzun illər bu dövlətin “çətiri altında gizlənib?”. Və indi haradan, kimdən cəsarət alaraq belə intonasiya ilə danışır?
Başqa bir tərəfdən, nəzərə almaq lazımdır ki, məhz Azərbaycan və Ermənistanın ikitərəfli təmasları nəticəsində münasibətlərin normallaşması istiqamətində kifayət qədər uğur əldə olunub. İndi əsas məsələ Ermənistan hakimiyyətinin siyasi iradə nümayiş etdirərək rəsmi Bakının tələblərini yerinə yetirməsi, o cümlədən ərazi iddialarından imtina etməsidir. Ermənistan isə sülh sazişinin ən yaxın zamanda imzalanmasında maraqlı olduğunu desə də, Azərbaycanın şərtlərini yerinə yetirmir. Çünki siyasi iradəyə malik deyil. Əksinə, tədricən yaranan asılılıq nəticəsində Fransa, ABŞ kimi oyunçuların siyasi sifarişlərini yerinə yetirir.
Deməli, A.Simonyan və onun kimi Ermənistan rəsmiləri sülh sazişinin dalana dirənməsindən danışarkən əvvəlcə özlərini günahlandırmalıdırlar.
Parlament sədri müsahibəsində, həmçinin sülh müqaviləsinin bağlanması üzrə danışıqların “3+3” platforması çərçivəsində başa çatdırılması təklifinə toxunub: “Düşünürəm ki, biz belə bir variantı nəzərdən keçirəcəyik, hərçənd, açığı, razılığa gəlmək üçün mövcud olmuş və ya mövcud olan formatdan başqa hər hansı başqa formata niyə ehtiyacımız olduğunu başa düşmürəm”.
Əslində, sülh sazişinin “3+3” platforması çərçivəsində müzakirə edilməsi rəsmi Bakının da maraqlarına uyğundur. Çünki bu, Qərb dövlətlərinin prosesə və regiona müdaxiləsinin qarşısını alır. İndi maraqlıdır ki, Ermənistan parlamentinin sədri bu bəyanatında nə qədər səmimidir? Əslində, rəsmi İrəvanın belə düşünməsi öz- özlüyündə müsbət haldır. Bu, o deməkdir ki, Ermənistan Qərbin təsirindən qismən çıxa bilər.
Erməni siyasətçinin “razılığa gəlmək üçün mövcud olmuş və ya mövcud olan formatdan başqa hər hansı başqa formata niyə ehtiyacımız olduğunu başa düşmürəm” fikirləri isə onu deməyə əsas verir ki, rəsmi İrəvan "3+3" platforması ilə bağlı heç də səmimi deyil. Sadəcə, Rusiya, İran və Türkiyənin xoşuna gəlmək üçün bu fikri səsləndirib.
A.Simonyan “mövcud format”lar deyəndə konkret olaraq hansı platformanı nəzərdə tutduğunu açıqlamayıb. Amma əgər nəzərdə tutulan keçmiş Minsk Qrupudursa, Ermənistan bilməlidir ki, belə bir format rəsmi Bakı üçün artıq yoxdur. Minsk Qrupu uğursuz olduğunu artıq sübut edib. Əgər rəsmi İrəvan yenidən bu platformanı başqa formatda gündəmə gətirmək istəyirsə, deməli, sülh istəmir.
Ümumiyyətlə, müşahidələr göstərir ki, sülh sazişi üçün ən yaxşı format məhz ikitərəfli təmaslardır. Çünki istənilən üçüncü qüvvə prosesə öz maraqları kontekstindən yanaşır. Bu isə tərəflərin hər ikisinin - həm Azərbaycanın, həm də Ermənistanın maraqlarının təmin olunmasına əngəl yarada bilər.
Beləliklə, A.Simonyanın açıqlamalarından belə qənaətə gəlmək olar ki, Ermənistan bu və ya başqa formada üçüncü tərəflərdən asılılığını etiraf edir və sülh sazişi istiqamətində irəliləyişin olmamasını və ya prosesin ləng davam etməsini absurd əsaslarla əlaqələndirməyə çalışır.