Şəxsi heç nə yoxdur, yalnız iqtisadiyyatdır: Azərbaycan özü üçün sərfəli kreditləri seçir

Şəxsi heç nə yoxdur, yalnız iqtisadiyyatdır: Azərbaycan özü üçün sərfəli kreditləri seçir Dünya bazarında neft qiymətləri bizi məyus etməsə, Azərbaycan daxili mənbələr və investisiya yatırımları hesabına maliyyə məsələlərinin öhdəsindən gələ bilər
Analitika
9 İyul , 2021 19:44
Şəxsi heç nə yoxdur, yalnız iqtisadiyyatdır: Azərbaycan özü üçün sərfəli kreditləri seçir

Xarici borcdakı kəskin artım dünyanın bir çox ölkəsi üçün iqtisadiyyatda baş verən pandemiya böhranı ilə mübazirə aparmağın yeganə yolu oldu. Təbii olaraq, əksəriyyət baxışlarını beynəlxalq maliyyə institutlarına (BMİ) tərəf çevirdi, lakin borcalma bu günə qədər davam edir, axı pandemiya kimi, böhran da hələ davam edir.

Azərbaycan isə uzun müddət öz imkanları hesabına karantinin iqtisadi nəticələrinə qarşı müdafiəni davam etdirdi. Ancaq düşmən üzərində sarsıdıcı qələbə ilə nəticələnən Qarabağ müharibəsi, dağıdılmış ərazilərin bərpası üçün qısa müddətdə böyük vəsaitlərin ayrılması zərurəti xoş olsa da, dövlət maliyyəsi üçün əlavə yük oldu. Digər tərəfdən, Azərbaycan BMİ-dən “təki versinlər” prinsipi ilə kredit götürmür. Əsas odur ki, borcalma şərtləri mümkün qədər sərfəli, məbləğ isə məhdudlaşdırılmış olsun. Bariz nümunə: COVID-19 ilə mübarizə aparmaq üçün Dünya Bankının (DB) kreditindən imtina etdik, əvəzində Asiya İnkişaf Bankının (AİB) təklifini qəbul etdik.

O olmasın, bu olsun

Xatırladaq ki, DB Azərbaycanda COVID-19-a qarşı təcili cavab tədbirləri layihəsinin icrası üçün 95 milyon ABŞ dolları ayırmağı planlaşdırırdı. Bankın Bakı ofisinin rəhbəri Sara Mayklın söylədiyinə görə, hökumətin karantin dövründə sahibkarlığın dəstəklənməsi üçün artıq xərclənmiş vəsaiti və digər təcili xərcləri kompensasiya etmək üçün kreditə ehtiyacı var idi. Onun qeyd etdiyi kimi, kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) şərtləri ilə ayrılmalı idi, çünki Azərbaycan artıq Dünya Bankının güzəştli kreditlərindən istifadə edə bilmir. Bundan əlavə, Azərbaycan özü artıq Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən maliyyələşdirilən ölkələrin donoru kimi çıxış edir.

Burada xatırladaq ki, BYİB-dən yalnız adambaşına düşən illik ÜDM-i 875 ABŞ dolları və ya daha çox olan üzv ölkələr kredit ala bilər. BYİB-nin borcalanlarla kreditləşmə əməkdaşlığı onların hər biri üçün Direktorlar Şurası tərəfindən mütəmadi olaraq təsdiqlənən Ölkə Tərəfdaşlığı Strategiyasına əsaslanır. Bank, adətən, kreditləri ilə layihə dəyərinin 30%-ni “üzərinə götürür”. Əslində BYİB-dən alınan kreditlər orta inkişaf səviyyəsinə sahib ölkələr üçün hesablanmış kommersiya məqsədli kreditlər hesab olunur.

Azərbaycan BYİB-dən artıq bir neçə dəfə kredit alıb: Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi üçün 800 milyon ABŞ dolları məbləğində kredit, ölkə daxilində avtomobil yollarının tikintisi, infrastruktur, maliyyə, kənd təsərrüfatı və s. sahələrdəki digər layihələr üçün kreditlər. Üstəlik, BYİB-nin 2 371 səhmini alan Azərbaycan artıq bankın 0,13% hissəsinin sahibi olub.

Ancaq bu dəfə BYİB-nin koronavirusla mübarizə üçün təklif etdiyi kredit istiqamətləri, şərtləri və verilmə prosedurları ölkə hökumətini razı salmadı və Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyevin sözlərinə görə, danışıqları dayandırmaq qərara alındı.

Bundan bir neçə gün sonra isə Asiya İnkişaf Bankının (AİB) Azərbaycan hökumətinə, demək olar, eyni məqsədlər üçün 250 milyon dollarlıq krediti təsdiqlədiyi bəlli oldu: AİB-nin COVID-19-a Aktiv Cavab və Xərclərə Dəstək (CARES) proqramı dövlətin səhiyyə, sosial müdafiə və makroiqtisadi sabitləşmə ilə bağlı cari fəaliyyətinə büdcə dəstəyini təmin edəcək. Kredit AİB-in Anti-Siklik Dəstək Mexanizmi çərçivəsində COVID-19 Pandemiyası ilə Mübarizə Proqramının (CPRO) vəsaitləri hesabına maliyyələşdirilir. CPRO AİB-in inkişaf etməkdə olan üzv ölkələrinin pandemiyaya qarşı reaksiyasını genişləndirməsi üçün ayırdığı 20 milyard ABŞ dolları həcmindəki yardımının bir hissəsi olaraq yaradılıb.

Birincisi, AİB krediti təklif olunan BYİB kreditindən fərqli olaraq, qısa zamanda təsdiqləndi - bu, vacib detaldır, hökumətin əldə etdiyi vəsaiti artıq payızda olacağı proqnozlaşdırılan yeni COVID-19 dalğasına qarşı hazırlaşmaq üçün istifadə etməyə vaxtı olacaq. Digər tərəfdən, məbləğ, əlbəttə ki, xeyli yüksəkdir. Üstəlik, Asiya İnfrastruktur Layihələri Bankı da Azərbaycana 100 milyonluq kredit verməyi planlaşdırır.

Bu kredit də təsdiqlənərsə, cəmdə Azərbaycan hökuməti tərəfindən nəzərdə tutulan COVID-19 ilə mübarizədə sosial və maliyyə dəstəyi paketinin - 2020-2021-ci illər üzrə 3,5 milyard manat (2 milyard ABŞ dollarından çox) - yalnız onda biri qarşılana bilər.

Eyni zamanda, proqram çərçivəsində 2020-ci ildə dövlət büdcəsindən 2 milyard manat (təqribən 1,2 milyard ABŞ dolları) daxil olmaqla, artıq 2,5 milyard manat (təqribən 1,5 milyard ABŞ dolları) ayrılıb...

Borc yükünü azaltmaq

Beləliklə, Azərbaycanın xarici borc siyasəti yalnız ölkə iqtisadiyyatı üçün səmərəlilik və rentabelliyə əsaslanır. Müxtəlif BMİ-lər ilə münasibətlərə fərq qoyulmasından danışmağa dəyməz - ölkə əvvəllər də sərfəli şərtlərlə verilməyən kreditlərdən imtina edib, özü də kreditindən imtina olunanlar sırasında AİB də olub. Məsələn, “Elektrik Bölüşdürmə Şəbəkəsinin Yenidən Qurulması üzrə İnvestisiya Proqramı” çərçivəsində “Azərişıq” ASC üçün nəzərdə tutulan 750 milyon ABŞ dolları həcmində multitranş paketin 500 milyon ABŞ dolları həcmindəki ikinci və üçüncü kredit hissəsi alınmayıb. Buna qədər Cənub Qaz Dəhlizi layihəsinin optimallaşdırılması və layihə xərclərinin azaldılması nəticəsində AİB-nin “Cənub Qaz Dəhlizi” QSC üçün 500 milyon ABŞ dolları həcmindəki birbaşa kreditinə ehtiyac qalmayıb.

Həmçinin bundan əvvəl Azərbaycan hökuməti DB-nin ölkədəki məcburi köçkünlərin rifahının yaxşılaşdırılması (IDP Living Standards and Livelihoods) layihəsi üçün ayırdığı kreditin qalan hissəsini (51,196 milyon ABŞ dolları) istifadə etməkdən imtina edib.

Ən əsası isə daha əvvəl - 2005-ci ildə hökumət dünyanın aparıcı donoru - BVF ilə əməkdaşlığı məhdudlaşdırıb, təmasları məsləhət və texniki yardım səviyyəsinə endirib, fonddan borc almaqdan tamamilə imtina edib.

2008-ci ildəki qlobal maliyyə böhranı dövründə isə hökumət xarici borclanma ilə əlaqədar çox mühafizəkar siyasət yürütdü: o cümlədən dövlət təşkilatları tərəfindən xarici vəsaitlərin cəlb edilməsi qaydaları sərtləşdirildi, özəl bankların və şirkətlərin cəlb ediləcək vəsaitin məbləğinin həcmi və onların qaytarılması şərtləri üzrə öhdəlikləri daha aydın şəkildə təsvir edildi. Belə mühafizəkar yanaşma ölkəmizə xarici borcun ÜDM-ə nisbəti baxımından dünyanın qabaqcılları statusunu qorumağa imkan verir.

“Bu gün Azərbaycan iqtisadi göstəricilərinə görə dünyada lider yerlərdən birini tutur. Bu gün inkişaf etmiş ölkələrdə xarici borcun bu ölkələrin ümumi daxili məhsulunu üstələdiyini söyləmək kifayətdir. Azərbaycanda isə xarici borc ümumi daxili məhsulun heç 20%-ni belə təşkil etmir. Bundan əlavə, valyuta ehtiyatlarımız xarici borcumuzdan 6 dəfə çoxdur”, - bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Hələ pandemiyadan əvvəl DB, BVF, AİB və digər bir sıra BMİ ekspertləri Azərbaycanın xarici borcunun hazırkı vəziyyətinin onun bir qədər artırılmasına imkan verdiyini qeyd edirdilər. Ancaq dövlət başçısı tərəfindən 24 avqust 2018-ci il tarixində təsdiqlənmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” çərçivəsində hökumətin qarşısına xarici borc səviyyəsini ümumiyyətlə ÜDM-in 10%-nə qədər endirmək tapşırığı qoyulub, 2025-ci ilə qədər bu rəqəm ÜDM-in 12%-i həcmində olmalıdır.

Lakin yuxarıda qeyd edildiyi kimi, hökumətin ciddi mühafizəkar borcalma siyasətini nəzərə alsaq, bu səviyyəyə çatmaq o qədər də çətin olmayacaq. Ancaq yenə də bu, BMİ ilə iş birliyindən tamamilə imtina etmək demək deyil – pandemiya zamanı ortaya çıxan problemlər nəzərə alınaraq iqtisadiyyatın bərpası və daha da inkişafı üçün kreditlərə ehtiyac var. Üstəlik, BMİ-dən alınan kreditlər yalnız aşağı faiz dərəcələri və uzun geri ödəmə dövrlərilə cəlbedici deyil. Hər şeydən əvvəl, onlar layihələrin texniki icrası üçün daha yaxşı şərait yaradır və borc vəsaitlərinin xərclənməsinə şəffaf nəzarəti təmin edir. Bu, xüsusilə genişmiqyaslı və kapital tələb edən infrastruktur layihələrinin – elektrik stansiyalarının tikintisi, elektrik ötürücü xətlərinin, boru kəmərlərinin, yolların, kanalların çəkilməsi və s. reallaşdırılması zamanı aktualdır.

Kredit şərtləri və borc verən təşkilatlar bu cür diqqətlə seçildiyindən layihələrin aktuallığı və strateji əhəmiyyəti xarici borc siyasətində dominantlıq təşkil etməyə davam edəcək. Bunu pandemiya və ya Qarabağa “Böyük qayıdış” proqramının icrası ilə əlaqədar xərclərin artması çətin ki dəyişdirsin. Dünya bazarında neft qiymətləri bizi məyus etməsə, Azərbaycan daxili mənbələr və investisiya yatırımları hesabına maliyyə məsələlərinin öhdəsindən gələ bilər.

Qulu Nuriyev - ekspert

Son xəbərlər

Orphus sistemi