Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan özünü elə aparır ki, sanki, 2008-ci ilin martın 1-2-də Yerevanda dinc aksiya keçirən millətinin qanının tökülməsi hesabına hakimiyyətə gəlməyib. Onun sələfi Robert Koçaryan bu hadisəyə görə cinayət məsuliyyətinə cəlb edilib və hazırda həbsdədir. Ermənistanın baş naziri Nikol Paşinyan vədinə əməl edib, bu cinayət işini davam etdirsə, onda Serj Sarqsyanın da ermənilərin qatili olaraq mühakimə olunacağı istisna olunmur.
Ermənistanın adları çəkilən keçmiş prezidentlərinin
Ermənistana 10 il prezidentlik etmiş, bundan əvvəl isə bu ölkədə müxtəlif rəhbər vəzifələrdə, o cümlədən milli təhlükəsizlik naziri işləmiş Serj Sarqsyanın dəftərxanası onun daşınmaz əmlakının ancaq Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində olduğunu bildirib: “Serj Sarqsyanın Qarabağdan başqa heç bir yerdə əmlakı yoxdur”.
Dəfətərxanadan bildirilib ki, Ermənistan Prokurorluğu “Sasna srer” təşkilatının iddiası əsasında araşdırmaya başlamağa hazırdır. Açıqlamada baş nazir Nikol Paşinyanın müdafiə etdiyi bu təşkilat “terrorçu qruplaşma” adlandırılıb.
Qeyd edək ki, “Rusarminfo”nun yaydığı məlumata əsasən, Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan Serj Sarqsyanın kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan qayınatasına Romanın nüfuzlu rayonunda 20 milyon dollarlıq malikanə bağışlayıb.
“Sasna srer” keçmiş prezidentə çoxmilyonluq hədiyyə edildiyi barədə məlumat yayıb.
Serj Sarqsyan 1954-cü il iyunun 30-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərində anadan olub. Bu baxımdan onun Qarabağda atadanqalma mirasının olması istisna edilmir. Bu fakt onun Azərbaycan vətəndaşı olaraq, qaldığını da deməyə əsas verir.
Bundan başqa, prezident olduğu dövrdə qardaşlarını, kürəkənlərini və başqa yaxın qohumlarını yüksək vəzifəyə təyin etdiyi üçün onların sərvət sahibi olduqları Ermənistan ictimaiyyətinə əvvəl məlum olmasa da, 2018-ci ilin may hadisələrindən sonra bu məsələləri araşdırmaq üçün cinayət işi açılıb. Serj Sarqsyanın qardaşı Levon Sarqsyan və onun qızı Ani axtarışa verilib.
Onlar qanunsuz varlanmaqda və əmlakın bəyan edilməsindən yayınmaqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə Levon Sarqsyana qarşı həbs, Ani Sarqsyan və onun qardaşı Narekə münasibətdə isə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Xatırladaq ki, iyunun 28-də Narek Sarqsyanın evində aparılmış axtarış zamanı müstəntiqlər - Levon və Ani Sarqsyanın adına 6,8 milyon dollar məbləğində bank əmanəti üçün sənədlər tapıblar. L.Sarqsyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir kimi çalışıb. 2010-cu ildən isə xüsusi tapşırıqlar üzrə səfirdir. Tutduğu vəzifə öz əmlak və gəlirlərini öz bəyannamələrində göstərməyi tələb edir.
Yeri gəlmişkən, 2019-cu il hadisələri zamanı isə Levon Sarqsyan ofisində müxalif qüvvələr tərəfindən mühasirəyə alınmışdı.
Serj Sarqysanın qardaşı Levon “Pünik” Xeyriyyə Fondunun prezidenti olub. O təkcə 2012-ci ildə “Kaiqi Goup Co LTD” şirkətindən 7 milyon dollardan artıq ianə alıb. “Yerevan Fond”, Qanberci Kabrela, “First telecom trading”, “Good prom.enterprise Ltd”, ümumilikdə isə Sarqsyanın qardaşının fonduna bu tarixdə 48 ünvandan milyonlarla dollar məbləğində ianə köçürülüb.
Levon Sarqsyan “Şimal-Cənub” magistralının tikintisində sui-istifadəyə görə də ittiham olunur. Serjin qardaşı “Politransport” şirkətinin avtomobil yolunun tikintisi layihəsini qazanmasında vacib rol oynadığı bildirilir. O, vasitəçiliklə şirkətdən qazancın 50 faizini tələb edib. Baş Prokurorluğun hesablamasına əsasən, bununla da o, dövlətinə 50 milyon dollar ziyan vurub.
Qeyd edək ki, “Şimal-Cənub” avtomobil nəqliyyatı yolu Ermənistan və Gürcüstandan keçərək Qara dənizə, oradan isə Avropa dövlətlərinə çıxacaq. 2015-ci ildə Ermənistan Avrasiya bankı ilə 150 milyon dollarlıq kredit haqqında müqavilə imzalamışdı.
Təbii ki, bu, Serj Sarqsyanın qardaşının sərvətinin bilinən qismidir. Belə bir sual yarana bilər - bu məsələdə qardaşının Serjə nə aidiyyəti? Həmin ehtimal olunan bu düşüncənin sahiblərinə belə bir sual: Levon Sarqsyan indi niyə həmin pulları qazana bilmir? Çünki ona bu cinayətləri törətmək üçün şəraiti indi yalnız Qarabağda mülkünün olduğunu iddia edən Serj Sarqsyan yaratmışdı. Bu var-dövlətdə onun nə qədər payı olub? Heç şübhəsiz, bunu istəsə, Ermənistan prokurorluğu müəyyən edə bilər.
Serj Sarqsyanın prezidentliyi dövründə deputat olmuş, Serj Sarqsyanla birlikdə Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Manvel Qriqoryanın sərvətinin məbləği tam məlum deyil.
Bir neçə ay əvvəl Ermənistanın Gəlirlər üzrə Dövlət Komitəsi müdafiə nazirinin keçmiş müavini, sabiq deputat Manvel Qriqoryana məxsus əmlakı hərraca çıxarmaq üçün məhkəməyə müraciət edib.
Xatırladaq ki, M.Qriqoryan ötən il iyunun 19-da saxlanılıb. O, qanunsuz silah-sursat saxlamaqda, əmlakın mənimsənilməsində ittiham olunub. Onun həyat yoldaşı Nazik Amiryana qarşı da ittiham irəli sürülüb və onun işi məhkəmədədir.
Belə məlum olub ki, Manvel Qriqoryanın “Əsgər payı” adlı ət konserv bankalarının bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlədirmiş.
Bildirilib ki, ötən il iyunun 20-də Dağlıq Qarabağda Manvel Qriqoryanın zəbt etdiyi “Ara ler” adlandırılan ərazidə axtarış-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində həmin yerdən ət konserv bankaları ilə yanaşı, satış üçün nəzrədə tutulmayan başqa ərzaq məhsulları və mallar aşkarlanıb. Bu cinayətdə ona həyat yoldaşı Nazik Amiryan da köməklik edib.
Manvel Qriqoryanın oğlu, Eçmiədzin şəhərinin keçmiş meri Karen Qriqoryan dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs edilib.
Ermənistan Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla birlikdə sentyabrın 11-də 2008-ci il martın 1-2-dəki hadisələrə dair istintaqla bağlı bu ilin sentyabrında keçirdiyi mətbuat konfransında bildirib ki, həmin il fevralın 23-dən martın 7-8-dək Qarabağdan Yerevana aparılan hərbçilərə pul paylayırdılar.
Onun sözlərinə görə, istintaq yeni detallar aşkarlayıb: “2008-ci ilin fevralında 0038 saylı xüsusi qriflə “tamamilə məxfi” əmr olub. Araşdırma zamanı məlum olub ki, həmin əmrlə, əsasən, mobil güc qrupları yaradılıb. Robert Koçaryanın vəkili bildirib ki, ordunu siyasətə qarışdırmamaq üçün onu müdafiə nazirnin müavinləri - Qaqik Melkonyan və Manvel Qriqoryan yaradıb. Bu dəlil ən azından qeyri-ciddidir”.
O, hərbçilərin adları və onlara verilmiş pulun məbləği yazılmış jurnalı da mətbuatın diqqətinə çatdırıb.
S.Xaçatryan hərbçilərə pul paylayan şəxslərin adlarını açıqlamayıb. Bildirib ki, adlarını açıqlasa, onlar ölkədən qaçacaqlar.
Serj Sarqsyanın daşınmaz əmlakının Qarabağda olduğunu iddia edənlər bu kimi cinayətlərin Serj Sarqsyanla birbaşa, ya dolayısı ilə əlaqəsini çətin inkar edə bilsinlər. Keçmiş prezidentin sözçüsü Qarabağ torpağını nəzərdə tutuğunu iddia edə bilər. Bu lap böyük cinayətdir. Çünki o torpaqlar nə ermənilərin, nə də Serj Sarqsyanındır. Həmin ərazi Azərbaycanın tarixi, hüquqi və beynəlxalq səviyyədə tanınan əraziləridir. İşğalçı və başqasının torpaqlarına iddia baxımından Serj Sarqsyanın sözçüsü Krasnodar diyarının Armavir şəhərindəki torpaqlara, yaxud Paris yaxınlığındakı İl-de-Fransa da iddia edə bilərlər.
Bir məsələyə də diqqəti çəkmək istərdik. Sarqsyanın daşınmaz əmlakı ilə xəbər niyə bu günlərdə yayılıb? Noyabrın 22-də Ermənistanın keçmiş deputatı, soyğunçuluq cinayət işi üzrə barəsində axtarış elan edilən Levon Sarkisyan Rusiyada saxlanılıb. Onun adı mart hadisələrində oliqarxlar siyahısında hallanır. Hazırda Samvel Aleksanyan, Qaqik Sarukyan və Mğer Sedrakyanın adı bu siyahıdadır və onlar leqal bizneslə məşğul olurlar. Polisin məlumatına görə, Sarkisyan barəsində soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən xüsusilə böyük miqdarda əmlak oğurlamaq məqsədilə törədilmiş cinayət işi üzrə axtarış elan edilib. O, 2008-ci ilin oktyabrında Ermənistanın Gömrük Komitəsinin keçmiş başçısı Armen Avetisyanın malikanəsinə qarət məqsədilə basqının sifarişçisi olub. Levon Sarkisyan 1999-2007-ci illərdə Ermənistan parlamentinin deputatı olub. Levon Sarkisyan Serj Sarqsyanın ən yaxın adamlarındandır. Rusiyada Nikol Paşinyan hökumətinin barəsində axtarış elan etdiyi başqa dövlət məmurları da var. Ancaq Moskva onları Yerevana verməyə tələsmir. Ancaq Levon Sarkisyanın tutulması əməliyyatını Rusiya və Ermənistan polisləri birgə həyata keçiriblər. Serj Sarqsyan ABŞ təklif etdiyi “real demokratiya” üzərində işi qəbul edib. Bundan sonra o, Avropa Xalq Partiyasının qurultayına qatılıb. Həmin tarixdə isə “Sasna srer” Sarqsyanın 20 milyonluq malikansi barədə məlumat yayıb. Keçmiş deputatın tutulması Kremlin istefa verdiyi üçün narazı qaldığı Sarqsyandan əl çəkdiyinə işarə sayıla bilər. Robert Koçaryanın həbsadən buraxılmaması belə təəssürat yaradır ki, Moskva Koçaryanla Sarqsyanı Paşinyana dəyişir. O, iki adamını bir yeni adamı ilə əvəzləyir.
Rusiya məhkəməsi Levon Sarqsyan barəsində 40 gün həbs qətimkan tədbiri seçib. Bu qərar prokurorluğun müraciəti əsasında qəbul olunub.
Bütün baxımlardan Serj Sarqsyan Xocalı soyqırımı, 2008-ci il mart hadisələrinin törədilməsində iştirak edib, Ermənistanın milli təhlükəsizlik naziri olduğu üçün 1999-cu il oktyabrın 27-də Ermənista parlamentindəki terrordan ən azı xəbərdar olub, adları sadalanan və çəkilməyən çoxsaylı qohumlarının qanunsuz varlanmasına göz yumub, yaxud şərait yaradıb. Bütün bunlar 20 milyonluq malikanəyə sahib olmaqdan, daha ağır cinayətdir. Bu baxımdan Ermənistan ictimaiyyəti, böyük ehtimalla, Serj Sarqsyanı da Robert Koçaryanla eyni qəfəsdə görmək istəyir.