Serj Sarqsyanın Cenevrə cığallığı - Ermənistan de-fakto dövlət deyil - ŞƏRH

Serj Sarqsyanın Cenevrə cığallığı - Ermənistan de-fakto dövlət deyil - ŞƏRH Rusiya Ermənistandan silah bazası, ənənəvi ifadə ilə deyilsə, "barıt çəlləyi" yaradır
Analitika
17 Oktyabr , 2017 14:46
Serj Sarqsyanın Cenevrə cığallığı - Ermənistan de-fakto dövlət deyil - ŞƏRH

Bakı. 17 oktyabr. REPORT.AZ/ Dünən Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın dövlət başçısı Serj Sarqsyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə növbəti görüş keçirilib.

Danışıqlar bitdikdən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri görüşün konstruktiv mühitdə keçdiyinə dair bəyanat yayıblar: “Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan birbaşa danışıqdan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə həlli üçün tərəflərlə işləməyə həmişə hazırdırlar. Həmsədrlər növbəti addım kimi yaxın gələcəkdə xarici işlər nazirləri ilə işçi görüş keçirəcəklər".

S.Sarqsyan görüşdən çıxdıqdan sonra Ermənistanın İsveçrədəki səfirliyinə gedib və orada erməni diasporunun nümayəndələri ilə görüşüb. Onun burada səsləndirdiyi fikirlər həmsədrlərin bəyanatında qeyd olunanlarla tam zidiyyət təşkil edir və görünür, S.Sarqsyan görüşdə bir mövqe, kənarda isə başqa mövqe tutmağa öyrəşib.

O bildirib ki, münaqişə Dağlıq Qarabağa Azərbaycanın tərkibindən kənarda statusun verilməsindən sonra həll edilə bilər: “İlham Əliyevlə bizim Qarabağ probleminin həlli üçün variantımız yoxdur. Bir neçə dəqiqə bundan əvvəl Azərbaycan Prezidenti ilə görüş başa çatıb: problemin həlli variantları ilə bağlı, belə desək, hər hansı konkret razılaşma yoxdur. Ancaq biz qərara aldıq ki, gərginliyin azaldılması, qurbanlar olmaması üçün tədbirlər görək. Təbii ki, İlham Əliyev də mənim kimi problemin mürəkkəbliyini anlayır, lakin bu elə bir məsələdir ki, sadə həlli heç zaman olmayacaq. İstəyirəm ki, bir şeydən hamı əmin olsun: bizim üçün Qarabağın təhlükəsizliyini bu və ya başqa mənada poza biləcək həll üsulu ola bilməz. Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun. Heç bir zaman heç bir erməni rəhbər belə bir qərarı qəbul edib gerçəkləşdirə bilməz və bu məqsədlə hər şey edəcəyik, eyni zamanda Ermənistanı inkişaf etdirəcək və onu iqtisadi cəhətdən möhkəmləndirəcəyik”.

Novruz Məmmədov

Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov isə deyib ki, S.Sarqsyan yenə öz ampluasındadır: "Adətinə uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir.

Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sarqsyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşmayacaq. Nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq. Sadəcə olaraq, deyəsən, onun məqsədi Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”.

Heç şübhəsiz, S.Sarqsyanı belə arxayın danışdıran onun arxasında duran qüvvələrdir. O, başçılıq etdiyi dövlətin funksiyasını bilir. Bu ölkədən Azərbaycanla yanaşı, Gürcüstana, Türkiyəyə, İrana və Yaxın Şərqdəki başqa dövlətləri hədələmək üçün vasitə olaraq yararlanır. Elə Dağlıq Qarabağın işğal altında saxlanılmasının da başlıca səbəbi Ermənistanın Rusiya üçün yerinə yetirdiyi funksiyadır.

Problem ondadır ki, dünya erməniləri, eləcə də ictimaiyyət hələ də Ermənistanı dövlət hesab edir. Düzdür, o, de-yure beynəlxalq hüququn subyektidir, ancaq de-fakto, yəni faktiki Rusiyanın nəzarətində olan bir bölgədir.

Ermənistanın bəyan etdiyimiz mənada dövlət olmadığını təsdiqləyən yeni faktlara diqqət edək: 

Serj Sarqsyan və Vladimir Putin

Rusiya Ermənistana hərbi texnika almaq üçün 100 milyon dollar həcmində 20 illiyə 3 faizlə kredit verəcək. Bu maliyyə vəsaiti 2018-2022-ci illər ərzində xərclənəcək.

Qeyd edək ki, 2015-ci ilin iyununda Rusiya ilə Ermənistan arasında 200 milyon dollarlıq kredit müqaviləsi imzalanmışdı. Həmin kredit Ermənistanın Rusiyadan silah alınmasına xərclənib. Cari ilin sonunadək bu kreditlə alınan silahların Ermənistana tədarükü başa çatacaq.

Rusiyalı mütəxəssis, MDB dövlətləri üzrə İnstitutun direktor müavini Vladimir Yeseyev hesab edir ki, builki kreditlə Rusiya-Ermənistan birgə hərbi qoşun dəstələri yaradılacaq. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında hərbi sahədə tarazlıq ötən il ləğv edilib. Onların qənaətincə, Ermənistan Rusiyadan hücum silahı almaqla özünün hərbi potensialını gücləndirir.

O bildirib ki, bu yaxınlarda Ermənistana radiolokasiya sistemi tədarük edilib, 2016-cı ildə isə “İskander” verilib.

Ermənistan 2018-ci ildə hərbi büdcəsini 518 milyon dollara çatdıracaq. Bu, 2017-ci ildəkindən 17 faiz çoxdur. Bunun da 100 milyon dollarını əvvəlcədən Rusiya “kredit” şəklində verir.

Bundan başqa, oktyabrın 4-də Rusiya və Ermənistan Silahlı Qüvvələri Birliyi qruplaşmasının yeni reqlamenti qəbul edilib. Reqlamentə əsasən, Rusiya ali baş komandanının razılığı ilə Ermənistan ali baş komandanı ölkə ordusundakı vəzifəli şəxsləri dəyişə bilər. Dinc şəraitdə Ermənistan ordusunun komandanları ölkənin ali baş komandanına tabe olacaqlar. Müharibə və təcavüz şəraitində isə hər iki ölkənin baş komandanlığı Rusiya Cənub Hərbi Dairəsinin rəhbərliyi altında qərar qəbul edəcəklər.

Rusiya prezidenti Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Ermənistanla Vahid Ordu Birləşmələrinin yaradılması haqqında bir müddət əvvəl əldə olunan razılaşmanı imzalamaq barədə sərəncam verib.

Rusiya prezidentinin müşaviri Sergey Qlazyev isə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının “Ermənistandan asılı” olduğunu deməklə bu ölkənin istifadə təyinatını bir daha təsdiqləyib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının rəisi Anatoli Sidirov isə bildirib ki, zərurət olacağı təqdirdə, təşkilat Ermənistana yardım edəcək.

Bu xəbərlərə əsasən bəzi qənaətlərə gəlmək mümkündür. Ermənistan ordusu tamamilə Rusiyanın nəzarəti altındadır. Ölkənin dövlət sərhədlərini isə Rusiya qoruyur. Bu ölkənin ali baş komandanı Rusiyadan icazəsiz orduda yüksək rütbəli vəzifəlilər arasında kadr dəyişikliyi etmək hüququna malik deyil.

Kreml Ermənistanı silahlandırır. Əslində, bu ölkə bütövlükdə Moskvanın hərbi bazasıdır.

Rusiya həm də bu ölkədəki başqa xərclər üçün də maliyyə vəsaiti ayırır. Kreml təkcə ötən il rəsmi Yerevana 37,3 milyon dollarlıq maliyyə yardımı edib.

Azərbaycanı keçmiş SSRİ məkanındakı bəzi layihələrə qoşulmağa məcbur etmək üçün Ermənistandan qıcıq kimi istifadə edilir. Onlardan biri Avrasiya İqtisadi İttifaqı, digəri isə KTMT-dir. Guya Azərbaycanın bu layihələrə qoşulması Yerevandan asılı imiş kimi bəhanələr irəli sürülür.

Rəsmi Bakı isə işğalçı ilə bu sayaq təşkilatlarda bir yerdə olmağı mənasız, məntiqsiz saymaqda haqlıdır.

Mətləbi çox uzatmadan bir suala cavabla yazını bitirmək istərdik. Ermənistan de-fakto dövlət deyil, bəs nədir? Ermənistan Rusiyanın əlində bölgədəki qonşu dövlətlər, Türkiyə və İran kimi müttəfiq saydığı ölkələr üçün bir təzyiq elementidir. Son illər isə onun təyinatı daha da dəqiqləşir. Moskva Ermənistandan silah bazası, ənənəvi ifadə ilə deyilsə, "barıt çəlləyi" yaradır.

Yoxsa, normal dövlət də qonşularının torpağına göz dikib, onun işğal altında saxlanılmasında başlıca rol oynayıb, bölgədə başqa dövlətlərin sifarişlərinin icraçısı olarmı?! Əlbəttə, yox. De-yure və de-fakto dövlətlər bunu etməz. Ermənistan isə bu işlər üçün yaradılıb.

Son xəbərlər

Orphus sistemi