Ermənistanda yenə “Sasna tsrer” küləyi əsir
Bu günlərdə İrəvanın Nor-Nork rayonunda yerləşən polis məntəqəsinə bir qrup silahlının hücum etdiyinə dair məlumatlar yayılmışdı. Hücum edən üç nəfərdən ikisi əllərindəki qumbaranın partlaması nəticəsində yaralanıb. Məlumata görə, onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirmiş.
Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları polis məntəqəsinin binasına daxil olaraq hücum edənləri tutublar.
Hadisədə “Sasna tsrer” (“Sasna dəliləri”) adlı təşkilatın adı hallanır. Bu təşkilat erməni millətçiliyi ideologiyası əsasında yaradılıb. Anti-Rusiya, anti-KTMT, anti-Avrasiya İqtisadi İttifaqı mövqeyindədir. “Sasna” həm də Avropa və qərbyönlü sayılır. Ultra sağ siyasi mövqedən çıxış edir. Bu qruplaşma 2018-ci ilin sentyabrında təsis olunub. Ancaq onun üzvləri 2016-cı ilin iyulunda İrəvanda polis-patrul xidmətinin binasına hücum edərək 7 polis əməkdaşını girov götürməklə yadda qalıb. Hadisə nəticəsində 4 polis əməkdaşı yaralanmışdı. “Qanunsuz silah əldə etməkdə və saxlamaqda” ittiham edilən təşkilat üzvləri "Yeni Ermənistan" ictimai təşkilatının həbs olunmuş rəhbəri Jirayr Sefilyanın azadlığa buraxılmasını, Ermənistan ozamankı prezidenti Serj Sarqsyanın istefasını, hakimiyyətin xalqa təhvil verilməsini tələb edirdilər.
“Sasna tsrer” qrupu onda polis alayından göndərdiyi mesajda öz mübarizəsini belə xarakterizə edirdi: “Bu, Rusiya müstəmləkəçiliyinə qarşı milli azadlıq hərəkatıdır. Bunu hər kəsin, beynəlxalq ictimaiyyətin dərk etməsini istəyirik”. Onlar açıq şəkildə Ermənistanın Rusiyanın quberniyası olmasına etiraz etdiklərini vurğulayırdılar.
O vaxt Ermənistan parlamentinin müxalifətdən olan deputatı, indiki baş nazir Nikol Paşinyan qiyamçıların ələ keçirdiyi post patrul xidmətinə baş çəkmişdi. Girovların arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da olub.
“Sasna tsrer” 2018-ci ilin aprel-may hadisələri zamanı Nikol Paşinyanı müdafiə etmişdi. Həmin il keçirilən parlament seçkilərində isə 1,82 faiz səs toplayaraq 5 faizlik seçki baryerini keçə bilmədiklərindən ali qanunverici orqanda yer tuta bilməmişdi. Jirar Sefilyan Paşinyanla konstruktiv münasibətinin olduğunu bəyan etsə də, partiya baş nazirdən narazı qalmışdı. Bu səbəbdən “Sasna tsrer” Ermənistanın Avropa Partiyası ətrafında qərbyönlü alyans yaratmağı təklif edirdi.
2020-ci ilin noyabrında onlar adıçəkilən partiya ilə birlikdə İrəvanın mərkəzində keçirdikləri mitinqdə “Rusiyanın Ermənistanı işğal siyasətinə son qoymasını” tələb etmişdilər.
“Sasna”nın mübarizəsini Rusiya müstəmləkəçiliyinə qarşı mübarizənin birinci mərhələsi sayırdılar. Nikol Paşinyan baş nazir olandan sonra həbs edilən təşkilat üzvlərini əfv etdi. Bununla da onların anti-Rusiya fəaliyyətinə yollar açıldı.
Erməni təhlilçilər Nikol Paşinyanın fəaliyyətini Rusiyaya qarşı mübarizənin “ikinci mərhələsi” adlandırır.
Dəstənin son “əməliyyatı” birmənalı olaraq hökumət başçısına qarşı qiymətləndirilmir. “Sasna”nın siyasi mövqeyinə diqqət etsək, belə qənaətə gəlmək olar ki, hadisə Paşinyana həm təzyiq, həm də dəstək xarakteri daşıyır. Yerli KİV-in yazdığına əsasən, Qərb Rusiyanın Ermənistandan çıxması istiqamətində rəsmi İrəvana təzyiqləri artırır. Belə ehtimal olunur ki, onlar Nikol Paşinyandan bu prosesi nəhayət başa çatdırmasını istəyir. Bu səbəbdən də qərbyönümlü sayılan “Sasna”ya meydan verilir.
Belə qənaətə gəlmək olar ki, Qərb bununla Nikol Paşinyana xəbərdarlıq edir, hökumətdən Rusiyanın qovulması ilə bağlı radikal addımlar atmağı istəyir. Bu proses gecikəcəyi halda onlar “Sasna tsrer” və onun təmsil olunduğu siyasi qüvvəni Paşinyana alternativ olaraq göstərir. Bu hadisə ilə baş nazirə anti-Rusiya fəaliyyətini gücləndirmək üçün dəstək də verirlər. Nikol Paşinyan “xalq və siyasi qüvvələr bunu tələb edir” deyib Rusiyanın təzyiqlərinin azalda bilər. Baş nazirin “Sasna” ilə pərdəarxasında bir ələ oynadıqları da istisna deyil.
Bu baxımdan, Kremlin mətbuat katibi Dmitri Peskovun ötən gün Ermənistanla bağlı açıqlaması da təsadüfi sayılmır. O deyib ki, iki ölkə arasındakı münasibətlərdə müxtəlif çətinliklərə baxmayaraq, Ermənistan və Rusiya qardaş ölkələr olaraq qalırlar. D.Peskov Ermənistanın Rusiya Federasiyası üçün “qardaş ölkədən də artıq” olduğunu vurğulayıb: “RF vətəndaşı olan ermənilərin iqtisadi fəaliyyəti hələ də ildə bir neçə milyard olmaqla Ermənistanın ümumi büdcəsinin çox böyük faizini təşkil edir”. O, əlaqələrin inkişafını davam etdirmək üçün İrəvanda siyasi iradənin qalib gələcəyinə və tərəflərin bu çətin dövrdən uğurla çıxacaqlarına ümid etdiklərini bildirib.
Son hadisələrdən bu qənaətə də gəlmək olar: Qərb Ermənistana “Sasna” kimi təşkilat vasitəsi ilə təzyiq edir, Rusiya isə Peskovun açıqlaması timsalında “yumşaq güc” tətbiq etmək taktikasını tutur.
Hər iki hadisənin arxasında perspektivdə Ermənistanda hakimiyyətin güc yolu ilə dəyişdirilməsinin gündəlikdə olduğu durur. Ona görə “cəngavərlərin” aksiyasını bu istiqamətdə ilk əsas məşq saymaq olar. Onsuz da Nikol Paşinyan hökuməti əməli işdən daha çox danışmağa üstünlük verərək vaxt qazanır. İndi ölkədə daha çox gözə dəyən Fransa ağalığıdır. Nikol Paşinyan da onların müstəmləkəsinin qubernatoru rolunda görünür.
Beləliklə, “Sasna” kriminal avtoritet sayılmır. Ona görə də 18 ildən sonra polis məntəqəsinə hücum da Ermənistan üçün yeni planın tərkibi sayıla bilər.