Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsi artmaqdadır. Baş nazir Nikol Paşinyanın Moskvanı müttəfiq kimi görmək istəməməsi və Qərbə tərəf meyillənməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirir. İstər Roma Statutunun ratifikasiyası, istərsə də Qərbə səfərlərindən dərhal sonra Kremllə münasibətlər barədə açıqlamaların verilməsi ipləri qopma həddinə çatdırıb. Münasibətləri tam qoparmağı hədəfləyən N.Paşinyanın Qərbə istiqamət götürməsi ölkə müxalifəti tərəfindən sərt tənqidlərə məruz qalır.
Müxalifətin fikrincə, Qərbin Paşinyana qucaq açması ölkə üçün xoş gələcək vəd etmir. Qərbin vədləri sadə illüziyadan başqa bir şey deyil və İrəvanın Rusiya əleyhinə fəaliyyəti ilə ölkənin iqtisadi və sosial vəziyyətini daha da çətinləşdirir. Şübhəsiz ki, erməni müxalifətini belə düşünməyə vadar edən səbəblər var və bu səbəblər arasında ilk yerlərdən birini iqtisadi məsələ tutur. Çünki Ermənistan iqtisadiyyatının şah damarları Rusiyanın əlindədir və bu, istənilən anda təsir rıçaqı kimi istifadə edilə bilər. Məsələn, təkcə 2015-ci ildə ölkədə elektrik enerjisi tariflərində cüzi artım ölkədə ciddi etirazlara səbəb olmuşdu. Kütlə hökuməti günahlandırsa da, artımın əsas səbəbkarı Kremlə məxsus “İnter RAO” şirkəti idi. Çünki elektrik şəbəkəsi məhz bu şirkətə məxsusdur.
Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan iqtisadiyyatı tamamilə Rusiyanın nəzarəti altındadır. Buraya dəmir yolu, elektrik şəbəkəsi, qaz stansiyalarından tutmuş, əsas iri şirkətlər daxildir. Göründüyü kimi, Moskvanın İrəvanda iqtisadi rıçaqları kifayət qədər güclüdür və onlardan birini tərpətmək sözügedən ölkədə ciddi nəticələrə səbəb ola bilir. Məsələn, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi 2023-cü ilin 1 dekabr tarixindən 2024-cü ilin 31 may tarixinə qədər bərk buğdanın ixracını qadağan edən qanun layihəsi hazırlayıb. Bu isə İrəvanın alnına vurulan zərbə sayılır. Çünki bu qadağa ona da şamil edilir. Kremlin hazırladığı yeni qanun layihəsi isə Ermənistanda istehsal edilən makaron və digər qənnadı məmulatları ilə bağlı problemə, qiymət artımına səbəb olub. Qonşu ölkəmiz Avrasiya İqtisadi İttifaqına üzv olsa da, Rusiyanın qadağasından yayına bilməyib. Hazırda erməni iqtisadçılar həyəcan təbili çalır, yarıtmaz siyasətə görə hökuməti tənqid edirlər. Ermənistanda bərk buğda demək olar ki, istehsal edilmir və bazar əsasən Rusiya ixracından asılıdır. Belə olduğu halda, şimal qonşumuzun qəbul etdiyi qərar təkcə iqtisadi baxımdan yox, siyasi baxımdan da xəbərdarlıq kimi qəbul edilməlidir.
Qaz sənayesi
SSRİ dağıldıqdan sonra Moskva Ermənistanı elektrik enerjisi ilə ödənişsiz təmin etməyə başladı. Borclar da ildən ilə şişməyə başladı. 2002-ci ildə iki ölkə arasında əldə edilən razılaşmaya görə, borc qarşılığında ermənilərin bir sıra fabrik və zavodları Rusiyaya verildi. Bu sıraya “Mars” zavodu, 3 kimyəvi zavod, Razdan kaskad elektrik stansiyaları və sair daxil idi. Sonradan isə İrəvan büdcəsinə hansısa gəlir gətirə biləcək şirkətlər, enerji sahəsi, dəmir yolları, qızıl və molibden mədənləri də borc əvəzinə Rusiyaya təhvil verdi. Bu şirkətlər “Rosneft”, “Qazprom”, “Rusiya Dəmir Yolları” şirkətlərinin balansına verildi.
İrəvanın enerji bazarının 60 faizi təbii qazdan asılıdır. Bu işlə isə “Ermənistan Qazprom” şirkəti məşğul olur. 1997-ci ildə qurulan şirkətin ilk illərdə səhmlərinin 45 faizi Ermənistana, 45 faizi Rusiyaya, 10 faizi isə “Rosneft”in “İtera” şirkətinə məxsus olsa da, 2013-cü ildən “Qazprom” ermənilərin qaz sənayesinin tam sahibinə çevrildi. Hazırda İrəvanın qaz sənayesi tam olaraq, Kremldən asılıdır və qiymət artımlarına da “Qazprom” nəzarət edir. Əgər təbii qazın qiymətində artım baş versə, bu, yumşaq dillə desək, Moskva üçün ciddi nəticələrə səbəb olacaq. Hökumət isə artıq Rusiya qazına alternativ axtarmağa başlayıb. İran qazı daha bahadır və bu səbəbdən də Ermənistanın iqtisadiyyat nazirinin müavini Akop Vardanyan Azərbaycandan qaz idxal etməyə hazır olduğunu bildirib: “Əgər siyasi məsələlər həll olunarsa, Azərbaycandan qaz idxal etməyə hazırıq. Sovet dövründə də analoji təcrübə olub. Ermənistan Azərbaycandan qaz alırdı və üç böyük qaz kəməri bu məqsədə xidmət edirdi”.
Maraqlıdır ki, qaz sənayesi tam olaraq Moskvanın nəzarətində olan rəsmi İrəvan hökumətinin alternativ axtarışlarına Kremldən hələlik heç bir cavab verilməyib. Amma qış yaxınlaşır və ərazisi əsasən dağlıq olan ermənilər sərt qış aylarında qiymət artımı ilə üzləşə bilər.
Elektrik şəbəkəsi
Ermənistanın elektrik şəbəkəsi Rusiyanın “İnter RAO” şirkətinə məxsusdur. Ölkənin əsas enerji istehsalçısı sıralarında olan Razdan İES də bu şirkətə məxsusdur. Bununla yanaşı, Sevan-Razdan kaskadının 8 SES-nin sahibi olan “Beynəlxalq energetika korporasiyası” da ruslara məxsus şirkətin balansındadır. Hətta bir ara erməni mətbuatında sözügedən şirkətin Kremlə məxsus “Taşir” qrupuna satıldığı barədə də xəbər dolaşırdı. Yuxarıda da qeyd etmişdik, 2014-cü ildə sözügedən şirkət elektrik enerjisi tariflərinə qısa toxunmaqla ölkədə ciddi narazılığa səbəb olmuşdu. İstisna edilmir ki, İrəvanda anti-Rusiya əhval-ruhiyyəsində daha bir sıçrayış müşahidə edilsə, Moskva bu rıçaqdan da istifadə edəcək. Hazırda çətin iqtisadi vəziyyət, ağır sosial problemlərlə boğuşan sadə erməni vətəndaşı üçün tariflərdə 4-5 dramlıq artım heç də xoş qarşılanmayacaq.
Ermənistanın enerji sistemində Vorotan kaskadı xüsusi yer tutur. Hökumətdə də anlayırlar ki, gec-tez Rusiya bu kaskadı da ələ keçirəcək. Bu səbəbdən şirkəti amerikalılara satmaq üçün 2015-ci ildə hərəkətə keçildi. Bununla erməni hökuməti rəqabət yaratmaq, enerji strategiyasında dəyişiklik etmək istəsə də, şimal qonşumuz dərhal rıçaqını işə salaraq tariflərə “əl gəzdirdi” və İrəvanda 2015-ci ilin yayı çox isti keçdi. Xalq küçələrə axışaraq tariflərə etiraz etdi.
Dəmir yolu şəbəkəsi
Ermənistanın dəmir yolu şəbəkəsi olan “Cənubi-Qafqaz dəmir yolu” Rusiyanın “RDY” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. 2008-ci ilin 13 fevral tarixində İrəvan şəhərində “RDY” ilə İrəvan arasında konsessiya müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Ermənistan Dəmir yolları” dövlət qapalı səhmdar cəmiyyəti “RDY”-nin idarəsinə verilib. Müqaviləyə əsasən, müddət 30 il təyin edilib. Amma 20 illik əməkdaşlıqdan sonra tərəflərin qarşılıqlı razılığına əsasən, müqavilə müddəti daha 10 il uzadıla bilər.
Belə olduğu halda, baş nazir Nikol Paşinyanın 2020-ci ilin 10 noyabr tarixli Üçtərəfli bəyanatın 9-cu bəndinin ləğvinə çalışması başa düşülən deyil. Sözügedən bəyanatın 9-cu bəndi dəmir yolları ilə bağlıdır və qeyd edilir ki, Azərbaycanın qalan əraziləri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarına Ermənistan ərazisində Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi. Nikolun bu maddəni ləğv etmə cəhdi isə birbaşa Moskvaya qarşı hesablanmış addımdır. Təsadüfi deyil ki, son günlər elə Paşinyan sözügedən kommunikasiya xətlərinə nəzarət üçün Milli Təhlükəsizlik Xidmətinin xüsusi bölməsinin yaranmasını açıqlayıb. Maraqlıdır ki, dəmir yolu şəbəkəsinə tam nəzarət Moskva tərəfindən həyata keçirildiyi bir ölkənin baş nazirinin belə bir açıqlama verməsi Rusiya tərəfindən xoş qarşılanmayacaq. Yəqin ki, yaxın günlərdə şimal qonşumuz bu sahədə də olan rıçaqını işə sala bilər.
Dağ mədən sənayesi
Texut mədəni ermənilərin postsovet məkanında ən böyük mis-molibden məbədi sayılır. Bu mədəndə 11 növ metal, xüsusən də qızıl yataqları var. Dəyəri isə 30 milyard dollar qiymətləndirilib. Hökumət mədənin işlənmə hüququnu 30 illik müddətə Kremlin “Valeks Qrup” şirkətinə verib. İrəvanın isə bu müqavilədən gəliri 600 milyon dollardır. Bu isə ümumi dəyərin 5 faizi deməkdir.
Yanacaq tədarükü
İrəvan maye yanacağı da əsasən Rusiyadan tədarük edir. Bu məsələ ilə bağlı Ermənistana kvotalar verilib. Kvotalar tükənəndə isə hökumətin kvotanı artırmaq üçün xahiş, minnətə baş vuracağı gün kimi aydındır. Amma Moskvanın son dövrlər Ermənistanla münasibətlərin gərginləşdiyi bir vaxtda hansı cavabı verəcəyini təxmin etmək elə də çətin deyil. Onun isə alternativ axtarmaq üçün vaxtı çox azdır. Təsadüfi deyil ki, əsasən Rusiyadan idxal edilən benzin qiymətlərində artıq ciddi artım müşahidə edilir. Yanacaq qiymətlərinin artması artıq iqtisadiyyata da təsirsiz ötüşməyəcək və bu təsir təbii ki, mənfi təsir olacaq. Belə bir artım isə ümumi inflyasiyaya səbəb olacaq və sadə erməninin rifahına mənfi təsir edəcək. Ermənistanda isə benzin qiymətlərində artım hələ iyun ayından müşahidə edilir və bu artım 10 faizlik artım idi. İyul ayında isə qiymətlər daha 11 faiz artıb. Sentyabrda isə artım avqust ayı ilə müqayisədə 5.8 faiz təşkil edib. Rəsmi qurumlar ötən il ilə müqayisədə cəmi 18 faizlik artımdan danışırlarsa da, reallıq bu rəqəmin 50 faiz olduğunu bildirir.
İki stulda əyləşmək
Ümumiyyətlə, rəsmi İrəvan son illər iki stulda əyləşmək qərarına gəlib: Rusiya və Qərblə eyni anda dostluq etmək. Yerli siyasilər Rusiya ilə Aİİ çətiri altında siyasi əməkdaşlığı, Avropa İttifaqı ilə isə iqtisadi inteqrasiyanı hədəfləyib. Rusiya ilə gömrük və iqtisadi sahədə müqavilələr imzalamağa can atan əvvəlki erməni hökuməti Avropa ilə də danışıqlar aparırdı. Bu danışıqların 2013-cü ildə müqavilə ilə başa çatacağını proqnozlaşdırsalar da, iyul ayında Moskva təbii qazın qiymətini artırdı. Bir kubmetr üçün ödənən 180 dollar avtomatik olaraq 270 dollara qədər artdı. Görünür, Avropa ilə yaxınlaşma istəyi rəsmi Moskvanın xoşuna gəlməmişdi və rıçaqlarından istifadə edərək öz mesajını göndərdi.
İnvestisiyalar
Ötən ilin yanvar-sentyabr aylarında Ermənistana kapital axını məsələsində liderlik Rusiyaya məxsusdur. Bu ölkədən birbaşa investisiyalar nə az nə çox, 59.8 milyard dram təşkil edib. 59.8 milyard dram sərmayənin 44.7 milyard dramı dağ-mədən sənayesinə, 12.4 milyard dramı isə elektrik və qaz sənayesinə yönləndirilib. Qərbin sərmayələri isə əsasən, aviadaşınmalara yönləndirilib. Məsələn, sözügedən dövr ərzində Argentina bu sahəyə 11 milyard dram pul qoyub. İkinci yerdə isə BƏƏ durur və sərmayə həcmi 2 milyard 162 milyon dramdır.
Əgər ümumi rəqəmlərə baxsaq, xarici sərmayənin 40 faizi Kremlin payına düşür. Bu isə 780 milyon dollar deməkdir. 2022-ci ilin rəqəmlərinə əsasən, Ermənistanda 4.400 Rusiya şirkəti fəaliyyət göstərir.
Son illərdə Qərb şirkətləri müxtəlif sahələrə qoyulan investisiyaları rentabelli olmadığı üçün azaldıblar. Kreml kapitalının isə boşalan sahələri doldurması tendensiyası müşahidə edilir. Məsələn, mədənçıxarma sektorunda alman və Niderland mənşəli kapitalda azalma qeydə alınıb və bu yeri rus kapitalı doldurub. İndi sual olunur, Moskva ilə ipləri qoparmağı hədəfləyən İrəvan hökuməti belə bir sahəyə hansı müddətə alternativ tapa bilər? Yuxarıda da qeyd edildiyi kimi, Paşinyanın üz tutduğu Qərb son illər gəlir payı az olduğu üçün Ermənistana sərmayə qoymağa elə də həvəs göstərmir.
Xarici ticarət
Cari ilin ilk yarısında ermənilərin xarici ticarətinin əsas payçısı MDB ölkələridir. Burada da əsas partnyor Kremldir. 2023-cü ilin yanvar-iyun aylarında Rusiya ilə ticarət dövriyyəsi 3 milyard dollardan çoxdur. Aİİ ilə isə bu dövriyyə 1 milyard 413 milyon dollar təşkil edib. Bu rəqəm isə İrəvanın cari dövr ərzində təkcə Çinlə ticarət dövriyyəsi ilə eynilik təşkil edir.
Cari ilin yanvar-iyun aylarında Ermənistanın ixracatına rəqəmlərlə baxsaq, əsas tərəfdaşının Rusiya olduğunu görərik. Sözügedən dövr ərzində rəsmi İrəvan Moskvaya 1 milyard 677 milyon dollarlıq mal ixrac edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artım deməkdir. Maraqlıdır ki, 2023-cü ilin yanvar-iyun aylarında Avropa İttifaqına ixracat rəqəmlərində 11.7 faiz geriləmə qeydə alınıb. Sözügedən məbləğ isə 376 milyon dollardan bir az çox olub.
Ermənistanın ixrac strukturunda Rusiyanın payı 50 faizi ötüb. Ölkə Aİİ-yə üzv olana qədər bu pay 21 faiz idisə, son 10 il ərzində bu rəqəm kifayət qədər artaraq 50 faizlik baryeri aşıb. Əgər müxtəlif məhsul qrupları ilə bağlı bir problem yaransa, həmin bazar tamamilə və ya qısa müddətə bağlana bilər. Bu isə İrəvan üçün çox ciddi problemlər deməkdir.
2023-cü ilin ilk altı ayında MDB ölkələrindən idxal ötən ilin analoji dövrü ilə müqayisədə 26.7 faiz artıb. Rusiyadan 6 ay ərzində 1 milyard 405 milyon dollara yaxın mal və məhsul idxal edilib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 28.6 faiz artım deməkdir. Aİ ölkələrindən isə 6 ay ərzində idxal 87% artaraq 1 milyard 38 milyon dollar təşkil edib.
Yuxarıda sadalananlardan da məlum olur ki, Ermənistan iqtisadiyyatının şah damarı Rusiyanın əlindədir. Bu səbəbdən də Kremlə qarşı soyuq münasibət və bəyanatlar erməni iqtisadiyyatını məhvə doğru sürükləyə bilər. Moskvanın İrəvan iqtisadiyyatında kifayət qədər ciddi rıçaqları var və hər an bu rıçaqlardan istifadə edərək istədiyinə nail ola bilər. Məsələn, erməni parlamentində Roma Statutunun ratifikasiyasından sonra Kreml bu ölkədən idxal və tranziti müvəqqəti olaraq qadağan etdi. Bu isə onun iqtisadiyyatı üçün milyonlarla dollar ziyan demək idi. Yaxın gələcəkdə də Rusiyanın iqtisadi rıçaqlarından istifadə edərək Ermənistan hökumətini cəzalandıracağını proqnozlaşdırmaq olar.
Kamil Məmmədov