Rusiyanın dəyişməyən 200 illik siyasəti - yer adlarının təhrifi, alət olan ermənilər - ŞƏRH

Rusiyanın dəyişməyən 200 illik siyasəti - yer adlarının təhrifi, alət olan ermənilər - ŞƏRH Yer, coğrafi adların dəyişdirilməsi pis niyyətin - məsələn, işğalın - göstəricisidir. Azərbaycan 200 ildən artıqdır bu problemlə üzləşir. Çar Rusiyası dövründə Cənub Qafqaz işğal olunandan sonra bütövlükdə Qafqazdakı türkcə toponimlər və coğrafi adlar ya
Analitika
28 Noyabr , 2022 14:34
Rusiyanın dəyişməyən 200 illik siyasəti - yer adlarının təhrifi, alət olan ermənilər - ŞƏRH

Yer, coğrafi adların dəyişdirilməsi pis niyyətin - məsələn, işğalın - göstəricisidir. Azərbaycan 200 ildən artıqdır bu problemlə üzləşir. Çar Rusiyası dövründə Cənub Qafqaz işğal olunandan sonra bütövlükdə Qafqazdakı türkcə toponimlər və coğrafi adlar ya ruslaşdırıldı, ya da erməniləşdirildi.

Əslində, Azərbaycan türkcəsi Rusiyanın işğalınadək Qafqazda ən populyar və başlıca ünsiyyət vasitəsi idi. Məşhur rus yazıçısı və dekabrist A.A.Bestujev-Marlinski Azərbaycan türkcəsini “tatar dili” adlandıraraq yazırdı: “Zaqafqaziya diyarının tatar dili türk dilindən az fəqlənir və fransızcanı bilib Avropanı başdan-başa gəzmək mümkün olduğu kimi, tatar dilini bilməklə də bütün Asiyanın o başından vurub bu başından çıxmaq olar”. Məşhur rus yazıçı Mixail Yuryeviç Lermontov da Azərbaycan türkcəsini yüksək qiymətləndirib: “Tatarcanı öyrənməyə başlamışam, burada və ümumiyyətlə, Asiyada bu dil Avropada fransız dili kimi zəruridir”. Rus tarixçi, arxeoloq və dövlət xadimi Stepan Dmitriyeviç Neçayevin də Azərbaycan türkcəsi barədə fikirlərini xatırlayaq: “İndi Avropada fransız dili kimi, tatar dili də Qafqaz xalqları arasında hamının işlətdiyi dildir”.

Deməli, istər çar Rusiyası, istər SSRİ və istərsə də müasir dövrdə Rusiyada Azərbaycan türkcəsindən istifadənin miqyasını, onun yerini bilməmiş deyillər. Azərbaycan türkcəsinə qarşı istənilən fəaliyyət qəsddir, assimilyasiya məqsədi daşıyır. Çar Rusiyası və SSRİ 1801-ci ildən 1990-cı ilədək ötən 190 ildə Qafqazda, özəlliklə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yer adlarını, coğrafi adları dəyişdirib, tarixi -mədəni abidələri dağıdıb. Bununla da regiondan Azərbaycan türkünü və türk etnosunun izini silməyə çalışıb. Azərbaycanın qədim şəhərlərinin Rusiya çarlarının ailə üzvlərinin adlarına dəyişdirilməsinə Gəncənin adının Yelizavetpol, sovet dövründə “Kirovabad”, habelə Araz çayının adının eybəcərləşdirilərək “Araks” adlandırılmasını, Turşsuyun “Kislovodsk”a tərcüməsi və s. minlərlə örnəklər göstərmək mümkündür. Bu proses sovetlər dövründə də dayanmayıb. Azərbaycanda şəhər, kənd, kolxoz, sovxoz, məktəblərə və s. bolşeviklərin, ermənilərin liderlərinin adları verilib, məsələn, Lenin, Kirov, Şaumyan və s.

Yeri gəlmişkən, Ermənistanda da türkcə adlar erməniləşdirilirdi. Bu günədək Ermənistan və Rusiya dünyaya həmin adların ermənicə variantını təqdim edirlər. Mütəxəssislər türk toponimlərinə təcavüzü aşağıdakı dövrlərə bölürlər: 1918-1920, 1920-1930, 1930-1960,1960-1980, 1991-ci ildən sonra dəyişdirilənlər. Təkcə XX əsrin əvvəllərində Qərbi Azərbaycanda (indiki Ermənistan) 2310 coğrafi addan 2000-ə yaxını türk mənşəlli olub. Ermənistanın Azərbaycanın Qarabağ və ətraf rayonlarını işğal etdikdən sonra da gördükləri ilk “işlərdən” biri yer və coğrafi adların “dəyişdirilməsi” olmuşdu.

Ermənilərin sovet dövründə, sonrakı illərdə türkcə yer adlarını erməniləşdirməsinə nə sovet Moskvası, nə də indiki Kreml etiraz etməyib. Əksinə, o da həmin yerləri ermənicə adlandırıb. Uzun illərdir Rusiya ermənilərin bu hərəkətini təqdir edib, yaxud özünün etmədiyini, bu istiqamətdə assimilyasiyanı onların vasitəsilə reallaşdırıb.

Beləliklə, çar Rusiyası və keçmiş SSRİ-nin əməllərini indiki Rusiya da davam etdirir. Rusiya Müdafiə Nazirliyinin internet səhifəsində Azərbaycan Respublikasının yaşayış məntəqələrinin adları uydurma erməni toponimləri ilə qeyd edilir. Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın uyğun nazirliyinə bu barədə müraciət edib. Ancaq qarşı tərəf ermənicə yer adına hələ də üstünlük verir. Rusiyanın sülhməramlı kontingentinin 2022-ci il noyabrın 24-ü tarixli rəsmi məlumatında “Maqavuz” yaşayış məntəqəsi istiqamətində Azərbaycan tərəfindən guya "atəşkəsin pozulması"nın qeydə alındığı bildirilib. Azərbaycan bu yaşayış məntəqəsinin rəsmi adının Çardaqlı olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan Ordusu bölmələrinin atəşkəsi pozmadığı da vurğulanıb. Yaxud Rusiya Müdafiə Nazirliyi Ağdərə və Xocavənd bölgələrini də “Mardakert” və “Martuni” adlandırır, habelə Qarabağ iqtisadi rayonunu “Dağlıq Qarabağ ərazisi” kimi qeyd edir.

Ümumiyyətlə, atəşkəsin pozulması barədə birtərəfli açıqlama və Azərbaycan yer adlarının təhrif edilməsi Rusiyanın regiondakı vəziyyətə tərəfli münasibətinin göstəricisidir. Rusiya nazirliyi bu qeydlə Azərbaycanın suveren hüquqlarını pozur. Rusiyada rəsmi olaraq yer adları necədirsə, Azərbaycanda da rəsmi qurumlar onu elə qeyd edirlər. Təhrifə yol vermədən... Bu baxımdan atəşkəs barədə Rusiya nazirliyinin açıqlaması da qərəzli sayılır. Yeri gəlmişkən, Azərbaycan torpaqlarında ermənilərin qanunsuz silahlı dəstə saxlamaq hüququ hansı sənəddə təsbit olunub? 2020-ci il noyabrın 10-da qəbul olunmuş üçtərəfli bəyanatda bununla bağlı bir ifadə belə yoxdur. Belə çıxır ki, Rusiya Azərbaycan ərazisində ermənilərin adı ilə qanunsuz silahlı dəstələri saxlayır. Hətta humanitar məqsəd üçün açıq olan Laçın dəhlizindən silah-sursat belə daşınır. Ona görə də Rusiyanın Azərbaycandakı sülhməramlılarının mandatına uyğun fəaliyyət göstərmədiyi qənaətinə gəlmək olar. O, bununla ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olur, onlara boş ümidlər verir.

Nəhayət, 200 ildir Rusiyanın ermənilərdən alət olaraq istifadə etməklə Azərbaycana, Qafqaza yönəlik siyasətində heç bir mütərəqqi dəyişiklik yoxdur. Moskvanın ermənicə yer adlarına üstünlük verməsi, atəşkəs barədə erməni yönümlü informasiyanın yayılması da bunu təsdiqləyir.

Son xəbərlər

Orphus sistemi