Rusiyanın Avropanın Qafqaza təsiri ilə bağlı xəbərdarlığının səbəbləri - TƏHLİL

Rusiyanın Avropanın Qafqaza təsiri ilə bağlı xəbərdarlığının səbəbləri - TƏHLİL Qafqaz regionu Avropa ilə Asiya arasında strateji bir bölgə kimi həmişə böyük dövlətlərin diqqət mərkəzində olub. Son illər Avropa İttifaqının (Aİ) bu regionda təsirinin artması Moskvada ciddi narahatlıqlara səbəb olub. Rusiya ilə Avropa İttifaqı arasında
Analitika
12 Avqust , 2024 15:48
Rusiyanın Avropanın Qafqaza təsiri ilə bağlı xəbərdarlığının səbəbləri - TƏHLİL

Qafqaz regionu Avropa ilə Asiya arasında strateji bir bölgə kimi həmişə böyük dövlətlərin diqqət mərkəzində olub. Son illər Avropa İttifaqının (Aİ) bu regionda təsirinin artması Moskvada ciddi narahatlıqlara səbəb olub. Rusiya ilə Avropa İttifaqı arasında regionla bağlı qarşıdurma hər ötən gün daha da şiddətlənir. Son dövrlər regionda baş verən geosiyasi dəyişikliklər iki güc arasında strateji maraq dairəsinin daha da genişlənməsindən xəbər verir. Gürcüstanla bağlı planları suya düşən Aİ artıq Ermənistana daha çox diqqət ayırmağa başlayıb. İş o həddə çatıb ki, artıq erməni siyasi hakimiyyəti bütün məsələlərdə Qərbin ağzına baxmağa başlayıb. İstər Amerikanın hərbi təlimləri və modul tipli AES qurmaq cəhdləri, istər Aİ-nin, xüsusən də Fransanın Ermənistana ayırdığı kreditlər və silah alveri, istərsə də siyasi bəyanatlar erməni dövlətinin Qərbin maraqlarına uyğun olaraq forposta çevrilmə yolunda irəliləməsindən xəbər verir. Təbii ki, baş verənlər Moskva tərəfindən diqqətlə izlənilir və artıq Kremlin Avropa İttifaqına etdiyi xəbərdarlıqlarda Avropanın Qafqazda təsirinin artmasının təhlükələri xüsusi olaraq vurğulanır. Bu xəbərdarlıqlar isə rus dövlətinin regionda strateji mövqelərinin zəifləməsindən narahat olduğunu göstərir.

Qafqazın əsas aktoru kimi Rusiya Avropa İttifaqının Qafqaz ölkələri ilə münasibətləri gücləndirmək, regionda siyasi və iqtisadi mövcudluğunu genişləndirmək səylərinə sərt reaksiya verməyə başlayıb. Qərbin isə Qafqaza təsirini artırmaq üçün müəyyən səbəbləri var. Bunlardan biri enerji təhlükəsizliyi ilə bağlıdır. Qafqaz enerji ehtiyatlarının, xüsusilə neft və təbii qazın Yaxın Şərq və Mərkəzi Asiyadan Avropaya nəqli üçün əsas marşrut kimi böyük əhəmiyyət kəsb edir. Avropa İttifaqı enerji mənbələrini şaxələndirməyə və Rusiya enerjisindən asılılığı azaltmağa çalışır. Bu layihədə isə əsas həlledici halqa Azərbaycandır. Eyni zamanda yaxın illərdə Azərbaycandan Avropaya yaşıl enerji dəhlizinin də uzanacağı artıq dəqiqdir. Bu sahə ilə bağlı hələ 2022-ci ildə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Qazaxıstan və Özbəkistan da qərara gəliblər ki, Azərbaycan üzərindən bu dəhlizə özlərinin istehsal etdikləri bərpaolunun enerjini qoşsunlar. Bununla ölkəmiz "yaşıl enerji"nin həm də tranzitini həyata keçirəcək.

Aİ-nin digər maraqlarından biri də ticarət və iqtisadi əlaqələrlə bağlıdır ki, buraya ticarət müqavilələri və inkişaf etməkdə olan bazarları və təbii ehtiyatları istismar etmək üçün yeni investisiyalar daxildir. Eyni zamanda Asiya ilə birləşmək üçün də məhz Qafqaz regionu, xüsusən də Azərbaycan Avropa üçün vacibdir. Asiya ölkələri ilə Qərb ölkələri arasında körpü rolunu oynayan Azərbaycan 2020-ci il Qarabağ zəfərindən sonra regionun ən böyük tranzit imkanlarına malik ölkəyə çevrilib. Bir sıra istiqamətlərə gedən yollar məhz Azərbaycandan keçdiyi üçün Avrasiya region üçün strateji əhəmiyyətli logistik mərkəzə çevrilib. Regiondakı bütün tranzit layihələri Azərbaycanın iştirakı olmadan reallaşdırıla bilmir. Zəngəzur dəhlizi layihəsinin reallaşması isə Çindən yüklərin Qərbə daşınmasını həm kifayət qədər qısa müddətə, həm də daha ucuz başa gətirə bilər. Bu da Qərbin regiona xüsusi maraq göstərməsinə səbəb olur.

Eyni zamanda qeyd etmək yerinə düşər ki, Avropa İttifaqının Qafqazda təsirinin gücləndirilməsi Rusiyanın bu regiondakı təsir və hökmranlığına qarşı mübarizə strategiyası kimi qiymətləndirilir. Bu səylər xüsusilə siyasi və iqtisadi təşəbbüslər şəklində özünü göstərir. Bütün bu amillər Aİ-ni fəal şəkildə Qafqazda mövcudluğunu gücləndirməyə və regional proseslərdə daha böyük rol oynamağa vadar edir. Bu siyasəti həyata keçirmək üçün isə Qərb texnoloqları səhv yol tutaraq Ermənistana dayanmadan maliyyə yardımı ayırır, silahlanmasına kömək edirlər. Əslində yuxarıda sadalanan layihələri reallaşdırmağın ən asan yolu Azərbaycanla Ermənistan arasında sülhü həqiqətən dəstəkləmək, iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün əməli addımlar atmaq, regiondakı kommunikasiyaların blokdan çıxmasına şərait yaratmaqdır. Lakin Fransa başda olmaqla bir sıra Avropa ölkələrinin qərəzli mövqeyi, regiona yaxşı bələd olmadan fikir yürütməsi, sülhü dəstəkləmək əvəzinə, Cənubi Qafqaz regionunda gərginliyi artırmaq cəhdləri qərbli siyasətçilərin ciddi səhvlərə yol verdiyini ortaya çıxarır.

Aİ-nin Qafqazla bağlı yürütdüyü planlar bir sıra dəyişikliklərə səbəb olub. Məsələn, ilk sırada geosiyasi dəyişiklikləri misal çəkmək olar. Aİ-nin Qafqazda təsirinin genişlənməsi bu regionda qüvvələr balansının dəyişməsinə cəhd kimi qiymətləndirilir və Rusiya ilə rəqabəti gücləndirir. Həmçinin bu siyasi qurumun Qafqaza yanlış nüfuz etməsi müharibə və münaqişə riskini də artırır. İqtisadi inkişaflar adı altında erməni dövlətinə ayrılan kreditlər əslində rəsmi İrəvanı özündən asılı vəziyyətə salmaq, borc bataqlığında boğmaq və ölkənin bütün siyasi qərar mexanizmini susdurmaq məqsədi daşıyır. İnsan hüquqları və demokratiyanın vəziyyətini yaxşılaşdırmaq adı altında Qafqaza nüfuz edən Qərb əslində Paşinyanın siyasi hakimiyyətini dəstəkləyir, erməni müxalifətinə qarşı kəskin mövqe tutur, Müdafiə Nazirliyi kimi strateji quruma öz adamını yerləşdirir. Qısacası, Qərb sözdə demokratiya və insan hüquqlarından dəm vursa da, konkret məqsədinə, geosiyasi ambisiyasına çatmaq üçün erməni dövlətini qurban belə verməyə hazırdır. Aİ-yə üzvlüklə bağlı bir müddət erməni cəmiyyətini eyforiyada saxlayan siyasətçilər artıq əsl simalarını göstərərək “Ermənistanla danışıqlar Aİ üzvlüyünə namizədlik danışıqları kimi qəbul edilməməlidir” bəyanatını səsləndirib. Eyni zamanda siyasi partiyaların proqramında Avropanın genişlənməsi qətiyyən nəzərdə tutulmayıb.

Təbii ki, baş verənlər Kreml tərəfindən izlənilir və adekvat bəyanatlar səsləndirilir. Mühüm coğrafi məkan və strateji ərazi olan Cənubi Qafqaz eyni zamanda Rusiya üçün enerji mənbəyi də sayılır. Bu səbəbdən Prezident Vladimir Putin bu yaxınlarda bəyan etmişdi ki, Aİ-nin təsirinin genişlənməsi Qafqazda gərginliyin artmasına və iğtişaşlara səbəb ola bilər. Bu isə o deməkdir ki, Qərbin Cənubi Qafqazda erməni dövlətinə “xüsusi diqqət və qayğı” göstərməsinə, silahlanmaya təşviq etməsinə həm rəsmi Bakı, həm də Moskva ciddi reaksiya verə bilər. Bu da regionda təhlükəsizlik vəziyyətini çətinləşdirə bilər.

Eyni zamanda qeyd etmək lazımdır ki, Qərbin Qafqaza daxil olmaq cəhdi Rusiyanın iqtisadi maraqlarına da ziyan vura bilər. Artıq ilk işartılar özünü göstərməyə başlayıb. Məsələn, amerikalı diplomatların tez-tez modul tipli AES inşası ilə bağlı açıqlamaları ilk növbədə buna işarədir. Çünki Ermənistanda enerji sektoruna,xüsusən də AES-ə rəsmi Moskvanın nəzarət etdiyi sirr deyil. Paşinyanın Metsamoru bağlayaraq Vaşinqtonla modul tipli AES inşa etmək həvəsi ilə bağlı yayılan söhbətlər də Kremlin maraqlarına birbaşa zərbədir. Eyni zamanda rəsmi Vaşinqtonun tranzit yollarına nəzarət etmək həvəsi də Rusiyanın iqtisadi maraqları üçün təhdid sayıla bilər.

Rusiya rəsmilərinin açıqlamaları sübut edir ki, Putin ümumilikdə ölkəsinin Qafqazda təsir və mövqelərinin Qərb tərəfindən zəiflədilməsi cəhdinə qarşı olduğunu göstərməyə çalışır. Bu xəbərdarlıqlar Avropa İttifaqına və digər qlobal aktorlara Rusiyanın regionda güc dəyişikliklərinə boyun əyməyəcəyinə dair bir mesajdır. Qısacası, Kreml regiondakı geosiyasi maraqlarını müdafiə edəcək. Çünki Moskvada hesab edirlər ki, Aİ dolayı yollarla Qafazda münaqişəni alovlandıracaq və mövcud vəziyyəti gərginləşdirəcək.

Bütövlükdə Putinin Avropa İttifaqına etdiyi xəbərdarlıqlar Rusiyanın Qafqazda strateji və geosiyasi mövqeyini qoruyub saxlamaq və regional güc balansında hər hansı dəyişikliyin qarşısını almaq səylərindən xəbər verir. Bu xəbərdarlıqlar eyni zamanda beynəlxalq münasibətlərin mürəkkəbliyini və böyük dünya gücləri arasında qarşılıqlı əlaqələrdəki çətinlikləri göstərir.

Təbii ki, Ukrayna münaqişəsi səbəbindən bir sıra sanksiyalara məruz qalan rəsmi Moskva Qafqaz regionunda Aİ ilə açıq-aşkar silahlı qarşıdurmaya getməyəcək. Çünki belə bir vəziyyət region ölkələri, xüsusən də Azərbaycanın ciddi narazılığına səbəb ola bilər. Coğrafi mövqeyinə, etnik və siyasi gərginliyinə görə Qafqaz regionu xarici təhdid və təzyiqlərə qarşı həssasdır. Hər hansı bir gərginliyin artması və xarici müdaxilə vəziyyəti daha da qeyri-sabit edə, daha çox problemlərə səbəb ola bilər. Eyni zamanda belə bir toqquşma Rusiyanın dünyadan daha da təcrid olunması ilə nəticələnə bilər.

Beləliklə, Qərb Cənubi Qafqaza nüfuz etməklə əsas hədəfinə, yəni Rusiyanı regiondan sıxışdırıb çıxartmağa, müttəfiqləri ilə münasibətlərini qoparmağa çalışır. Əlbəttə, söhbət Ermənistandan gedir. Baş verənlər göstərir ki, payız aylarında Cənubi Qafqaz uğrunda mübarizə daha da şiddətlənə bilər. Ermənistan isə Paşinyanın rəhbərliyi altında səhv yol tutaraq Qərbə tərəf üzünü çevirib. Rusiya isə strateji maraqlarını Qərbə qurban verməməyə, erməni dövlətini öz orbitinə qaytarmağa çalışacaq ki, bunun üçün də kifayət qədər təzyiq rıçaqları var. Kreml eyni zamanda regional məsələlərin həllində Qərbin iştirakını qəbul etmir və bu məsələdə sərt mövqe tutub. Ermənistanın isə iqtisadi maraqlarını, Avropadan ciddi dəstək ala bilmədiyini nəzərə alsaq, yaxın vaxtlarda yavaş-yavaş şimal istiqamətinə üzünü çevirəcəyini söyləmək olar. Artıq bunun ilk işartılar var və hələ ki bu, Ermənistanın Rusiyadakı səfiri vasitəsilə həyata keçirilir.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi