Rusiyalı "vaqnerçilər"in Afrikadakı fəaliyyəti Fransanı niyə narahat edir?

Rusiyalı "vaqnerçilər"in Afrikadakı fəaliyyəti Fransanı niyə narahat edir? “Rusiya Afrikada öz təsirini getdikcə daha aqressiv şəkildə yayır. Bu, Ukrayna böhranı fonunda baş verir və Fransanın NATO-nun şərq cinahına yanaşmasına təsir edir. Moskva Saheldə (Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan m
Analitika
8 Fevral , 2022 17:11
Rusiyalı vaqnerçilərin Afrikadakı fəaliyyəti Fransanı niyə narahat edir?

“Rusiya Afrikada öz təsirini getdikcə daha aqressiv şəkildə yayır. Bu, Ukrayna böhranı fonunda baş verir və Fransanın NATO-nun şərq cinahına yanaşmasına təsir edir. Moskva Saheldə (Afrikada Şimali Saxara ilə Cənubi Saxara arasında özünəməxsus keçid olan məhsuldar torpaqlara malik tropik savanna – red.) dominant mövqe qazanarsa, miqrasiya və terror təhdidləri ilə Avropa ölkələrinə təzyiq edə biləcək”.

“Report” xəbər verir ki, bunu polşalı siyasi təhlilçi Vitold Repertoviçin “Defence 24” portalında dərc olunan məqaləsində yazıb.

Məqalədə deyilir:

“Şübhə yoxdur ki, Parisin Rusiyanın Ukraynaya (geniş mənada - NATO-nun şərq cinahındakı vəziyyət) qarşı hərəkətlərini qiymətləndirməsi Saheldəki vəziyyətlə bağlıdır. Fransanın bu regionda öz iqtisadi maraqlarının olduğu da məlumdur. Nigerin uran mədənlərini xatırlatmaq kifayətdir ki, onlar energetika xammalının 15 %-ni təmin edir (düzdür, son illər fransızlar tədarük mənbələrinin şaxələndirilməsi ilə məşğul olmağa başlayıblar).

Sahel ölkələri, eləcə də onlara bitişik olan Qərbi və Mərkəzi Afrika dövlətləri (xüsusən də Mərkəzi Afrika Respublikası) postmüstəmləkə məkanıdır ki, Paris onilliklər boyu oradakı yerli diktatorları dəstəkləməklə özünün müstəsna təsir dairəsi hesab edirdi. “Soyuq müharibə” başa çatdıqdan sonra, xüsusən də son illərdə vəziyyət dəyişdi. Fransa insan hüquqlarına, demokratiyaya, hakimiyyətin konstitusion legitimliyinə getdikcə daha çox önəm verməyə başladı. Bu, siyasi sabitliyə mənfi təsir etdi və Mərkəzi Afrika Respublikasında Fransua Bozize və ya Burkina Fasoda Blez Kompaore kimi fransızlara sadiq diktatorların hakimiyyətdən uzaqlaşdırılmasına səbəb oldu. Beləliklə, Rusiyanın bölgədə siyasi, hərbi və iqtisadi ekspansiyaya başlamaq imkanı yarandı.

Orta Asiya, Qafqaz və Şərqi Avropanın postsovet bölgələri Moskva üçün nədirsə, Paris üçün Sahel bir o qədər vacibdir ki, bu da fransızların Rusiya ekspansiyasını niyə qəbuledilməz hesab etdiyini izah edir. Vurğulamaq lazımdır ki, Rusiya bunu “Vaqner” qrupunun (“Vaqner” özəl hərbi şirkət rusiyalı biznesmen Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir – red.) köməyi ilə həyata keçirir, varlığını gizlətməyə və Fransa ilə siçan-pişik oynamağa davam edir. Fransanın Moskva siyasəti Saheldəki vəziyyətdən asılıdır və o da, öz növbəsində, başa düşür ki, Parisə orada nə qədər çox təzyiq etsə, Rusiyanın digər bölgələrdə, xüsusən də fransızların birbaşa maraqlarının olmadığı bölgələrdəki hərəkətlərinə reaksiyası bir o qədər yumşaq olacaq (məsələn, şərq cinahda).

Sahel problemi heç bir halda Fransa ilə məhdudlaşmır. Fransızdilli Qərbi Afrikanın limanlarından Sahel və Sahara vasitəsilə Avropaya aparan Afrika marşrutu on ildən artıqdır ki, Cənubi Amerika kokaininin Avropaya ötürülməsi üçün əsas marşrut olaraq çıxış edir. Tropik Afrikadan Avropa qitəsinə əsas miqrasiya yolları Saheldən keçir. Üstəlik, indi o, Avropanın zəif nöqtəsi olan Balkanlarda İslam ekstremizminin mərkəzinə, yəni potensial terror təhlükəsinin əsas mənbəyinə çevrilib. Bu baxımdan, Saheldəki vəziyyət təkcə Fransanın problemi kimi qəbul edilə bilməz və onun orada mövcudluğu təkcə fransız maraqların qorunması ilə əlaqələndirilə bilməz. Ötən il Polşa da başa düşdü ki, miqrasiya problemi cənub cinahından şərq cinahına keçə bilər və bunlar fantaziya deyil, asimmetrik münaqişənin reallığıdır. Bu kontekstdə İslam terroru ilə heç vaxt qarşılaşmayacağımızı düşünmək düzgün olmazdı.

Fevralın əvvəlində Malinin hakim xuntasının 72 saat ərzində ölkədən çıxarılmasını tələb etməsindən sonra Paris həmin ölkədəki səfirini geri çağırmağa məcbur olub. Bu, Fransanın xarici işlər naziri Jan-İv Le Drianın rusiyalı muzdluların ölkəyə dəvət edən xuntanı tənqid etməsinə reaksiya olub. Le Drian “vaqnerçilər”in cihadçılara qarşı “avropalıları əvəz etməyə” gəlməkdə deyil, ölkəni talamaq, təbii sərvətlərini istismar etmək və Rusiyanın Afrikada təsirini gücləndirmək üçün gəlməkdə ittiham edib. “Vaqnerçilər” dekabrda Malidə peyda olub. Bu, artıq Tropik Afrikada Mozambik və Mərkəzi Afrika Respublikasından sonra Rusiya birləşməsinin üzvlərinin fəaliyyətlərini inkişaf etdirdiyi üçüncü ölkədir. Hərbi çevrilişin baş verdiyi Burkina Faso da tezliklə bu siyahıya əlavə oluna bilər.

Burkina-Fasodakı çevriliş və Fransa səfirinin Malidən qovulması tələbləri təsadüfən üst-üstə düşməyib. Xatırladaq ki, Mali xuntasının liderləri Malik Diav və Sadio Kamara 2020-ci ilin avqustunda ilk çevriliş ərəfəsində Rusiyada hərbi təlim keçiblər. Xunta beynəlxalq təzyiq altında 18 aylıq keçid dövrünün tətbiqinə, ondan sonra isə parlament və prezident seçkilərinin təşkilinə razılıq verib. O, həmçinin əsas postları əlində saxlamaqla müvəqqəti mülki prezident və baş nazir təyin edilməsinə razılıq verib. Eyni zamanda o, özü üçün anti-Fransa və rusiyayönlü dəstək aksiyaları təşkil edib.

Bu arada, Rusiya Mali və digər Afrika ölkələrində təbliğat fəaliyyətini gücləndirib. Rusiya kinematoqrafçıları Afrikanı qəhrəmancasına xilas edən, fransız və ingilislərin məkrli planlarına qarşı mübarizə aparan “vaqnerçilər” haqqında filmlər çəkməyə başladılar. Rusiyalıların nəzarətini artırdığı Mərkəzi Afrika Respublikasında hətta Rusiyanın afrikalılara necə kömək etməsindən bəhs edən cizgi filmləri də çəkilir. Malidə rusiyayönlü fəallıq 2021-ci ilin mayında baş verən ikinci çevrilişə səbəb oldu. Xunta hakimiyyəti tam ələ keçirdi, seçkiləri qeyri-müəyyən müddətə ertələdi (nəzəri olaraq 2026-cı ildə keçirilməlidir) və “Vaqner” qrupunun döyüşçülərini dəvət etdi.

Burkina Fasoda da çevrilişdən sonra rusiyayönlü nümayişlər başlayıb. Hər şey onu göstərir ki, “vaqnerçilər”in orada peyda olması sadəcə zaman məsələsidir. Bu yaxınlarda məlum oldu ki, hazırda ölkəni idarə edən hərbi lider Paul-Henri Sandaoqo Damib iki dəfə Prezident Rok Kaboreni onları dəvət etməyə razı salmağa çalışıb. Kabore ikinci dəfə təklifi rədd etdikdən sonra çevriliş baş verdi.

Le Drian vurğulayıb ki, Afrikadakı “vaqnerçilər” cihadçılara qarşı mübarizə ilə məşğul deyil, xuntanı qoruyur, bunun müqabilində onlara talançılıq, mədənçilik etmək, həmçinin Rusiya təsirini yaymaq imkanı verilir. Xatırladaq ki, Mali ordusu ekstremistlərə və tuareq qiyamçılarına qarşı mübarizədə uğurları ilə öyünə bilmirdi. Bu qismən Mali cəmiyyətinin mürəkkəb qəbilə quruluşu ilə bağlıdır (bütün Saheldə olduğu kimi). Oradakı siyasi və hərbi elita bambara etnik qrupuna arxalanır, cihad fəaliyyətini isə fulbe köçəriləri, həmçinin səhra ərəbləri, mavritaniyalılar, saharalılar və tuareqlər həyata keçirir. Bambaraların səhranı bilmir və ona qarşı necə mübarizə aparacaqlarına dair fikirləri yoxdur. Elitanın xristianlardan - Mossi xalqının nümayəndələrindən ibarət olduğu Burkina Fasoda da vəziyyət analojidir. Mali ordusu cihadçıları (fulbe) dəstəkləməkdə şübhəli bilinən qəbilələrlə döyüşmək üçün dəfələrlə qəbilə silahlı qruplarının (ilk növbədə doqonların) köməyindən istifadə etməyə çalışıb.

Fransızlar digər müttəfiqləri ilə birlikdə Saheldən geri çəkilməyə məcbur olsalar, bunun nəticələri fəlakətli ola bilər. Qəbilələrarası qırğın böhranı dərinləşdirəcək, həmçinin cihadçıların təsirini artıracaq. Eyni zamanda, xunta və onun yeni rusiyalı dostları, görünür, səhrada heç bir quru əməliyyatı keçirməkdə maraqlı deyillər. Uzağı cihadçıların cənub istiqamətində genişlənməsinin qarşısının alınmasını gözləmək olar ki, o da dinc sakin, terrorçu, qiyamçı fərqi qoyulmadan Saharanın bombalanması (qamçı) və cihadçılarnı fəaliyyətinin şimal istiqamətində yönləndirməsi ilə nəticələnə bilər. Eyni zamanda rusiyalılar ekstremistlərlə sövdələşmələr bağlayacaq, onlara narkotik vasitələrin, miqrantların, lazım gələrsə, terrorçuların Avropaya daşınması üçün kanallar təşkil edəcək (kökə). Ən məntiqli marşrut Liviya və Aralıq dənizi vasitəsilə görünür, lakin son hadisələr göstərdi ki, miqrantlar və qaçqınları (Mali xuntası mümkün qədər çox fulbe nümayəndələrindən xilas olmaqdan məmnun olacaq) Belovej meşəsinə “ekskursiyalar”a və ya Baltik dənizi üzərindən qayıqlarda “kruiz”lərə dəvət edə bilərlər.

Bu kontekstdə Polşanın Saheldə baş verənlərlə və daha geniş mənada Rusiyanın Afrikadakı fəaliyyəti ilə maraqlanmaması təəccüblüdür. Bu arada, ruslar Efiopiya da daxil olmaqla bir çox ölkədə nüfuzlarını artırır və bəzi dini cərəyanlar üzərindən dezinformasiya və anti-Qərb konspirologiya nəzəriyyələrini yayırlar. Polşa bir ildən çoxdur ki Fransanın digər Avropa ölkələrinin qüvvələrinin Saheldə yardımından yararlanmaq üçün 2020-ci ilin martında yaratdığı “Takuba” Operativ Qrupunun fəaliyyətində iştirak imkanını nəzərdən keçirdiyini deyir. Fransızlar 2013-cü ildən bəri bölgədə anticihad fəaliyyətlər həyata keçirirlər. Malinin şimal hissəsini ələ keçirərək təxminən iki il sonra İŞİD-in İraq və Suriyada qurduğu nizamı orada quran cihadçılar Bamakoya hərəkət etmək qərarına gəldilər. Mali ordusunun o zaman heç bir potensialı yox idi və Fransanın müdaxiləsi olmasaydı, onlar Malini özünə tabe edə bilərdi, sonra isə cihadçılıq qonşu ölkələrə yayılmağa başlayardı.

Çadlı İdris Debinin (2021-ci ilin aprelində öldürülüb) qüvvələrinin fransızları dəstəklədiyi “Serval” əməliyyatı ekstremistləri dayandırsa da, məhv etmədi. 2014-cü ildə “Serval” əməliyyatının davamı olaraq Sahelin digər ölkələrinə də yayılan “Barxan” əməliyyatı başladı. Ona Afrika və Avropa qüvvələri, eləcə də BMT-nin Malidəki Sabitləşdirmə Missiyasının sülhməramlıları qoşulub.

Regiondakı bütün ölkələr arasında Mali buna ən az töhfə verəndir, Rusiya isə BMT-nin bu missiyasında iştirak etməyib. Cihadçılarla mübarizədə Rusiyanın köməyi sıfır olub, “Serval” əməliyyatı başlayandan bəri Saheldə 53 fransız əsgəri həlak olub. Getdikcə digər Avropa ölkələrinin köməyinə ehtiyacı böyüyən Fransanın qıcıqlanması bu kontekstdə olduqca təbii görünür. “Takuba” qrupu 800 nəfərdən ibarətdir, onların yarısından çoxu fransalıdır, eyni zamanda onlara Estoniya, Rumıniya və Çexiya qüvvələri qoşulub.

Görünür, Mali xuntası “Takuba” qrupunun qarşısını almaqda və öz ölkələrinin fransızlardan birdəfəlik qurtulmaqda maraqlıdır ki, bu, onların ölkələrinin maraqlarına zidd, Kremlin maraqlarına isə uyğundur. Danimarka artıq kontingentini (təxminən 80 nəfər) geri çəkməyə məcbur olsa da, missiya hələ də davam edir. Kənardan qızışdırılan çevrilişlərin baş verməsini də istisna etmək olmaz. Nigerdə ​​2021-ci ildə bir uğursuz cəhd artıq baş verib”.

Son xəbərlər

Orphus sistemi