Bakı. 28 aprel. REPORT.AZ/ "Qarşıdakı bir ildə Ermənistan qeyri-sabit tarazlıq vəziyyətinə düşəcək, çünki Serj Sarqsyan vəzifəsini başa vurmaqda olan prezident kimi qəbul olunacaq."
Bu barədə "Report"a açıqlamasında Rusiya Siyasi və İqtisadi Əlaqələr Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı görüşünün nəticələrini şərh edərkən bildirib.
"Tərəflərin aprelin 28-dəki görüşündə hansısa irəliləyişə nail olmaq ümidi yox idi. Bunun sübutu Yerevan rəsmilərinin son ana qədər danışıqların tarixini təsdiq etməməsi faktı idi. Həftənin əvvəlində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "zaman dəqiqləşəndə xəbər verəcəyik" demişdi. Bütün bunlar danışıqlarda irəliləyişin baş vermə ehtimalını azaldırdı", - M.Neyjmakov vurğulayıb.
Politoloq həmçinin vurğulayıb ki, Yerevan yalnız Ermənistanda sabit daxili siyasi vəziyyət olduğu təqdirdə, hətta xarici təzyiq altında olsa belə, Bakıya güzəşt edilməsi üzrə hansısa addımlar ata bilər.
"Eyni zamanda, parlament seçkilərindən sonra bu ölkədə sabitliyin pozulması təhdidləri aradan götürülməyə, sadəcə, müvəqqəti təxirə salına bilər", - aparıcı analitiki deyib.
Onun fikrincə, qarşıdakı bir ildə Ermənistan qeyri-sabit tarazlıq vəziyyətinə düşəcək, çünki Serj Sarqsyan daha çox vəzifəsini başa vuracaq prezident kimi qəbul olunacaq, üstəlik, hökumətin gələcəyi olduqca dumanlı görünür.
"Bu tarazlığı qorumaq onu pozmaqdan çox çətin olacaq. Sarqsyanın prezidentlik müddətinin başa çatacağı 2018-ci ilin aprel ayına qədər Ermənistan siyasətinin aparıcı oyunçuları çox güman, risk etməyəcək və Bakı ilə ciddi danışıqlara getməyəcəklər", - o əlavə edib.
Onun sözlərinə görə, bu səbəbdən hansısa nəticə olsa belə, onu 2018-ci ilin ortalarından tez gözləmək mümkün deyil.