2014-cü ilin əvvəlindən etibarən Rusiya ilə Ukrayna arasında münaqişə hökm sürür. Bu münaqişə çərçivəsində 2021-ci ildə Rusiya Ukrayna ilə sərhəd yaxınlığında və Belarus daxilində böyük hərbi qüvvə yaradıb. 2022-ci il fevralın 24-də isə Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyat elan edərək iki ölkə arasında müharibənin miqyasının genişlənməsinə səbəb olub. Nəticədə nə vaxt başa çatacağını proqnozlaşdırmaq mümkün olmayan müharibə ötən dövr ərzində minlərlə insanın həyatına son qoymaqla yanaşı, dünya iqtisadiyyatına və ekologiyaya ciddi ziyan vurub və vurmaqda da davam edir. Lakin sosial-mədəni problemlər və iqtisadiyyata dəyən ziyan vaxtaşırı müzakirə mövzusu olsa da, müharibənin təbiətə vurduğu zərər, planetin ekoloji təhlükəsizliyinə qarşı yaranmış təhdid müəyyən qədər diqqətdən kənarda qalır. Müzakirəsinə böyük ehtiyac olan mövcud qlobal ekoloji problemin ən mühüm hissəsi isə məhz Qara dənizin müharibə səbəbilə çirklənməsidir. Çünki Qara dənizi qidalandıran mühüm su ehtiyatları Ukrayna sərhədləri daxilində olduğu üçün müharibə bu gün ərazidə bərpası mümkün olmayan dağıntılara yol açır.
Məlum olduğu üzrə Ukrayna iqtisadiyyatı, əsasən, kimya sənayesi, nüvə enerjisi və kənd təsərrüfatına söykənir. Ukrayna Fövqəladə Hallar Xidmətinin 2021-ci il siyahısına əsasən isə ölkədə 219 min tondan çox zəhərli kimyəvi maddənin saxlanıldığı 609 sənaye müəsisəsi mövcuddur ki, bu müəssisələrin bir çoxu kimya sənayesinin su sərfiyyatı ilə əlaqədar çayların və su anbarlarının yaxınlığında yerləşir. Yəni müharibə səbəbilə müəssisə və infrastrukturların zədələnməsi kimyəvi maddələrin sulara qarışmasına və geniş spektrdə Qara dənizin çirklənməsinə yol açır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) mövzu ilə bağlı hesabatına görə, müharibə zamanı bu təhlükəni dəstəkləyən bəzi hadisələr baş verib. Bunlardan biri Qara dənizi qidalandıran ən böyük çaylardan biri olan Dnepr çayının yaxınlığındakı Çerniqovda 12 ton maye ammonyakla doldurulmuş çənin sıradan çıxması nəticəsində obyektdə yanğın baş verməsidir. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi zamanı intensiv döyüşlər səbəbilə silah-sursat anbarlarının, eləcə də kimyəvi maddələrin saxlandığı müəssisələrin partladılması ilə bağlı onlarla nümunə mövcuddur. Bunlar da Qara dənizin hansı səviyyədə çirklənməyə məruz qalmasından xəbər verir. Digər bir problem isə bu dənizin 150 metrdən aşağıda olan su qatında 92 faiz hidrogen sulfidin olmasıdır. Zəhərli qazı Türk Dəniz Araşdırmaları Fondu böyük bir təhlükə hesab edir.
Müharibədən əvvəl də Qara dənizin dayaz, qarışıq səth suları azot və fosfor ehtiva edən maddələr ilə çox yüklənmiş və sənaye və mədən tullantıları ilə çirklənmiş çay axınlarını qəbul edib. Bundan əlavə, sahilyanı sənaye tullantıları çox az və ya heç bir şəkildə təmizlənmədən birbaşa dənizə atılıb. Müharibə isə vəziyyəti ikiqat ağırlaşdırıb. BMT-nin 2022-ci il hesabatına əsasən, sürətli sənayeləşmə və çirklənməyə nəzarətin olmaması səbəbindən Ukraynada uzun müddət davam edən ekoloji problemlər mövcud müharibə şəraitində ekoloji tarazlığın ciddi şəkildə pozulmasına gətirib çıxarıb.
“Taxıl sazişi”ndən çıxaraq razılaşmanı faktiki olaraq qüvvədən salan Rusiyanın Qara dənizdəki bütün yükdaşıma gəmilərinə hərbi hədəf gözü ilə baxaraq onları sıradan çıxaracağını açıqlaması və bu prosesdən əvvəl də dənizdə bir çox texnikanın məhv edilməsi buradakı həyatı olduqca ağırlaşdırıb. İndiyədək Qara dənizə atılan, orada partlayan minaların dəqiq sayı heç kimə məlum olmadığı üçün dəniz ekosisteminə dəyən ziyanın həcmi də məlum deyil. Amma bərpası çətin və ya bərpaolunmaz problemlərin ortaya çıxdığı bir reallıqdır. Bu gün Qara dənizdə yükdaşımaların həyata keçirilməsi belə buradakı biomüxtəlifliyə mənfi təsir göstərir. Belə ki, bu prosesin icrası zamanı faunaya daha kiçik ölçülü dəniz canlıları ilə qidalanan yeni növlər daxil olurlar ki, nəticədə həmin kiçik canlıların tükənmə təhlükəsi ortaya çıxır. Rusiya-Ukrayna müharibəsi Qara dənizdə balıqçılığa, qida təhlükəsizliyinə və Qara dəniz ölkələrində yay turizminə də böyük zərbə endirib. Xüsusilə balıq ovunun 60 faizindən çoxunu Qara dəniz hesabına həyata keçirən qardaş ölkə Türkiyə bu istiqamətdə ciddi itki ilə üzləşib. Çirklənməyə görə bu bölgədəki turizmdən gəlirlər də azalıb. Çünki hər il müxtəlif ölkələrdən Qara dəniz sahillərinə istirahətə gedən turistlər, çirklənmə səbəbilə başqa yerlərə üz tutmağa başlayıblar. Bunu turistik ölkələrdən olan Gürcüstanda da açıq şəkildə sezmək mümkündür.
Qara dənizdə yaşanan ekoloji fəlakətə reaksiya, bu qlobal problemin araşdırılma və işıqlandırılma səviyyəsi isə baş verənlərin həcminə adekvat görünmür. Məsələ ilə bağlı araşdırma apardıqda Qara dəniz üzrə türk mütəxəssislərin dəqiq faktlara söykənən müəyyən elmi məqalələrinə rastlaşsaq da, media materiallarında müəyyən səhv informasiyaların da ötürüldüyünü görürük. Elə həm bu problemi aradan qaldırmaq, həm də təbiətə və iqtisadiyyata böyük zərbə olan Qara dənizin dəyişən ekosisteminə diqqət çəkmək üçün vaxtaşırı bu istiqamətdə seminarların və konfransların təşkilinə ehtiyac duyulur. Hazırda az da olsa, bu istiqamətdə maariflənməyə xidmət edən belə tədbirlərdən biri iyun ayının son günlərində “Müharibə dövründə Qara Dəniz Bölgəsində Ekoloji Problemlər” adı altında Gürcüstanda keçirilib.
Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus və Ermənistandan olan jurnalist və blogerlər üçün təşkil edilmiş seminarda əsas təlimçi İstanbul Universitetinin professoru, Su Elmləri Fakültəsinin Dəniz biologiyası kafedrasının müdiri, Türkiyə Dəniz Araşdırmaları Vəqfinin prezidenti Bayram Öztürk olub. “Qara dəniz regionunda ətraf-mühit: müharibələr, dəymiş ziyan və gələcək perspektivlər” başlıqlı təqdimatda türk araşdırmaçı müharibənin yaratdığı təhdidlərdən söz açaraq qeyd edib ki, tullantı sularının axıdılması səbəbilə Qara dənizdə ciddi ölçüdə kirlilik yaranıb, suyun keyfiyyəti olduqca aşağı düşüb, radioaktivlik azalıb. Bundan əlavə, dənizdəki hazırda hərbi fəaliyyətlər səbəbilə akustik çirklənmə də mövcuddur. Bütövlükdə isə müharibə Qara dənizin ekosisteminə ciddi ziyan vurub və vurmaqda davam edir.
Bayram Öztürk bildirib ki, Qara dənizdə mavi üzgəcli tuna və qılıncbalıq ehtiyatları tükənib, nərə balığının sayı kəskin azalıb. Hazırda Qara dənizdəki çirklənmə səbəbilə ən çox təhlükə altında olan növlər isə dəniz məməliləri, köçəri dəniz quşları və sahil balıqlarıdır.
Xəbər hazırlayarkən elmi araşdırmalara söykənməyin əhəmiyyətindən də söz açan B.Öztürk bu mövzuda delfinlərlə bağlı yayımlanmış reallığı əks etdirməyən xəbərlərə diqqət çəkib. Professor Qara dənizdə müharibə səbəbilə beş mindən çox delfinin öldüyünün iddia edildiyi xəbəriləri nümunə olaraq göstərib. Əlavə edib ki, onun araşdırmalarına əsasən, müharibə dövründə müharibənin yaratdığı problemlər səbəbilə ölən delfinlərin sayı mindən azdır.
“Amma buna baxmayaraq, müharibənin delfinlərin həyatı üçün böyük bir təhlükə formalaşdırdığı reallıqdır”, - professor bildirib.
B. Öztürk “Qara dənizin çirklənmədən qorunması” haqqında 1992-ci ilin aprelində imzalanmış Buxarest Konvensiyasını da jurnalistlərin nəzərinə çatdırıb:
“Konvensiya 1994-cü ilin əvvəlində bütün Qara dəniz ölkələri tərəfindən ratifikasiya edilib. Əsas hədəfi dəniz mühitinin mühafizəsi məqsədilə Qara dənizdə çirklənmənin qarşısının alınması və ona nəzarət üzrə razılığa gələn tərəflərin ümumi öhdəliyini əsaslandırmaq və bu öhdəliyi yerinə yetirmək üçün əməkdaşlıq və razılaşdırılmış tədbirlərlə bağlı hüquqi bazanı təmin etməkdir”.
Sonda professor mövcud problemlərdən qurtulmaq üçün sülhün vacib olduğunu vurğulayıb. Qeyd edib ki, Rusiyanı anlamaq üçün onun fantom sindromunu dəyərləndirmək lazımdır.
“Rusiya müharibəni davam etdirəcəyi və sülhə razı olmayacağı təqdirdə, Qara dənizdəki çirklənməni azaltmağın alternativ bir yolu varmı? Digər dörd dövlət bu istiqamətdə hansısa danışıqlar həyata keçirə və Rusiyaya qarşı real addımlar ata bilərmi?” sualıma cavabında isə Öztürk bildirib ki, mövcud vəziyyətdə hər ölkənin ancaq öz ərazisinə daxil olan hissədə müəyyən tədbirlər görməsi mümkündür.
Bu seminardan sonra B.Öztürk iyulun 26-da araşdırmaları və Qara dənizdəki son vəziyyət barədə xarici media nümayəndələrini məlumatlandırmaq üçün onlayn formatda başqa bir görüş təşkil etdi. Təbii ki, hazırkı vəziyyətdə cəmiyyətə ötürülən informasiyanın dəqiqliyi baxımından bu tip tədbirlərin həyata keçirilməsi vacibdir. Ümumiyyətlə, hazırda dünyada ekologiyaya diqqət əhəmiyyətli məsələlərdən biridir. Qara dəniz də bir neçə dövlətin əhatəsində olduğu və həmin dövlətlərin ticarətində və iqtisadiyyatında böyük yer tutduğuna görə onun çirklənməsi bütün Avropada və Afrikanın şimalındakı vəziyyətin pisləşməsinə səbəb ola bilər.