Yuxarı

Rusiya-Türkiyə gərginliyində Azərbaycanın seçimi - ANALİTİKA

Hadisələrin iki variantdan biri üzrə inkişafını proqnozlaşdırmaq olar

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurması bölgədə yeni situasiya yaradıb. Rusiyanın siyasi və ekspert dairələrində hələ ki, isterik vəziyyət hökm sürür, bəziləri “PKK-ya silah verək”, “Türkiyəni içəridən dağıdaq”, “ermənilərdən Türkiyə əleyhinə istifadə edək” kimi ağlasığmaz təkliflər səsləndirirlər. Kreml bu yolu seçərsə, nəticələri Rusiya-Türkiyə münasibətləri üçün yaxşı olmayacaq, hər iki dövlət müharibə vəziyyətinə gəlib çıxacaq.

Bütün hallarda hadisələrin iki variantdan biri üzrə inkişafını proqnozlaşdırmaq olar:

Birinci variant. Rusiya Suriyada hərbi iştirakının həcmini genişləndirəcək, Türkiyə ilə sərhəddə raket-zenit qurğularının sayını artıracaq. Türkiyə təyyarələrindən biri Suriya sərhədini keçərsə Rusiyanın zenit-raket qurğuları Türkiyə təyyarəsini vurmağa çalışacaq. Bu yolla Rusiya “heç-heçə” etmək istəyir. Ayrıca, Rusiya Suriyadakı kürd qruplaşmalar vasitəsilə PKK-ya silah ötürə bilər.

İkinci variant. Rusiya hakimiyyəti bir müddətdən sonra Türkiyə ilə münasibətlərdəki gərginliyin azaldılmasına çalışacaq. Bunun üçün təyyarənin vurulmasını araşdıran ikitərəfli hərbi komissiyanın təsis olunması mümkündür. Komissiyanın məqsədi gələcəkdə sərhəddəki insidentlərin qarşısını almaq olacaq. Rusiya Türkiyəyə qaz ixrac etməkdə davam edəcək, Türkiyədən nüvə elektrik mərkəzinin tikintisindən imtina etməyəcək. Rusiyanın siyasi və ekspert dairələrində onu da anlamalıdırlar ki, Türkiyəyə qarşı təzyiqlər, təhqirlər Rusiya ilə dost olan tükdilli dövlətləri də qəzəbləndirir. Bu isə gələcəkdə həmin dövlətlərin Rusiya ilə münasibətlərinə mənfi təsir edə bilər.

Seçim Rusiyanındır. Əgər Kreml birinci variant üstünlük versə, bu iki ölkə arasındakı münasibətlərin tamamən dondurulmasına və gərginliyin artmasına xidmət edəcək. Rusiya ikinci variantı seçsə bu Türkiyə ilə münasibətlərin normallaşması demək olacaq. Ancaq bütün hallarda Suriyada müharibə davam etdikcə və Kreml Əsəd hakimiyyətinə dəstək verdikcə Moskva ilə Ankaranın maraqları kəsişəcək.

Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanın da maraqlarına cavab vermir. Rəsmi Bakı Rusiya-Türkiyə gərginliyində neytral mövqe tutub. Buna baxmayaraq, Türkiyə Azərbaycanın hərbi strateji müttəfiqidir. Ankara Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Azərbaycanla Türkiyə arasında il ərzində bir neçə dəfə hərbi təlimlər keçirilir. 2016-cı il üçün də hərbi təlimlər proqramı hazırlanlıb. Təsadüfi deyil ki, Türkiyədə hökumətin tərkibi bəlli olduğundan xarici işlər naziri Mövlud Çavuşoğlu ilk olaraq noyabrın 27-də Bakıya gəldi. Azərbaycan Prezidenti İlham Əliyev Çavuşoğlu ilə görüşdə Türkiyə ilə strateji əlaqələrə davam edəcəyini bildirdi.

Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Ermənistan hakimiyyətinin, separatçıların və erməni lobbisinin maraqlarına xidmət edir. Onlar Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsindən üç məqsəd güdürlər:

Birinci məqsəd odur ki, Rusiya “erməni soyqrımının” tanınması məsələsində Ermənistana və erməni lobbisinə dəstəyini artırsın;

İkinci məqsəd odur ki, Rusiya Ermənistandakı hərbi bazasını gücləndirsin, bu bazalara müasir hərbi texnika yerləşdirsin;

Üçüncü məqsəd isə odur ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın maraqlarını nəzərə almasın.

Ümumiyyətlə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda “Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə İrəvana təsir edəcək” xəbərləri aktuallığını itirdi. Azərbaycan Türkiyənin müttəfiqi olduğundan Kreml Ankaranın müttəfiqinin ərazi problemini həll etməkdə maraqlı olmayacaq. Ancaq bu amil Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək hüququndan istifadə imkanlarını məhdudlaşdırmır.

Elxan Şahinoğluxüsusi olaraq “Report” üçün

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi