Qərb Ukraynaya yardım etməkdə çarəsiz qalıb. Son aylar Rusiya-Ukrayna müharibəsində baş verənlər bunu təsdiqləyir.
Qərbin planı belə idi ki, canlı qüvvə Ukraynadan olacaq, maliyyə vəsaiti, hərbi texnikanı isə onlar verəcək. Bununla da Rusiya hərbçilərini qova biləcəklər. Nəticədə, beynəlxalq aləmdə Rusiyanı nüfuzdan salmağa müvəffəq olacaqlar. Ancaq üstündən xeyli vaxt keçsə də, Ukrayna torpaqları hələ də Rusiya hərbçilərinin tapdağı altındadır. Hətta ötən il azad edilmiş yaşayış məntəqələrinin bir qismini rus əsgərləri yenidən tutub.
Bunun bir sıra səbəbləri var. Ukraynaya ən çox yardımı ABŞ göndərir. Məlumata görə, müharibə başlayandan göndərilən yardımın 90 faizi Birləşmiş Ştatlarda qalıb. Avropa İttifaqının etdiyi maliyyə yardımlarının da böyük bir hissəsinin üzv ölkələrdə qaldığı istisna edilmir. Çünki hərbi texnika və avadanlıq almaq üçün maliyyə vəsaitinin bir hissəsi şirkətlərin hesabına köçür. Həmin müəssisələr də dövlətə vergi ödəyir və s. Bu isə dövlətlərin iqtisadiyyatının inkişafına təkan verir. Yəni, yekunda yardım edən ölkələrin şirkətləri, vətəndaşı, iş adamı, dövlət büdcəsi qazanır.
"Ukraynada dünyanın taleyi həll olur" deyənlər ona ənənəvi yardım etməklə işlərini bitmiş hesab edir. Bir vaxtlar oxşar yardımlar başqa bölgələrə də olunub.
Qərb, o cümlədən Avropa İttifaqı, NATO keçmiş sovet respublikalarının onlara inteqrasiyasını təbliğ edirlər. Həmin respublikalar onlarla birlikdə müxtəlif layihələrə qatılır. Ancaq keçmiş müttəfiqlər Rusiyanın təzyiqi ilə üzləşəndə işə açıqlamalar, bəyanatlar düşür. Azərbaycan müstəqilliyinin bərpa etdiyi ilk illərdə torpaqlarını işğaldan azad edərkən ABŞ-nin bədnam “907 saylı düzəliş” sanksiyası və Avropa İttifaqının ikiüzlü açıqlamalarına məruz qaldı. 2008-ci ilin avqustunda demokratik inkişaf və qərbə inteqrasiya yolunu tutan Gürcüstan iki muxtar respublikasından – Abxaziya və Cənubi Osetiyadan məhrum oldu, ərazilər Rusiyanın birbaşa himayəsinə keçməsi ilə nəticələndi.
Nəticədə NATO, nə də Avropa İttifaqı Gürcüstanın ərazi bütövlüyünü bərpa etməkdə aciz qaldı. Bu hal hələ də davam edir. Ona görə də rəsmi Tbilisi Qərbin bu kimi yeni oyunlarına gəlməmək üçün Moskva ilə münasibətləri yenidən qurmağa səy göstərir.
Bu günlərdə Fransa Prezidenti Emmanuel Makron yeni təşəbbüslə çıxış edib. O, NATO-ya üzv ölkələrinin gələcəkdə Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya qoşun göndərə biləcəyini söyləsə də, hələlik bu barədə alyansda konsensusun olmadığını da vurğulayıb. E.Makron Fransanın bu məsələ ilə bağlı mövqeyinin qəti olmadığını da bildirərək deyib ki, bunu Ukraynaya yardım variantlarından biri kimi irəli sürüb.
Onun bu yarımçıq təklifinə Avropa İttifaqına üzv dövlətlərin liderlərinin reaksiyası gecikmədi. Almaniya, Niderland, İspaniya, Polşa, İsveç və başqaları bu ideyanı dəstəkləmədiklərini bildiriblər.
İttifaq ölkələrinin aparıcı KİV-i də bu məsələyə bədbin yanaşıb. “The Daily Telegraph” bunu Avropada müharibənin alovlanması kimi dəyərləndirib. O, Emmanuel Makronun yenidən təcrid edilə biləcəyini qeyd edib.
“Euroactiv” Aİ və NATO-nun heç bir ölkəsi Ukraynaya əsgər göndərməkdə maraqlı olduqlarını açıq şəkildə ifadə etməyib. “Le Figaro” isə bildirib ki, Fransa Prezidentinin sözləri Avropada qəzəbli reaksiyalara səbəb olub. “GEO”nun yazdığına görə, Qərb müttəfiqləri Makronun qəfil hücumundan ehtiyatsız qalıb və Fransa prezidentinin yandırdığı atəşi söndürməyə tələsiblər. “Respublika” yazıb ki, Makron Rusiya ilə toqquşmanın temperaturunu artırır. Belə nümunələrə az deyil.
Bu o deməkdir ki, mövcud şərtlər daxilində Avropa İttifaqı və NATO Ukraynaya canlı qüvvə ilə yardım etməyəcək.
Fransa Prezidentinin bu ideyanı ABŞ-yə yarınmaq üçün etdiyi iddia olunur. Ancaq bütün hallarda Ukraynanın indiki vəziyyət düşməsinin məsuliyyətini bütövlükdə Qərb bloku - Avropa İttifaqı və NATO daşıyır. Çünki hər iki təşkilat vaxtı ilə Ukrayna ilə əlaqələri genişləndirməklə onu bu ailəyə qatacaqlarını gizlətməyiblər. Belə çıxır onlar Rusiyanın 2022-ci il fevralın 24-də atacağı addımı gözləməyiblər. Ancaq Moskva Krımı ilhaq edərkən belə bir əməliyyata başlaya biləcəyinin “anonsunu” da vermişdi. Ancaq Qərb Gürcüstan hadisələrindən dərs almadı.
Avropa İttifaqının məsələyə belə qeyri-ciddi yanaşması müharibə ərəfəsində Rusiya ilə ticarət əlaqələrindən də görmək olar. 2022-ci ildə tərəflər arasında ticarət dövriyyəsi 203,4 milyard avro təşkil edib.
İttifaq iki il ərzində Rusiya ilə ticarət əlaqələrini hələ də bitirməyib. Bu isə müharibədə dolayı yolla Rusiyanın əlini, iqtisadiyyatını gücləndirməkdir. Başqa tərəfdən, Avropa İttifaqının qoşunu yoxdur. Üzv ölkələrlə Ukrayna arasında hərbi sahəyə dair müqavilə mövcud deyil. NATO-nun isə Nizamnaməsi Rusiya-Ukrayna müharibəsinə müdaxilə etməyə imkan vermir. Ona görə hazırkı şəraitdə Emmanuel Makronun təşəbbüsünün reallaşacağı ehtimal azdır. Bu kimi səbəblər Avropanın Ukraynada Rusiyanın qarşısına çıxmasını əngəlləyir. Ona görə də ittifaq dövlətləri təhlükəsizliyin təmin edilmədiyi məsələsini tez-tez vurğulayırlar. Onlar İraq, Suriya və Liviyadan sonra iqtisadi vəziyyətlərinin Rusiyanın hesabına dirçəltməyə səy edirdilər. Ancaq Ukrayna ilə müharibə Avropanı variantsız qoydu. Hadisələr başlayanda Almaniya və Fransa Ukrayna yardım etməkdə tərəddüd edirdi. Hətta Almaniya Prezidenti Volter-Ştaynmayerin Kiyevə səfərinə Ukrayna hakimiyyəti uzun müddət icazə vermədi və s.
Bu baxımdan Qərbin hesablamaları, proqnozları özünü doğrultmur. Demokratik inkişaf yolunu tutmuş, Qərbə inteqrasiyaya üstünlük verən, ərazilərini işğalçıdan təmizləmək istəyən Azərbaycana sanksiya tətbiqi ilə başlayan haqsız yanaşma, bu gün Ukrayna timsalında yanlışlıqlarla davam edir. Bu da sübut edir ki, ABŞ-nin, Avropa İttifaqı və NATO-nun Rusiya-Ukrayna müharibəsi üçün “B” planı yoxdur. Bu hazırlananadək nələr olacaq....