“Report”: Yaxın gələcəkdə neftin qiymətini Venesuela və İran ətrafındakı siyasi proseslər müəyyən edəcək - ANALİTİKA

“Report”: Yaxın gələcəkdə neftin qiymətini Venesuela və İran ətrafındakı siyasi proseslər müəyyən edəcək - ANALİTİKA Ötən həftə “qara qızıl”ın 1 barreli 80 dollara qədər bahalaşıb
Analitika
21 May , 2018 16:57
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Ötən həftə dünya bazarında neftin 1 barrelinin qiyməti 2014-cü ilin sonlarından bəri ilk dəfə 80 ABŞ dollarını keçib.

“Report”un analitik qrupu bildirir ki, bu, neft qiymətlərinin 4 il əvvəlki ən yüksək həddindən (110-120 dollar) 30-40 dollar az, 2016-cı ilin əvvəllərində qeydə alınmış ən aşağı həddindən (28 dollar) isə təxminən 50 dollar çoxdur.

Qiymətin yaxın gələcəkdə necə dəyişməsi daha çox Venesuela və İran ətrafında baş verən siyasi proseslərdən asılı olacaq.

ABŞ İranla nüvə razılaşmasından çıxır

İranın ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya və Almaniya ilə 2015-ci ildə imzaladığı nüvə razılaşmasının ardınca 2016-cı il yanvar ayında islam respublikasına qarşı tətbiq edilmiş iqtisadi sanksiyaların aradan qaldırılmasına qərar verilib. Son nəticədə Neft İxrac Edən Ölkələr Birliyində (OPEC) ixrac etdiyi neftin həcminə görə 3-cü olan İran gündəlik ixrac göstəricisini ötən ay rekord həddə - 2,61 mln. barelə çatdırıb. Bu, sanksiyaların ləğv olunmasına qədərki rəqəmlə müqayisədə 2 dəfə çoxdur.

Bununla belə, mayın 8-də ABŞ bəyan edib ki, İranla nüvə razılaşmasından çıxır və bu ölkəyə qarşı yenidən sanksiyalar tətbiq edəcək. Bu baş versə, İran neftinə tələbat kəskin azalacaq, bu isə islam respublikasını istehsal həcmini azaltmağa vadar edəcək və bununla da, neft bazarında təklif azalacaq, bazarda qiymətlər artacaq. Bununla belə, İrandan gündəlik 1,4 mln. barrel neft idxal edən Hindistan və Çinin neft almaq üçün başqa ölkə seçib-seçməyəcəyi, yəni İrana qarşı sanksiyaları nəzərə alıb-almayacağı da qiymətlərə təsir edəcək.

Venesuelada iqtisadi böhran dərinləşir

Hüqo Cavesin rəhbərlik etdiyi 1999-2013-cü illərdə Venesualenin gündəlik neft hasilatının həcmi 3,5 mln. bareldən 2,7 mln. barelə düşüb. 2014-cü ildə isə bu ölkədə hakimiyyətə Nikolas Maduro gəlib. Onun Venesualaya rəhbərlik etməsi ilə dünya bazarında neftin ucuzlaşmağa başlaması eyni vaxta təsadüf edib. Son nəticədə ixracının 95%-ni neft-qaz təşkil edən Latın Amerikası ölkəsi iqtisadi tənəzzülə uğrayıb, ölkədə qıtlıq və hiper inflyasiya baş verib. Təkcə 2017-ci ildə Venesuela iqtisadiyyatının həcmi 16% kiçilib. Bu ilin fevral ayından Venesuelada gündəlik neft hasilatının həcmi 1,57 mln. bareldən çox deyil və bu, əmtəə birjalarında nefti bahalaşdıran əsas amillərdən biridir. Əgər Venesuela neftini tələbat artarsa və bu ölkə hasilatın həcmini artırarsa, o halda neft qiymətlərinin azalacağından danışmaq olar. 

Son xəbərlər

Orphus sistemi