Bakı. 29 may. REPORT.AZ/ Almaniyanın “Commerzbank”ı hələ bu ilin mart ayında türk lirəsinin sürətlə ucuzlaşdığını və onun ABŞ dolları qarşısındakı məzənnəsinin, yəni TRY/USD nisbətinin 4-ə çatmaqla ilin sonuna olan gözləntiləri 9 ay qabaqladığını bəyan etmişdi.
“Report”un analitik qrupu bildirir ki, o vaxt maliyyə qurumu bunu Türkiyə ətrafında geosiyasi risklərin artması ilə izah etmişdi.
İndi isə “Commerzbank” bəyan edir ki, qonşu ölkənin milli valyutasının dəyərdən düşməsi makroiqtisadi göstəricilərlə bağlıdır.
“Çox vaxt lirənin ucuzlaşmasına səbəb kimi, ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırması, Türkiyədə keçirilməsi gözlənilən seçkilərlə bağlı qeyri-müəyyənlik göstərilir. Amma bu, yanlış fikirdir”, - deyə Bankın analitikləri bəyan edib. Onların fikrincə, Türkiyədə xarici valyutaların bahalaşmasına ölkənin cari əməliyyatlar balansında kəsirin artması, inflyasiyanın sürətlənməsi səbəb olur.
Bu ilin əvvəlindən türk lirəsi dollar qarşısında 21%-dən çox ucuzlaşıb. Son nəticədə Türkiyə milli valyutası ən çox dəyərdən düşmüş ölkələrin ilk beşliyindədir. “Standard and Poor's” beynəlxalq reytinq agentliyinin açıqladığı bu siyahıda Türkiyə ilə yanaşı, Argentina, Pakistan, Misir və Qətər də var. Bundan başqa, agentlik bəyan edib ki, qlobal valyuta bazarlarında vəziyyətin normallaşması fonunda ən zəif mövqeni türk lirəsi nümayiş etdirir. Qurum bu qənaətə dünyanın ən çox xarici borcu olan 20 ölkəsini müqayisə etdikdən sonra gəlib.
“Report”un analitik qrupu hesab edir ki, Türkiyənin milli valyutasının dəyərdən düşməsi ölkədə qiymət artımını sürətləndirir, maliyyələşmə baxımdan inteqrasiyaya mane olur, yaratdığı qeyri-müəyyənliklə iqtisadi aktivliyə mənfi təsir edir. Türkiyə Mərkəzi Bankı bunu nəzərə alaraq iyunun 7-də keçirəcəyi iclasda faizləri kəskin artırmalı və valyuta bazarında şok effekti yaradaraq lirənin ucuzlaşmasının qarşısını almalıdır. Doğrudur, bu addım ölkədə inflyasiyanın səviyyəsini 7-8%-ə endirməyəcək, amma ən azı milli valyutanın bahalaşması nəticəsində hökümət əlavə tədbirlər görmək üçün vaxt qazanacaq.
Ümumiyyətlə isə, Türkiyədə iqtisadi vəziyyətinin sabitləşdirilməsi üçün ABŞ və Avropa İttifaqı ölkələri ilə münasibətlər yoluna qoyulmalı, ölkəyə xarici valyuta axını stimullaşdırılmalıdır. Bu halda, qonşu ölkədə dolların məzənnəsini ilin sonuna qədər 4,25 lirəyə, gələn ilin sonuna qədər isə 4,1 lirəyə endirmək mümkün ola bilər.