"Report": Qızılın qiyməti kəskin düşəcək

"Report": Qızılın qiyməti kəskin düşəcək Proqnoz: 2020-ci ilə qədər qızıl 800 dollar/unsiyaya qədər ucuzlaşa bilər
Analitika
25 Sentyabr , 2017 17:04
Report: Qızılın qiyməti kəskin düşəcək

Bakı. 25 sentyabr. REPORT.AZ/ Dünya bazarında qızılın qiymətinin bu ilin sonuna qədər 1 190 dollar/unsiyaya qədər düşəcəyi proqnozlaşdırılır. "Report"un analitik qrupu bildirir ki, qızılın ucuzlaşmasına səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) oktyabr ayından etibarən balansını azaltmağa başlaması və dekabrda uçot dərəcəsini artırma ehtimalının güclənməsi amilləri olacaq. 

Belə ki, FED sentyabrın 19-20-də keçirilən son iclasında balansını oktyabrın 1-dən etibarən ayda 10 mlrd. dollar azaltmaq qərarı verib. Bununla yanaşı, inflyasiyanın və iqtisadi artımın getdikcə sürətlənməsi ilə əlaqədar olaraq, analitiklər FED-in dekabr iclasında uçot dərəcəsini artırma ehtimalını 62%-ə çatdırıblar. Qeyd edək ki, bu göstərici sentyabrın 8-də 22%, iclasa qədər isə 50% olub. Ehtimalların artması ABŞ-ın 2 illik və 10 illik istiqrazlarının gəlirliliyini artırmağa başlayıb.

Nəticədə qızılın qiyməti düşməyə başlayıb. Sentyabrın 8-də 1 362 dollar/unsiyaya satılan qızıl, hazırda 4,7% ucuzlaşaraq 1 298 dollar/unsiyaya satılır. Xatırladaq ki, ilin əvvəli qızılın bir unsiyasının qiyməti 1 150 dollar olub. Hazırda qızıl ilin əvvəli ilə müqayisədə 148 dollar/unsiya və ya 12,9% baha satılır.

Analitik qrup qızılın qiymətinin 1 200 dollar/unsiya səviyyəsindən aşağı düşməsi durumunda satışların güclənə biləcəyini bildirir: "Lakin bu prosesin 2018-ci ilin II yarısından etibarən başlaması gözlənilir. 2020-ci ilə qədər qlobal maliyyə bazarlarında faizlərin artması fonunda qızılın 800 dollar/unsiyaya qədər ucuzlaşması proqnozlaşdırılır".

Son xəbərlər

Orphus sistemi