​"Report": OPEC-in müsbət qərarı neftin kəskin ucuzlaşmasına səbəb ola bilər

​"Report": OPEC-in müsbət qərarı neftin kəskin ucuzlaşmasına səbəb ola bilər Proqnoz: Yaxın perspektivdə neftin qiymətinin 50 dollar/barel həddini keçməsi gözlənilmir
Analitika
28 Mart , 2016 11:22
​Report: OPEC-in müsbət qərarı neftin kəskin ucuzlaşmasına səbəb ola bilər

Bakı. 28 mart. REPORT.AZ/ Dünya bazarında "Brent" və WTI markalı xam neftin qiymətləri bu həftəyə 1% artımla başlayıb. "Report" xəbər verir ki, son iki iş günündə 6,2% azalaraq 39,22 dollar/barelə qədər ucuzlaşan "Brent" markalı neft hazırda 41,5 dollar/bareldən satılır. Qiymətlərin keçən həftə sərt azalmasının səbəbi kimi son 2 ayda neft qiymətinin 50% artması göstərilir.

ABŞ-ın "Baker Hughes" şirkətinin ənənəvi olaraq açıqladığı aktiv quyuların sayı barədə məlumat neftin yenidən 40 dollar/barel səviyyəsindən baha satılmasına gətirib çıxarıb. Belə ki, 18-25 mart həftəsində ABŞ-da aktiv neft quyularının sayı daha 15 ədəd və ya 3,9% azalaraq 372-ə enib. Bununla da 2016-cı ildə 150-dən çox aktiv neft buruğu istismardan çıxarılıb.

ABŞ-ın Əmtəə fyuçersləri ilə Ticarət Komissiyasının (Commodity Futures Trading Commission) həftəlik statistikasına görə, son 7 həftədə neftin qiymətinin artmasına səbəb yeni "uzun" mövqelərin açılması deyil, açıq olan "qısa" mövqelərin bağlanması olub. Yəni, neft qiymətlərində müsbət dinamika "qısa" mövqelərin azaldılması hesabına baş verib.

"Report" xəbər verir ki, hazırda neft bazarı üçün ən vacib xəbər OPEC və digər neft hasilatçısı ölkələrinin aprel ayında Qətərdə planlaşdırılan görüşü olacaq. Qeyd edək ki, hələlik OPEC üzvlərindən Liviya və İran sammitdə iştirak edəcəkləri barədə dəqiq məlumat verməyib.

"Report"un analitik qrupu hesab edir ki, görüş müsbət nəticələnərsə, yəni sammit iştirakçıları hasilatı azaltmaq qərarına gəlsələr belə, neftin uzunmüddətli dövrdə bahalaşması müşahidə olunmayacaq: "Çünki neftin qiyməti 50 dollar/barel səviyyəsinə yaxınlaşarsa, ABŞ-da aktiv neft quyularının sayının artması, nəticədə neftin yenidən sərt ucuzlaşması baş verə bilər. Məhz sammit iştirakçısı olan ölkələr də bu məsələyə ehtiyatla yanaşır və cari bazar paylarının ABŞ şirkətləri tərəfindən tutulmasından ehtiyatlanır. Bu səbəbdən aprel sammitindən müsbət bir nəticənin çıxması gözlənilmir və sammitdən sonra neftin qiymətinin 30 dollar/barelə qədər azalması mümkündür".

Son xəbərlər

Orphus sistemi