Bakı. 5 may. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiyməti son 4 iş günündə 10%-dən çox azalıb. "Report"un analitik qrupu xəbər verir ki, bunun səbəbi ABŞ-da gündəlik neft hasilatının 22-28 aprel həftəsində 28 min barel və ya 0,3% artaraq 9,293 mln. barel təşkil etməsi ilə yanaşı ölkədəki neft ehtiyatlarında azalmanın gözləntilərdən az olması ilə bağlıdır. Son aylarda neft bazarındakı müşahidələr onu göstərir ki, neftin 55-60 dollar/barel səviyyəsi ABŞ-da şist neft hasilatını artırmağa davam edir. Bunun əvəzində isə OPEC və ona üzv olmayan ölkələr öz hasilatlarını azaltmağa məcbur olur. Neft bazarında bu vəziyyət uzun müddət davam etməyəcəyindən qiymətlər aşağı düşməyə başlayıb. Belə ki, neft 55-60 dollar/barel səviyyəsində qalarsa, ABŞ hasilatı artıraraq digər ölkələrin neft bazarında payını almış olacaq.
"Report"un analitik qrupu xəbər verir ki, hazırda OPEC və ona üzv olmayan ölkələr ABŞ-da neft hasilatının səngiməsi üçün neft qiymətlərinin optimal səviyyəsini axtarırlar: "Bu səviyyənin 48-52 dollar/barel olacağı proqnozlaşdırılır. Yaxın günlərdə neft qiymətləri ABŞ-da hasilatın sabitləşəcəyi həddi tapacaq. Bazar araşdırmaları göstərir ki, neft qiymətləri yaxın bir ildə təxminən 42-52 dollar/barel dəhlizində hərəkət edəcək".