Bakı. 5 may. REPORT.AZ/ Qlobal neft bazarında qiymətlərdə müşahidə olunan volatillik Azərbaycanda iqtisadi artım tempinin yüksəlməsinə mane olur. "Report"un analitik qrupu bildirir ki, neftin qiymətinin son 4 iş günü ərzində 10%-dən çox geriləməsi neft bazarında sabitliyin hələ də bərpa olunmadığından xəbər verir. Bu səbəbdən Rusiya və Qazaxıstan kimi neft ölkələri, həmçinin Azərbaycan iqtisadi artımı dəstəkləyən əsas amil - dövriyyədə olan pul kütləsinin həcmini artıra bilmir.
Qeyd edək ki, Azərbaycanda dövriyyədə olan pul kütləsinin həcmi mart ayının 1-nə 6 534,3 mln. manat təşkil edib və bu, 2014-cü ilin iyul ayındakı tarixi rekord səviyyə - 11 144,4 mln. manatdan 41,4% azdır. Pul kütləsinin artırılması isə ilk növbədə idxalı artıraraq tədiyyə balansına mənfi təsir göstərir. Həmçinin, izafi pul kütləsi böhran durumunda xarici valyutaya tələbi artırır.
"Report"un analitik qrupu yaxın illərdə neft bazarında sabitliyin bərpa olunacağını düşünmür: "Proqnozlaşdırılan real variant isə neft ölkələrinin 25 dollar/barel qiymət səviyyəsinə uyğun büdcə hazırlamasıdır. Neftin qiymətinin orta hesabla 25-50 dollar/barel səviyyəsində hesablanması və buna uyğun iqtisadiyyatın qurulması zəruridir". Agentliyin analitikləri hesab edirlər ki, yaxın bir il ərzində neft qiymətlərinin 50 dollar/barel səviyyəsinə yaxın olması ehtimalı yüksəkdir. Lakin 2018-ci ildən neft qiymətlərində yenidən azalma başlaya bilər. Bu səbəbdən dövriyyədə olan pul kütləsinin cari səviyyədə sabit saxlanması və aşağı iqtisadi artım tempi qaçılmazdır.