“Report”: Neft bazarında durğunluq müşahidə edilir - ANALİTİKA

“Report”: Neft bazarında durğunluq müşahidə edilir - ANALİTİKA Buna səbəb Rusiya və Səudiyyə Ərəbistanı hökumətlərinin açıqlamaları, ABŞ-ın İrana qarşı sanksiya xəbərlərinin səngiməsidir
Analitika
31 May , 2018 16:59
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ Təxminən, 1 həftə bundan əvvələ qədər dünya bazarında neftin 1 bareli 80 ABŞ dollarına qədər bahalaşdı. Hazırda isə əmtəə birjalarında qiymət 77-78 dollar arasında dəyişir.

“Report”un analitik qrupu bunu neft bazarında durğunluğun müşahidə edilməsi kimi qiymətləndirir.

Xatırladaq ki, kəskin qiymət artımına səbəb ABŞ-ın İranla bağlı sazişdən çıxması, bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə qərar verməsi idi. Digər tərəfdən isə dünyanın aparıcı neft ixracatçılarından olan Venesuelada iqtisadi böhranın dərinləşməsi bu ölkədə “qara qızıl” sənayesini təhlükə altında qoya bilər. Bu isə neft bazarında təklifin nəzərəçarpacaq dərəcədə azalması deməkdir.

Nəzərə almaq lazımdır ki, son vaxtlar dünyada neftə tələbat, demək olar ki, azalmır, əksinə artır. Bu, dünya iqtisadiyyatının gözləniləndən çox böyüməsi ilə bağlıdır. Məsələn, təkcə Avropa İttifaqı ölkələrində ötən il iqtisadi artım 2,4% təşkil edib ki, bu da əvvəlki ilə nisbətən, təxminən, 0,4 faiz bəndi çoxdur.

Bununla belə, son günlər Rusiya və Səudiyyə Ərəbistanı hökumətlərinin neft istehsalının həcmini artıra biləcəkləri barədə açıqlamaları qiymətlərdə müəyyən qədər azalmaya səbəb olub. Eyni zamanda ABŞ-ın İrana qarşı sanksiya xəbərlərinin səngiməsi də neftin bahalaşmasını dayandırıb. Çünki investorların bazarda tələbin təklifi üstələyəcəyi ilə bağlı gözləntiləri azalıb. 

Son xəbərlər

Orphus sistemi