"Report": Manat mərhələli şəkildə ucuzlaşdırılmalıdır

"Report": Manat mərhələli şəkildə ucuzlaşdırılmalıdır Ekspertlər: Hazırkı mərhələdə liberal məzənnə siyasətinin tətbiqi Azərbaycan üçün məqsədə uyğun deyil
Analitika
9 Sentyabr , 2016 16:39
Report: Manat mərhələli şəkildə ucuzlaşdırılmalıdır

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanın valyuta bazarında son həftələrdə yaranan ajiotaj manatın məzənnəsinin gələcəyi ilə bağlı müxtəlif fikirlərin ortaya çıxmasına səbəb olub. 

"Report"un analitik qrupu hesab edir ki, manatın məzənnəsi üçün ən ideal variant mərhələli şəkildə 40-50% devalvasiyanın həyata keçirilməsi yolu ilə iqtisadi fəallığın cari şəraitə uyğunlaşdırılmasıdır. 

"Yəni, neft satışından əldə olunan gəlirlərin büdcə performansı daxil olmaqla tədiyyə balansı, əhalinin real gəlirləri ilə turizm sektorunun inkişafına uyğunlaşdırılması həyata keçirilməlidir. Təbii ki, manatın carı məzənnəsi ölkəyə axan valyuta ilə müqayisədə çox yüksəkdir. Bu, özünü dollara olan tələbdə göstərir. Azərbaycan manatı, dollara tələb azalanadək ucuzlaşdırılmalıdır. Əlbəttə, bu, aztəminatlı əhali üçün bir qədər çətin keçid prosesi olacaq, lakin burada hökumətin həmin kateqoriyaya dəstəyi mütləqdir", - deyə analitiklər qeyd ediblər.

Bununla yanaşı, "Report"un ekspertləri bildirirlər ki, bəzi hallarda təklif olunan liberal məzənnə siyasətinə keçidin ciddi fəsadları ola bilər: "Məzənnənin nəzarətsiz buraxılması spekulyativ təzyiqlər yarada bilər. Bir anda dolların məzənnəsi düşünmədiyimiz həddə qədər yüksələ və bazarın böyük oyunçuları məzənnəni istədikləri kimi istiqamətləndirə bilər. Azərbaycan reallıqlarında böyük valyuta gəliri olan tək qurum Dövlət Neft Fondu (ARDNF) olduğu üçün, digər oyunçuların bazara təsir imkanları məhduddur. Bu da qısa müddət ərzində məzənnənin kəskin hərəkət etməsinə, nəticədə Azərbaycan Mərkəzi Bankının (AMB) müdaxiləsinə səbəb olacaq. Belə ki, AMB-nin əsas vəzifəsi qiymətlərin və ya manatın sabitliyini qorumaqdır".

Bunun üçün analitik qrup hesab edir ki, manatın məzənnəsinin mərhələli şəkildə, amma mütləq ucuzlaşdırılması təmin edilməlidir: "Əks halda, dollara tələb yüksək səviyyədə qalacaq. Dollar elə bil məzənnəyə sahib olmalıdır ki, əhali istədiyi qədər onu ala bilsin və banklarda onun satışı kifayət qədər təmin edilsin. Hazırda isə məzənnə bu səviyyədə deyil. Hazırkı manat kütləsinə uyğun olaraq məzənnənin 2,20 AZN/USD olması zəruridir. Proqnozlaşdırdığımız məzənnə sonradan bankların manatla kreditləşməni bərpa etməsi prosesini sürətləndirməli, bu da öz növbəsində iqtisadi canlanmaya gətirib çıxarmalıdır. Təbii ki, manatla kreditlərin faizləri də ciddi şəkildə aşağı salınmalıdır. Manatın məzənnəsinin ucuzlaşdırılması bankların sağlamlaşdırılmasından sonra həyata keçirilməlidir".

Qeyd edək ki, bu gün Londonda çıxış edən Ukrayna Mərkəzi Bankının sədr müavini Oleq Çuriy qeyd edib ki, ölkədə valyuta məzənnəsinin liberallaşdırılması "tədricən və ehtiyatla" aparılacaq: "Bu, çox çətin məsələdir. Biz maliyyə sabitliyini və dolayı təsirləri nəzərə almalıyıq". Xatırladaq ki, sentyabrın 7-də Ukrayna milli valyutası - qrivnanın dollarla müqayisədə məzənnəsi 26,84-ə yüksəlib və bu il fevralın 26-da qeydə alınan maksimal məzənnəyə (27,24 UAH/USD) yaxınlaşıb.

Son xəbərlər

Orphus sistemi