Bakı. 30 aprel. REPORT.AZ/ Ötən həftənin cümə günü ABŞ dollarının məzənnəsi son il yarım ərzində ən yüksək artım nümayiş etdirib.
“Report”un analitik qrupu bildirir ki, son nəticədə Amerika valyutası həftə ərzində 1,5% bahalaşıb, onun digər aparıcı dünya valyutaları qarşısında məzənnəsini müəyyən edən dollar indeksi isə 0,3% artaraq 91,9-a yüksəlib.
Bu isə həm Avropa Mərkəzi Bankının ötən həftə uçot dərəcəsini sabit saxlaması, həm də ABŞ-ın xəzinə notlarının gəlirliliyinin psixoloji həddi (illik 3%) üstələməsi ilə bağlıdır.
Hazırkı bazar tendensiyaları göstərir ki, əvvəllər daha yüksək faiz dərəcələri vəd edən, sürətlə böyüyən, özünü bərpa edən iqtisadiyyatlara qoyulmuş investisiyalar artıq ABŞ iqtisadiyyatına yönəlir. Son nəticədə valyuta bazarında dollara tələbat digər pul vahidlərinə olan tələbatı üstələyir. Digər tərəfdən isə ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) bu il uçot dərəcəsini bir neçə dəfə yüksəldəcəyi barədə olan xəbərlər də dollara marağı artırır və onu bahalaşdırır.
Maraqlıdır ki, ABŞ dollarının dəyər qazanması fonunda onun məzənnəsinə bağlı əmtəələrin qiyməti də artmaqdadır. Məsələn, hazırda dünya bazarında neftin qiyməti 2014-cü ildən bəri ən yüksək həddədir. “Qara qızıl”ın dollarla eyni vaxtda bahalaşması neft idxal edən ölkələrin iqtisadiyyatına mənfi təsir edə bilər. Çin, Cənubi Koreya, Tayvan və Braziliya da daxil olmaqla 24 inkişaf etməkdə olan ölkənin böyük və orta ölçülü müəssisələrinin səhmlərinin qiyməti əsasında formalaşan MSCI indeksi ötən həftə 1,3% azalıb. Bu da güclənən ABŞ iqtisadiyyatının digər iqtisadiyyatların vəziyyətinə mənfi təsir etdiyini göstərir.