Bakı. 30 mart. REPORT.AZ/ Rusiyalı iqtisadçı Nikolay Kondratyevin "dalğa"larına və nəzəriyyəsinə əsasən, qlobal iqtisadiyyatda canlanma, təxminən, 2025-ci ildə başlayacaq.
"Report"un analitik qrupu bildirir ki, dünya iqtisadiyyatında tsiklları müəyyənləşdirən ən tanınmış alimlərdən birinin "dalğa"ları iqtisadiyyatda önəmli dəyişiklikləri əks etdirir.
Kondratyevin dünya iqtisadi konyunkturası tsikllarının klassik nəzəriyyəsi, Brodelin dünya-iqtisadiyyat nəzəriyyəsi və Vallerstaynın dünya sistemləri nəzəriyyəsi qlobal iqtisadiyyatı geosiyasət və sosiologiya ilə birləşdirərək geoiqtisadiyyata önəmli töhvə verib. Kondratyevin tsiklları 40-50 ili əhatə edir. Tsiklik dalğa 4 mərhələdən - resessiya, depressiya, canlanma və inkişaf dövründən ibarətdir.
Ən son "dalğa"nın başlanğıc tarixi 2000-ci illərə təsadüf edir və bu dövrdən etibarən dünyada başlayan resessiya, 2014-cü ilə qədər davam edib, hazırda dalğanın depressiya dövrüdür və bu dövrün 2025-ci ilə qədər davam etməsi gözlənilir. 2025-ci ildən etibarən 25 illik dövr ərzində dünya iqtisadiyyatında canlanma və inkişaf olacağı ehtimal edilir.
Qeyd edək ki, N.Kondratyevin 50 il davam edən tsikllarının müddəti əsas kapitalın passiv hissəsinin yenilənməsi ilə izah olunur. Dalğaların əsasını elmi-texniki tərəqqi təşkil edir ki, bunun nəticəsində məcmu istehsalın strukturu dəyişir.