Bakı. 14 noyabr. REPORT.AZ/ Dünya bazarında neftin ucuzlaşması bu ilin dekabr və gələn ilin yanvar ayları üzrə fyuçers qiymətlərinə də təsir etməkdədir. Son günlər ucuzlaşma, təxminən, 20%-dir.
“Report”un analitik qrupu xatırladır ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) son görüşündən sonra əmtəə birjalarında “qara qızıl” sürətlə bahalaşmış və qiymətlər ötən ayın əvvəlində 52 həftəlik rekordu yeniləmişdi.
Bahalaşmada ABŞ-ın ixrac etdiyi neftin həcminə görə OPEC-də 3-cü olan İrana qarşı sanksiyaları da rol oynamışdı.
Bununla belə, İslam Respublikasından neft idxal edən 8 ölkəyə qarşı münasibətin yumşalması, yəni onların sanksiyalardan kənarda qalması neft bazarındakı qiymətlərdə tarazlıq yaradıb. Bundan başqa, qlobal iqtisadi aktivliyin azalacağı ilə bağlı səslənən ehtimallar (o cümlədən Beynəlxalq Valyuta Fondunun aparıcı iqtisadiyyatlarla bağlı proqnozlarını pisləşdirməsi), bəzi analitiklərin İranın sanksiyalara baxmayaraq, dünya bazarındakı mövqeyindən əl çəkməyəcəyi barədə səsləndirdikləri fikirlər, eləcə də dünyanın neft nəhəngi sayılan Səudiyyə Ərəbistanının gələn ay gündəlik neft hasilatının həcmini 500 min barel azaldacağı ilə bağlı bəyanatı, OPEC-ə daxil olmayan Rusiyanın gündəlik neft ixracının həcmini azaltmaq barədə niyyəti, ABŞ Prezidenti Donald Trampın “Ümid edirəm, OPEC neftin təklifini azaltmayacaq. Hazırkı təkliflə qiymətlər daha da aşağı olmalıdır” açıqlaması neftin ucuzlaşmasını stimullaşdırıb.