“Report”: Dünya bazarında alüminiumun ucuzlaşması müvəqqətidir - ANALİTİKA

“Report”: Dünya bazarında alüminiumun ucuzlaşması müvəqqətidir - ANALİTİKA Yüngül metalın 1 tonunun qiyməti 1 900 dollardan aşağı düşüb
Analitika
27 Dekabr , 2018 16:08
“Report”: Dünya bazarında alüminiumun ucuzlaşması müvəqqətidir - ANALİTİKA

Bakı. 27 dekabr. REPORT.AZ/ Dünya bazarında alüminium ucuzlaşmaqdadır.

“Report” “Bloomberg” agentliyinə istinadən bildirir ki, hazırda London Metal Birjasında 1 ton alüminiumun qiyməti 1 900 ABŞ dollarına yaxındır. Halbuki, ötən ilin sonunda qiymət 2 300 dollara yaxın, bu ilin aprel ayında isə 2 500 dollardan yüksək olub.

“Report”un Analitik qrupu hesab edir ki, alüminiumun ucuzlaşması müvəqqətidir, çünki ona tələbat getdikcə artır və ümumi tendensiya bu yüngül metalın bahalaşması istiqamətindədir. 2019-cu ildə 1 ton alüminiumun orta qiyməti 2 000 dollardan az olmayacaq. Qiymətlərin indiki kimi ara-sıra azalmasına isə bazar iştirakçıları – alüminiumu ixrac və idxal edənlər çoxdan adət ediblər və bunun bir sıra səbəbləri var.

Məsələn, bu ilin yanvar-oktyabr aylarında dünya üzrə alüminium ixracının dəyəri 55,9 mlrd. ABŞ dolları təşkil edib. Bu, 5 il əvvəllə müqayisədə 22% çox olsa da, təkcə son 1 il üzrə artım 26%-dir. Təklifin birdən-birə bu qədər yüksəlməsi istər-istəməz alüminiumu ucuzlaşdırır və onun əsas idxalçısı olan ABŞ-ın daha sərfəli qiymətlə və daha çox metal əldə etməsinə imkan verir. Qeyd edək ki, bu ilin 10 ayı ərzində ABŞ ərinmiş alüminiumun idxalını 6,3%, lövhə şəklində olan alüminiumun idxalını isə 4,6% artırıb.

Qiymətlərin azalması həm də siyasi gedişlərlə bağlı ola bilər. ABŞ hökuməti Rusiyanın alüminium nəhəngi “RusAl” şirkətinə və onun rəhbəri Oleq Deripaskinin şirkətlərinə qarşı sanksiyaların aradan qaldırılacağını istisna etməyib. Bu isə istər-istəməz investorlarda yüngül metalın təklifinin artacağı ilə bağlı fikir formalaşdırıb və onları satışlara başlamağa stimullaşdırıb, ucuzlaşmaya təkan verib.

Bundan başqa, alüminium istehsalçılarının innovativ addımları və bu addımlar hesabına ortaya çıxan məhsulun maya dəyərinin azalması da bazarda ucuzlaşmaya səbəb olur. 

Son xəbərlər

Orphus sistemi