Bakı. 29 aprel. REPORT.AZ/ ABŞ-da iqtisadi artım tempinin 2016-cı ilin ilk rübündə gözlənilən 0,7%-ə qarşı 0,5% səviyyəsində açıqlanması dünya valyuta bazarında dolların məzənnəsini zəiflədib. "Report" xəbər verir ki, ABŞ-da açıqlanan son iqtisadi göstəricilərin proqnozlardan aşağı olması Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı ehtimalları da azaldıb. Belə ki, fyuçers kontraktları faizlərin ən yaxşı halda dekabrda artırılacağını göstərir.
FES-in uçot dərəcəsini artırmaq qərarının gecikməsi isə dolların qlobal valyuta bazarında zəifləməsinə səbəb olub. Əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsi 1,14 səviyyəsinə yüksəlib.
"Report"un analitik qrupu qeyd edir ki, valyuta bazarlarındakı dəyişikliklər xammal bazarlarına ciddi təsir edir və dolların uczlaşması prosesinin davam edəcəyi gözlənilir: "Öz növbəsində, dolların ucuzlaşması neft və qızılın qiymətinin artmasına səbəb olub. Qızılın qiyməti son iki gündə 2,4% artaraq 1 275 dollar/unsiyaya yüksəlib. Qızılın bahalaşması Avrozona və Yaponiyada faizlərin mənfi olması, FES-in faizləri artırmaması, hətta azaltması ehtimalları nəticəsində baş verib. Qlobal bazarların qeyri-müəyyənliyi və alternativ investisiya alətlərinin riskli olması 2016-cı ildə qızılın artım trendini qoruyacaq".
ABŞ dollarının digər valyutalarla müqayisədə devalvasiyası nəticəsində neftin qiyməti bu ölkələr üçün dollar ekvivalentində ucuzlaşıb. ABŞ-da aktiv neft quyularının sayı keçən həftə 8 ədəd və ya 2,3% azalaraq 343 ədədə enib. Ümumiyytlə, son bir il ərzində ABŞ-da aktiv neft-qaz quyularının sayı 501 ədəd və ya 53,7% azalıb. "Brent" markalı neftin qiyməti dünən, aprelin 28-də 48 dollar/barelə yüksəlib və 2016-cı ilin maksimal həddinə çatıb. Yanvar ayında maliyyə bazarlarındakı böhran zamanı 27,1 dollar/barelə qədər enən neft hazırda minimal həddən 77% baha satılır.
Qeyd edək ki, bu gün "Baker Hughes" konsaltinq şirkətinin ABŞ-dakı aktiv neft quyularının sayı barədə yeni, həftəlik hesabatı açıqlanacaq. Hesabatda neft quyularının bir qədər azalması ehtimal edilir. "Report"un analitik qrupu ABŞ dollarının zəifləməsi fonunda neft qiymətlərinin 53 dollar/barelə qədər yüksələcəyini ehtimal edir.