Bakı. 21 noyabr. REPORT.AZ/ "ABŞ dollarının son günlərdə möhkəmlənməsi Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini dekabrın 13-14-də keçiriləcək iclasda artırması ilə bağlı olduğu məlumdur".
"Report"un analitik qrupu xəbər verir ki, hazırda bu qərarla bağlı ehtimallar 96%-ə yüksəlib. Bu ehtimallar öz əksini əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsinin son iki həftədə 5% ucuzlaşmasında artıq biruzə verib.
"Bundan sonra USD/EUR cütlüyünün taleyi ABŞ-ın qərarlarından çox, Avropa İttifaqında (Aİ) baş verən siyasi proseslərlə əlaqəli olacaq. Belə ki, yaxın günlərdə Aİ-nin Almaniyadan sonra iki əsas ölkəsi - Fransa və İtaliyada keçiriləcək seçki və referendum avronun məzənnəsinə birbaşa təsir göstərəcək. Belə ki, Fransada qatı sağçı partiyanın lideri Marin Le Penin prezident seçkilərində populyarlığı artıb. O, prezident seçilərsə Fransanın Aİ üzvlüyünü referendumda səsverməyə çıxaracağını bildirib.
Ümumiyyətlə, dünyada populist hərəkatlar yenidən gündəmə gəlib. İtaliyada da dekabrın 4-də keçiriləcək referendumda parlament islahatları səsə qoyulacaq. Referenduma hazırkı Baş nazir Matteo Renziyə dəstək verilməzsə, o, istefaya gedəcəyini bildirib. Fransada Marin Le Penin bazar günü prezident seçkilərinin II turunda qalib olması və ya İtaliyada islahatların dəstəklənməməsi durumunda avronun məzənnəsi ciddi mənfi dəyişikliyə uğrayacaq", - deyə analitiklər qeyd ediblər.
Məlumat üçün bildirək ki, USD/EUR məzənnəsi 2016-cı ildə 1,0456 həddinə qədər geriləyib. Avropadakı siyasi proseslər məzənnənin bu səviyyədən aşağı düşməsinə gətirib çıxara bilər. Bu da məzənnəni son 14 ilin minimal səviyyəsinə çatmasına səbəb olacaq. Ümumiyyətlə, yaxın bir neçə ildə Avropada siyasi proseslərin mənfi təsiri daha da güclənəcək və hətta Aİ-nin parçalanması həddinə gətirib çıxara bilər. Nəticədə, avronun məzənnəsi 0,80-0,85 dollar diapazonuna enəcək.