Bakı. 30 noyabr. REPORT.AZ/ Təxminən, 5 ay bundan əvvələ qədər dünya bazarında misin 1 funtunun (təxminən, 450 qramının) qiyməti 3-3,2 ABŞ dolları arasında dəyişirdi. Hazırda isə əmtəə birjalarında bu metal 2,6-2,8 dollar arasında realizə edilir.
“Report” analitik qrupu hesab edir ki, buna səbəb mis bazarındakı çatışmazlığın aradan qaldırılmasıdır. Belə ki, bu ilin I yarısında bu bazarda tələb təklifdən, təxminən, 6 min ton çox olsa da, ilin II yarısında başlayaraq mis istehsalçıları bazara, təqribən, 94 min ton əlavə məhsul çıxarıblar. Son nəticədə qiymətlərdə 10-15% azalma baş verib.
Misin ucuzlaşıb-bahalaşması həm də London Metal Birjasının (LME) anbarlarında bu metaldan nə qədər olmasından asılıdır. Məsələn, Beynəlxalq Metal Statistikası Bürosunun məlumatına görə, bu ilin sentyabr ayının yekununda anbarlardakı misin həcmi ötən ilin sonuna nisbətən 60-70 ton az olub. Azalma istər-istəməz bazar iştirakçılarına psixoloji baxından təsir edir və qiymətlərin kəskin aşağı düşməsinə imkan vermir.
Bu ilin yanvar-sentyabr aylarında dünya üzrə mis hasilatı 15,36 mln. ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur. Böyük ehtimalla bu ilin yekununda mis hasilatında (həm də ixracında) ciddi artım olmayacaq və dünya bazarında qiymət indiki səviyyədə qalacaq. Əgər gələn ay bazarda təklifin nəzərəçarpacaq dərəcədə artımı müşahidə edilərsə, növbəti ildən misin bir qədər də ucuzlaşması, onun 1 funtunun qiymətinin 2,5 dollardan aşağı olması istisna deyil.