Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da sentyabr ayı üzrə pərakəndə satış və inflyasiya göstəricisi açıqlanacaq. "Report" xəbər verir ki, inflyasiyanın səviyyəsindən asılı olaraq, dolların məzənnəsi ilin sonuna qədər öz hərəkət trayektoriyasını müəyyənləşdirəcək. Xatırladaq ki, dünən ABŞ-da istehsal qiymətləri indeksi gözləniləndən artıq olub və 0,4% təşkil edib. Həmçinin, işsizlik müavinəti üçün müraciətlər son 44 ilin minimal səviyyəsinə enib və 243 min nəfər təşkil edib.
"Report"un analitik qrupu dünən açıqlanan müsbət göstəricilərin dolların məzənnəsinə təsirinin bugünkü inflyasiya göstəricisinin açıqlanmasından sonra olacağını bildirir. Əgər inflyasiya göstəricisi 0,2% proqnozdan artıq olarsa, dollar sürətlə möhkəmlənəcək. Əks halda, dolların ucuzlaşmağa davam edəcəyi və bu prosesin 2018-ci ilin ilk yarısının sonuna qədər davam edəcəyi mümkündür.
"Analitik təhlillər onu deməyə imkan verir ki, istehsal qiymətləri indeksinin artması bugünkü inflyasiya göstəricisinə də müsbət təsir edəcək. ABŞ-da qasırğalar səbəbindən benzin qiymətlərinin artması və saathesabı əmək haqqının yüksəlməsi inflyasiyanın artmasına səbəb olacaq. Əgər inflyasiya göstəricisi proqnozları üstələsə, FED-in dekabrda uçot dərəcəsini artırması dəqiqləşəcək. Bu da öz növbəsində əsas valyuta cütlüyü olan avro/dolların ilin sonuna qədər 1,14 USD/EUR səviyyəsinə kimi geriləməsinə gətirib çıxaracaq", - deyə analitiklər əlavə ediblər.
Qeyd edək ki, hazırda USD/EUR 1,1830 səviyyəsində qərarlaşıb.