Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanda iqtisadi fəallığın artmamasının əsas səbəbi dollarlaşmanın yüksək səviyyəyə çatması, manat vəsaitlərinin xarici valyutaya çevrilməsi ilə bağlıdır.
"Report"un analitik qrupu hesab edir ki, bunun qarşısının alınması üçün ilk növbədə milli valyutaya inam bərpa olunmalıdır: "Gördüyümüz kimi, dollar əmanətləri üzrə bank faizlərinin minimal səviyyədə olması belə manata dönüş yarada bilməyib. Nəticədə manatla pul kütləsi 2014-cü ilin noyabr ayında olan maksimal həddindən 50,4% azalaraq 2016-cı il martın 1-nə 8,686 mlrd. manata enib".
Agentliyin analitikləri qeyd edirlər ki, 2015-ci ildə baş verən iki devalvasiya dollarlaşmanın dərəcəsini artırıb. Belə ki, 2016-cı il martın 1-nə manatla depozitlər 4,179 mlrd. manat, xarici valyutada depozitlər isə 17,107 mlrd. manata çatıb. Yəni dollarlaşma dərəcəsi 80%-i ötüb. İqtisadiyyatın canlanması, iqtisadi fəallığın artması üçün isə manat kütləsinin artırılması zəruridir. Lakin Azərbaycan Mərkəzi Bankı (AMB) hələ buna nail ola bilmir.
"Keçən həftə Maliyyə Bazarlarına Nəzarət Palatası AMB-nin bu strategiyasını dəstəkləyib və bunu əlavə pul kütləsinin inflyasiyanı stimullaşdırması, idxalı artırması, valyutaya tələbin yüksəlməsi və nəticədə valyuta ehtiyatlarının tükənməsi təhlükəsi ilə əlaqələndirib", - deyə ekspertlər əlavə ediblər.
"Report"un analitik qrupu qeyd edir ki, devalvasiya baş verən ölkələrdə milli valyutaya inamın bərpası prosesi orta hesabla 4-5 il vaxt aparır. Bu isə iqtisadi artım tempinin bu müddət ərzində zəifləməsi, aşağı düşməsinə gətirib çıxarır. Vəziyyətdən çıxış yolu xarici valyuta vəsaitlərinin milli valyutaya çevrilməsindədir ki, bu da ancaq sabit valyuta rejimində baş verə bilər.
"AMB hazırda "üzən məzənnə" rejimi tətbiq etdiyi üçün təbii ki, milli valyutaya keçid baş vermir. Bu zaman AMB-nin kommersiya bankları ilə razılaşması zərurəti yaranır. Xarici valyutada olan əmanətlərin müqabilində kommersiya bankları AMB-dən manat kütləsi cəlb etməklə kreditləşməni, yəni pul kütləsini və iqtisadi fəallığı artıra bilər. Bir sözlə, bu dəfə də bank sektoru riskə getməli və iqtisadi fəallığa nail olmalıdır. Qeyd edək ki, AMB-dən manat kütləsi faizsiz, sabit məzənnə ilə cəlb edilməli və müştərilərə güzəştli şərtlərlə təqdim olunmalıdır. Çünki hazırda xarici valyutada olan əmanətlər üzrə gəlirlik orta hesabla illik 3%-ə yaxındır. Kreditlərin isə əsasən biznes layihələrə verilməsi və bu layihələrə dövlət tərəfindən ilkin mərhələdə dəstək olunması vacibdir", - deyə analitiklər vurğulayıblar.