Dünyanın aparıcı kriptovalyutalarından sayılan bitkoinin qiymətinin yenidən 5 min ABŞ dollarına çatması aktiv müzakirələrə yol açıb. İqtisadçı-ekspertlər bahalaşmanın təbii və yaxud süni olması barədə müxtəlif fikirlər yürüdürlər.
“Report”un Analitik qruru hesab edir ki, bitkoinin bahalaşmasına əsas yoxdur, onun indiki qiyməti sünidir və tədricən yenidən aşağı düşəcək.
Məsələ ondadır ki, bir neçə gün bundan əvvəl bir alıcı tərəfindən kriptovalyuta bazarından 100 mln. dollarlıq bitkon alınıb və bu, investorlar arasında canlanma yaradıb, bitkoin almaq istəyənlərin sayı artıb. Paralel olaraq bazar iştirakçılarının ehtiyatlı davranışı müşahidə edilib. Məsələn, həmin gün 1 saat ərzində 25 minə yaxın bitkoin birbaşa və yaxud sinxron rejimdə “əl dəyişdirib”. Bu isə kriptovalyutaya pul yatırmış investorların “zərərin yarısından qayıtmaq” cəhdləri kimi qiymətləndirilə bilər. Maliyyə alətinə bu cür münasibət qiymət artımının uzun müddət davam etməyəcəyindən və bitkoinin yenidən ucuzlaşacağından xəbər verir.
Yeri gəlmişkən, son 24 saat ərzində bitkoinin qiymətindən 4%-dən çox azalma qeydə alınıb. Hazırda kriptovalyutanın qiyməti 5 040 dollardır.